XVIII əsrdə tərtib olunmuş Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli tərəfindən aşkar edilmiş və elm aləminə tanıtdırılmışdır. Bu əsər Qızılbaş türkcəsinin qrammatikasını və leksik tərkibini farsdillilərə öyrətmək məqsədilə yazılmış dərslik formatlı bir lüğətdir.
Bu elmi hadisənin iki əhəmiyyətli tərəfi vardır:
- “Məzhər üt-türki” əsəri Azərbaycan dilinin tarixi sahəsində transliterasiya və tərcümə edilməsini gözləyən bir çox dəyərli əlyazmalardan biridir. Ona görə də Azərbaycan elmi üçün yenilikdir.
- Dərslik tipli bu cür əsərlərdə öz dövrünün qrammatik xüsusiyyətləri təhlil edilmiş olduğuna görə, dilçilər üçün əvəzolunmaz hazır materialdır.
Əbdürrəhim Ərdəbili Şirvaninin əsəri qızılbaşların dili haqqında kifayət qədər geniş məlumat verir: biz burada XVIII əsr Azərbaycan türkcəsinin fonetik, morfoloji, leksik və semantik mənzərəsini görə bilirik.
Azərbaycan lüğətçiliyi özünəməxsus ənənəyə malik olmuşdur. C.Qəhrəmanov qeyd edir ki, Nəvainin dilinə həsr olunmuş lüğətlərin məhz Azərbaycanda mövcud lüğətçilik ənənəsinə müvafiq meydana gəlməsi türkoloqlar tərəfindən qəbul edilmiş bir həqiqətdir. Azərbaycanda lüğət tərtibi ənənəsinin əsası hələ XII-XIV əsrlərdə qoyulmuş, farsca-azərbaycanca, ərəbcə-azərbaycanca bir çox lüğətlər yazılmışdır.
Orta əsrlərdə yazılmış farsca-türkcə lüğətlər tərtibati quruluşuna görə iki qismə ayrılırdı: mənzum lüğətlər və mənsur lüğətlər.
Mənzum lüğətlər, əsasən, uşaqların sözləri asan əzbərləməsi və əruz vəznini mənimsəyə bilməsi məqsədilə tərtib olunurdu. Belə hesab edilirdi ki, mənzum lüğətlərin uşaqlara əzbərlədilməsi onların zehni inkişafına gətirib çıxarır. Hüsaməddin Xoyinin türkcə-farsca «Töhfeyi-Hüsam» mənzum lüğətinin (XIV-XV əsrlər) ümumilikdə 302 beyti vardı.
Mənsur lüğətlər dərslik formatında olurdu. Lüğətin əvvəlində dilin qrammatik xüsusiyyətləri təhlil edilirdi, ardından sözlük verilirdi. Bu zaman sözlüyə tematik prinsip tətbiq edilirdi. Bu artıq ərəb leksikoqrafiyası ənənəsindən irəli gəlirdi. Buna misal Fəxrəddin Hinduşah Naxçıvaninin “Sihahül-əcəm” (XIII) farsca-türkcə lüğətini misal gətirmək olar. Bu əsərə X əsr ərəb lüğətşünası Əl-Cövhərinin “Tac əl-lüğa və sihahül-ərəbiyyə” adlı izahlı lüğətinin tərtibatına uyğun olaraq qafiyə üsulunda quruluş verilmiş və üç hissədən – ərəbcə müqəddimə, farsca-türkcə lüğət və ərəbcə yazılmış fars dilinin qrammatikasından ibarətdir. “Sihahül-əcəm” lüğəti qafiyə üsulunda tərtib edildiyindən sözlər lüğətdə axırıncı hərfinə görə sıralanmışdır. Lüğət quruluşca sözlərin sonundakı hərflərə görə bablara, baş hərflər üzrə isə fəsillərə (فصل) ayrılmışdır (fəslul-əlif (فصل الاليف), fəslul-bə (فصل الاليف), fəslut-tə (فصل الاليف), fəslus-sə (فصل الاليف) və s.) və fəsil adları qırmızı rəngdə verilmişdir. Bu zaman feillər və isimlər ayrılmışdır.
Predmet-tematik sistem (mövzular üzrə sözlərin qruplaşdırılması);
Qafiyə üsullu sistem (sözlərin ilk və son hərflərinin əlifba sırası ilə ardıcıl düzülməsi);
“Məzhər üt-türki” əsəri dörd bölmədən ibarətdir. Birinci və ikinci bölmələrin hər biri iki fəslə ayrılır. Girişdə əvəzliklərdən danışan müəllif anın, anı, ana, anda, andan işarə əvəzliyinin adlıq halda olan variantını da işlədir. Amma Azərbaycan yazılı abidələrində heç yerdə onun adlıq halda olan variantına rast gəlməmişik.
Əsərin birinci bölümü feillərə həsr olunmuşdur. Maraqlıdır ki, Əbdürrəhim Şirvani gələcək zaman şəkilçilərindən yalnız -ar, -ər şəkilçisini göstərir, lakin -acaq, -əcək şəkilçisini feili sifət şəkilçisi kimi idi köməkçi sözü ilə yanaşı işlədir: alacaq idüm, verəcəg idüm.
İkinci bölüm isimlərdən bəhs edir. İsimlərin 1-ci fəslində feil mənalı isimlərə idi hissəciyi və olmaq köməkçi feilini aid edir. İsimlərin 2-ci fəslində adlardan bəhs edir və çox zaman sözləri antonimlər şəklində verməyə çalışır. Məsələn, ağır və yüngül, içrə və dışra, iraq və yavuq və s. Müəllif çox zaman bir sözün müxtəlif fonetik variantlarını və sinonimlərini verməyə çalışır, məs, yaxşı//yaqşı, iyi və yeg. Hər bir sifətin -raq şəkilçisi ilə üstünlük dərəcəsini də verir, məs., azraq, çoqraq, artuqraq, əksügraq.
Lüğətdə, əsasən, fonetik fonda hansı inkişaf mərhələlərini görə bilirik. XVII əsrdə Səfəvi sarayında iki sayı ikki şəklində deyilirdi. Biz bunu XVII əsrin əvvəlində I Şah Abbasla tanış olmaq məqsədilə Səfəvi İmperiyasına gəlmiş Pietro della Vallenin 1620-1621-ci illərdə yazdığı italyanlar üçün türk dili dərsliyi olan “Grammatica della lingva turca”-da görə bilirik.
Həmin say XVI-XVII əsrlərdə yaşayıb-yaratmış şair Məhəmməd Əmaninin şeirlərində də ikki şəklində müşahidə olunur. Məsələn:
Bu səadət ikki aləmdə yetər sidq əhliğə
Kim olubdur bəyyinati hər bəyan Qur’an sana.
Andin afətsiz iməs bir dəm bu dövri-ruzigar,
Fitnələrğə bais olmuş ikki əyyarın sənin.
Hələ XIII əsrdə Marağa ərazisində yaşamış İbn Mühənna Cəmaləddinin “Kitabu hilyətül-insan və həlbətül-lisan” lüğətinin Aropa nüsxəsində iki sayının ikki şəklində yazılmışdır.
Amma XVIII əsrə aid Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsərində qızılbaşların iki sayını bir k ilə dediyi göstərilir. Y samiti sözlərin əvvəlindən artıq düşüb: il, iyirmi, ulduz, uzun, üz, üzüm, üzük şəklində sözlərin işləndiyi müşahidə olunur.
Üçüncü bölüm hərflər bölümü adlansa da, burda ayrılıqda məna ifadə etməyən şəkilçi və köməkçi nitq hissələrini buraya aid etmək istəyir, amma qarışıqlığa yol verir: bənzətmək feilini, dün zərfini və keçən feili sifətini də buraya daxil edib.
Dördüncü bölümdə bir çox leksik, semantik və fonetik arxaizmlər müşahidə olunur: çəndir – süst və yumşaq ət (şındır), çibin – milçək, çürük – parça və paltarın aşağısı, çögür – saz adı, don – qaba, arxalıq, ləbbadə kişi geyimini ifadə edir; duvaq – yaşmaq, dönük – düşmən; dolay – dağın döngəsi; sövlə və səvlə – de və danış; savuq – soyuq və s.
Xədicə Heydərova
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Azərbaycan dilinin tarixi şöbəsinin müdiri,
fil.ü.f.d,dos.