Yaz depressiyasıbackend

Yaz depressiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaz depressiyası dediyimiz hal insan bədənində fizioloji dəyişikliklərlə bağlıdır. Bu depressiya insanın fizioloji problemlərini üzə çıxardır və nəticədə sinir gərginlikləri formalaşır. Havalar isindikcə qan durulur, bu isə qan təzyiqinin artmasına səbəb olur, bütün orqanlar oyanır, payız və qış dönəmində gizli qalmış problemlər üzə çıxır. Bu isə periodik olaraq sinir sistemini yükləyir, insanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Bu hala ümumi olaraq yaz depressiyası deyirlər. Psixoloqlara görə, yazda insan beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir ki, bu da depressiyanın yaranmasının əsas səbəbidir. Yazda yüksək əhval-ruhiyyəsi ilə seçilən insanlarda isə serotoninin miqdarı normaldır. Yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir, insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur.

Əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu, artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahanın azalması və ya əksinə, artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Bahar depressiyası psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid hormonların nizamsızlığından da yarana bilər.

Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan baharda hamı xoşbəxt ikən mən niyə beləyəm demək əvəzinə həyatımda bir sıra müsbət və mənfi hadisələr olub, hamısı kimi bu da keçəcək düşünmək özünü daha yaxşı hiss etməyə imkan yaradar. Yaz depressiyasından qurtulmaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir.

İnterpress.az