Tələbə kreditləri-biri yaxşı deyir, biri pis..backend

Tələbə kreditləri-biri yaxşı deyir, biri pis..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ölkələrdə maddi baxımdan təhsil almaqda çətinlik çəkən tələbələrə kreditlər verilir. Bu cür kreditlərin illik faiz dərəcəsi ya olmur, ya da 2-3 faizlə verilir. Azərbaycanda da bu istiqamətdə uzun müddətdir ki, müzakirələr gedirdi. Uzun müzakirələrdən sonra Azərbaycanda da bu istiqamətdə addım atıldı. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən tələbələrə təhsillərini davam etdirə bilmələri üçün iki növ – standart paketlə və güzəştli şəkildə kreditin verilməsi təklif olunub.

Bu barədə mətbuata açıqlamasında fondun icraçı direktoru Rüfət Mahmud deyib. Onun sözlərinə görə, güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Güzəştli kreditdən ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslər ala biləcək. Güzəştli kreditlərin daha uzunmüddətli və daha aşağı faiz dərəcəsi ilə verilməsi təklif olunur. İllik kreditin miqdarı 4 min manata qədərdir. Ümumilikdə, 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər.

Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Xatırladaq ki, fond dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyələşəcək.

Kreditlər illik 8%-lə hesablanacaq. Fond tələbəyə 10 illik kredit verəcək.

Maraqlıdır, bu cür təşəbbüs yaxşı olsa da onun şərtləri tələbələrin büdcəsinə uyğun olacaqmı?
İqtisadçı ekspert Natiq Cəfərli kreditin faiz dərəcəsinin çox yüksək olduğunu dedi: “Azərbaycan hökuməti beynəlxalq praktikanı öyrənsəydi bilərdi ki, tələbə kreditləri bir çox ölkələrdə demək olar ki, faizsiz olur. Maksimal olaraq 2 faiz olur və tələbə oxuduğu müddətdə bu faiz hesablanmır. Ancaq oxuyub bitirdikdən sonra, işləyəndə faiz hesablanır. Yəni bu, dünyada qəbul olunmuş bir praktikadır. Bir problem də ondan ibarətdir ki, Azərbaycanda işsizlik çox geniş yayılıb. Universitet tələbələrinin əksəriyyəti universiteti bitirdikdən sonra iş tapa bilmirlər. Bunun üçün də Azərbaycanda yüksək faizli bu cür praktikanın tətbiq olunması sonradan böyük problemlər yaradacaq. Bu krediti geri verə bilməyən tələbələr üçün problemlər yaranacaq və geri dönüşü çətin bir hala gələcək. Ona görə də belə bir sistemlə tələbə kreditlərinə kommersiya nöqteyi-nəzərindən yanaşmaq doğru deyil. Bu, gələcəkdə problemlərin artmasına gətirib çıxaracaq. Ona görə də Azərbaycan hökuməti belə bir praktikaya əl atmazdan öncə beynəlxalq təcrübəni öyrənməli idi”.

Ekspert bildirdi ki, Azərbaycanda burs sistemi tətbiq olunmalı idi: “Türkiyədə, Avropada, Afrikada tətbiq olunan burs sistemi Azərbaycanda da tətbiq olunmalı idi. Böyük şirkətlər yaxşı tələbələrə özləri burs verirlər və onların oxudulmasını öz üzərlərinə götürürlər. Azərbaycanda bu sistem də yoxdur. Ona görə indiki təqdim olunan şərtlər çərçivəsində tələbə kreditlərinin verilməsi ciddi effekt yaratmayacaq və bu daha sonra problemli kreditlərin artmasına səbəb olacaq. Yəni bir çox hallarda həmin kreditlərin geri ödənişi mümkün olmayacaq. Ona görə də bu yanaşma ilə tələbə kreditlərinin həyata keçirilməsi doğru deyil”.

Təhsil Şurasının sədri Əjdər Ağayev isə bunun alqışa layiq bir addım olduğunu dedi: “Azərbaycanda 10 ali məktəbin birləşərək tələbələrə kredit verilməsini qərarlaşdırması ilk təşəbbüsdür və bunu ilk təşəbbüs olaraq da alqışlamaq lazımdır. İnkişafın səviyyələri var. İnkişaf ilk təşəbbüs olaraq başlayır və bundan sonra yeni keyfiyyətlər qazanır, yeni mərhələyə keçir. Yəni xaricdə olan 3-cü, 4-cü mərhələni bizim birinci mərhələ ilə müqayisə etmək düzgün deyil. Biz hələ təzə təşəbbüs etmişik və bunu alqışlayırıq. Sosial təminata ehtiyacı olan insanlar var ki, onların əksəriyyəti qabiliyyətli oxuyanlardır. Şərtlərdən də bilindiyi kimi, tələbə ən azı 71 bal yığmalıdır ki, ona kredit versinlər. Həm də ehtiyacı olmalıdır. Bu kreditlərin verilməsində birinci məqsəd sosial ehtiyacı olanları təmin etməkdir, ikincisi isə bu artıq stimuldur. Ona görə də tələbələr arasında yarış yaranacaq.

Tələbələr rəqabətə çıxacaq. Çalışacaqlar ki, çox bal yığsınlar ki, kredit ala bilsinlər. Xüsusən də sosial ehtiyacı olan tələbələr. Əgər tələbə buna çalışacaqsa, deməli, o, keyfiyyətli kadr kimi yetişə biləcək. Banklar kredit verəndə onu işlədikdən sonra geri alacaq. Belə olan təqdirdə isə onların işləmələri ilə maraqlanacaq ki, işlə təmin olunsunlar. Görürsünüzmü bunun faydası gəlib haralara çıxır. Yəni Azərbaycanda olan bu ilki 8 faiz olmasına baxmayaraq təqdir etməliyik, uğur diləməliyik ki, genişlənsin, özəl ali məktəbləri də bura daxil eləsin, şirkətlərdə buna qoşulsun və bir, hərəkata çevrilsin. Bu hələ başlanğıcdır”. (musavat)

İnterpress.az