Toğrul Allahverdili: “Agentlik və hökumət QHT-lərin inkişafında maraqlıdır”backend

Toğrul Allahverdili: “Agentlik və hökumət QHT-lərin inkişafında maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və hökumət QHT-lərin inkişafında maraqlıdır”.

Bunu İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.

O xatırladıb, Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib.

T.Allahverdili hesab edir ki, buna hələ uzun müddət bundan əvvəl zərurət yaranıbmış:

“Sadəcə 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təsis edildikdən sonra bu məsələnin üzərində ciddi işlənilməyə başladı. Zərurətdən doğan yeni qaydalar isə mövcud reallıqların göstəricisidir. Çünki bizim də vətəndaş cəmiyyəti olaraq müşahidələrimiz onu deməyə əsas verir ki, Agentlik və hökumət QHT-lərin inkişafında maraqlıdır”.

QHT sədri vurğulayıb ki, dövlətin əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı və onların inkişafına münbit şəraitin yaradılmasıdır:

“Düşünürəm ki, məhz bu zərurətdən doğan yeni qaydalar çərçivəsində QHT sektoru ələbaxımlılıq sindromundan qurtulacaq və doğrudan da dövlət və xalq naminə fəaliyyətlər bundan sonra da davam etdiriləcək. Odur ki, hökumətin yeni sənədi birmənalı olaraq vətəndaş cəmiyyəti institutlarının yalnız və yalnız inkişafına və genişləndirilməsinə – bir sözlə keyfiyyətə hesablanıb”.

T.Allahverdili qeyd edib ki, hər bir QHT nümayəndəsinin fəaliyyəti ictimaiyyətə açıq olmalıdır:

“Çünki ictimaiyyətə çatdırılması lazım olan informasiyalar da yalnız media vasitəsilə təqdim olunur. Həm QHT, həm də media nümayəndəsi olaraq yeni qərarda mənim diqqətimi cəlb edən məsələlərdən biri də odur ki, QHT-lər artıq media subyektlərində məlumatlar təqdim etməyə maraqlı olacaqlar. Bununla da ictimaiyyət hər bir QHT-nin fəaliyyətindən məlumatlı olacaq”.

“Bu qərardan sonra özünə güvənən, fəaliyyətinə arxayın olan, şəffaf şəkildə fəaliyyət göstərən QHT-lərin yolunun daha açıq olacağına əminəm. Ona görə də fəaliyyətində hər zaman şəffaflığın əsas prinsip olduğu QHT-lər hökumətin yeni qərarını dəstəkləməlidir”, – T.Allahverdili əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib.