Axtarışda olan şəxslər həmçinin İnterpol kanalları ilə də beynəlxalq axtarışdadırlar.
Siyahıda olanlardan biri ötən il Moskvada həbs edilib. 2004-cü ildən axtarışda olan Çobanzadə Rafael Məmməd oğlu 2015-ci ilin dekabr ayında Moskvada həbs edilib. R.Çobanzadə siyahıda olanlar arasında ən uzun müddət istintaqdan yayınmağı bacaranlardandır.
Cinayət Məcəlləsinin 243.2.1 (Fahişəliyə cəlb etmə; şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə törədildikdə) və 243.2.2-ci (Fahişəliyə cəlb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə beynəlxalq axtarışa verilən 62 yaşlı R.Çobanzadə qadınların fiziki və psixi köməksiz vəziyyətindən istifadə edən mütəşəkkil dəstəyə rəhbərlik edirmiş. O, hələ ki Azərbaycana ekstradisiya olunmayıb.
Digər məlumatlar isə insan alverçiləri olaraq axtarışda olan bacılar barəsindədir. 1970-ci il təvəlüdlü Səfərzadə Aybəniz Mirəddin qızı və 1969-cu il təvəllüdlü Səfərova Almaz Mirəddin qızı 2007-ci ildən axtarışdadırlar. Onların ögey bacıları Səfərova Gülbəniz 2006-cı ildə həbs edilib. O da digər bacıları kimi insan alveri ilə məşğul olurmuş.
Belə ki, G.Səfərova 2006-cı ildə Denisova Zahirə Abbas qızı ilə əlbir olaraq bir neçə qadını Pakistana fahişəliklə məşğul olmağa göndərərkən hava limanında həbs ediliblər. Onlar Pakistana göndərmək istədikləri qadınların pasport məsələləri ilə bağlı problemlərini həll edərək Azərbaycandan turist adı ilə onlara viza təşkil edirmişlər. Bütün xərclər də Səfərova bacıları tərəfindən qarşılanırmış.
Bacılardan biri həbs edilsə də digər ikisi 9 ildir hüquq-mühafizə orqanlarından gizlənə bilir. Onların hazırda Pakistanda olduğu ehtimal olunur.
Siyahıya nəzər yetirərkən əsas diqqətçəkən məqam bu şəxslərin 8-10 ildir hüquq-mühafizə orqanlarından, hətta İnterpoldan necə qaçmasıdır.
Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev məsələ ilə bağlı musavat.com-a danışarkən bildirdi ki, insan alverçiləri ilə mübarizə əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da çətindir: \”Son illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu məsələlərlə bağlı müvafiq addımlar atır.
Ancaq bir məsələni də qeyd edək ki, bu cür cinayət əməllərinin miqyası çox genişdir. Pakistandan, Hindistan, Dubay, MDB ölkələrində belə bu cür hallar mövcuddur. Azərbaycanda insan alveri ilə məşğul olan şəxslər aldatdıqları, bu yola sövq etdikləri qadınları əsasən Pakistan, Hindistan və digər ərəb ölkələrinə aparırlar. Metod da eynidir. Onlar pasport məsələlərini həll edirlər, yol xərclərini qarşılayırlar, bəzilərini buradan başqa iş adı ilə aldadıb aparırlar, bəziləri isə öz razılığı ilə gedirlər. Yayılan rəsmi məlumatda da görünür ki, axtarışda olan şəxslər İnterpol xətti ilə axtarılırlar.
Lakin onlar elə yerlərdə, elə şəraitdə gizlənirlər ki, onların tapılması çox çətin olur. Bəzi ölkələr var ki, bizim onlarla qarşılıqlı müqavilələrimiz yoxdur. Bu da həmin şəxslərin tapılmasına çətinlik yaradır. Bu cür şəxslər getdikləri ölkələrdə, əsasən qeyri-qanuni şəkildə yaşayırlar, adlarını dəyişdirirlər, saxta yollarla pasportlar əldə edirlər, hətta estetik əməliyyatlar etdirərək gizlənənlər də var\”.
Arzu Nağıyev bu cür cinayət əməlləri törədən şəxslərin gizləndikləri ölkələrdə himayə oluna biləcəkləri ehtimalının inandırıcı olmadığını deyir. Səbəbini isə belə izah edir: \”Əgər bu şəxslər İnterpol vasitəsilə də axtarış verilibsə, onların himayə olunması inandırıcı deyil. Bunlar elə kontingentdir ki, həbs olunduqları halda hər kəsin, həmçinin onları himayə edən şəxslərin də adını çəkəcəklər. Bu çox ağır cinayət sayıldığından himayədarlar da bunlardan qaçır\”.(musavat)
İnterpress.az