Televiziya əməkdaşları maaşlarının verilməsi niyə gecikir?backend

Televiziya əməkdaşları maaşlarının verilməsi niyə gecikir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məlumatda bildirilir ki, “ARB Şəki” televiziyasında çalışan əməkdaşının sözlərinə görə işçilərin 70 faizinin əmək haqqı ödənilmir. “Xəzər TV” əməkdaşları isə bildiriblər ki, telekanalda avqust ayının maaşını ala bilməyən işçilər var: “Bəzi işçilərə verilməli olan pullar müxtəlif bəhanələrlə ya gecikdirilir, ya da azaldılaraq verilir. Noyabr olmasına baxmayaraq, əksəriyyət sentyabr və oktyabrın maaşlarını almayıb”.

“Lider TV”-də də sentyabr, oktyabr aylarının maaşlarının verilmədiyi bildirilir:
“İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Bəzi xüsusi ştatlara pul verilir, vəssalam”. “Space TV” əməkdaşları isə bildirirlər ki, kanalda maaşların 3 ay gecikmə ilə verilməsi adi hala çevrilib:

“Şirkətin yarısı hələ avqustun pulunu ala bilməyib. Digər kanallarda da oxşar vəziyyətdir. Məlumatlara görə, bir çox TV əməkdaşları özlərinə yeni iş taparaq televiziyadan gedirlər”.

Mövzuya aydınlıq gətirmək üçün adı çəkilən tele-kanallarla əlaqə saxladıq. “ARB TV” nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov yayılan xəbərlərin əsassız olduğunu bildirdi:

“Televiziyanın maaşla bağlı heç bir problemi yoxdur. Yalnız ötən ay maaşların verilməsində 5-10 gün gecikmə oldu. Bu da ölkənin ən böyük banklarından biri olan ”Bank Standart\”ın bağlanması ilə bağlı idi, bizim bank hesablarımız orda idi. Bağlanan bankdan yeni banka transfer edənə qədər əlbəttə ki, müəyyən sənədləşmələr lazım oldu və bir neçə gün gecikmə oldu. Başqa heç bir gecikmədən söz gedə bilməz. Yayılan həmin məlumatlar yanlışdır və belə bir məsələ yoxdur\”.

“Space” TV-nin icraçı direktoru Kamil Şahverdi isə bəzi gecikmələr olduğunu bildirdi və bunun səbəblərini açıqladı:

“Elə şey olar ki, bir-iki ay maaş verilməsin? Yalnız 3-5 gün, bir həftə və yaxud 10 gün gecikə bilir. Bu gecikmələr də bizdən asılı olmayan səbəblərdən baş verir. Ona görə ki, büdcə təşkilatı deyilik, reklama görə pul alırıq. Gəlirimiz ancaq reklamdan olur. Bizə pul daxil olan kimi əmək haqları verilir. Aylarla gecikmələr olduğu boş söhbətlərdir. Digər işçilərin rəhbər işçilərdən sonra maaş aldığına gəldikdə isə, əslində rəhbər işçilərinin maaşları gecikir, çünki onlar digər əməkdaşlardan sonra maaş alırlar”.

“Lider TV” şirkətindən də yayılan məlumatların yalan olduğu, işçilərin maaşlarını vaxtlı-vaxtında, hətta bəzi vaxtlarda vaxtından əvvəl aldıqları bildirildi.
“Xəzər TV”-də maaşla bağlı vəziyyətin necəliyini öyrənməyə çalışsaq da cəhdlərimiz boşa çıxdı. (musavat)

İnterpress.az