“Mərkəzi Bank kompensasiya ödəməlidir” – Ekspertdən təklifbackend

“Mərkəzi Bank kompensasiya ödəməlidir” – Ekspertdən təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib: “Sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər. Mərkəzi Bank kompensasiya vermədiyi halda vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi mümkünsuz görsənir. Çünki söhbət heç də kiçik rəqəmdən getmir. Əmək haqqları manatla olan kredit götürənlərin bu öhdəliyi qaldırması elə də asan deyil. Mərkəzi Bank Qazaxıstanda olduğu kimi ən azı istehlak, yəni əhalinin götürdüyü kreditlər üzrə fərqi tam olaraq kompensasiya etməlidir”.

Ekspert qeyd edib ki, ikinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi:
“Bunun isə cəmi 20 faizi yəni 1 milyard 417 milyon manati milli valyutada saxlanılırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Xarici valyutada saxlanılan əmanətlərin də manat ifadəsində artımlar olub. Amma etiraf etmək lazımdır ki, istehlak kreditləri götürən vətəndaşlarımızın çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını manat ifadəsində artırıb”.

V.Bayramov vurğulayıb ki, dollar ilə olan kreditlərdəki fərqi kompensasiya etmək üçün mənbə də var:
“Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Fondun gəlirləri dollar, xərcləmələri isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı o zaman fond 7 milyard 791 milyon dollar bazarda satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hal-hazırda isə fond cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra Neft Fondu 2 milyard 547 milyon dollara qənaət etmiş olacaq. Mərkəzi Bankın rəsmi məzənnəsi isə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət isə imkan verir ki, vətəndaşların dollar olan istehlak kreditləri üzrə fərqi kompensasiya etmək mümkün olsun”.

İqtisadçı-ekspert hesab edib ki, problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir: “Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar”.

İnterpress.az