I Türkoloji Qurultay: Xalid Səid Xocayev, Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə…backend

I Türkoloji Qurultay: Xalid Səid Xocayev, Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Tatarıstanda yeni əlifba ilə bağlı müzakirələrin aparılmasına imkan verilməmişdir. Qazaxıstan və Tatarıstanla müqayisədə Başqırdıstanda “Yeni Əlifba Komitəsi”ni məmnuniyyətlə qəbul etmiş və yeni əlifbanın tərəfdarı olduqlarını bildirmişlər. Bununla da, 1924-cü ilin sonlarında yeni əlifbaya münasibət dəqiqləşdirilmişdir. Belə ki, Azərbaycan, Krım, Dağıstan, Gürcüstan, Ermənistan, Başqırdıstan türkləri yeni əlifbanı qəbul edəcəklərinə əminliklə söz vermişlər. Türküstan türkləri yeni əlifbaya münasibətdə tərəddüdlü və şübhəli mövqedə olmuş, Qazaxıstan, Tatarıstan türkləri isə qəbul etməyəcəklərini qəti olaraq bildirmişlər. Odur ki, bu məsələni tam şəkildə həll etmək üçün ümumi bir qurultay çağırılmasına ehtiyac vardı. Bu barədə Xalid Səid Xocayev yazırdı: “Ancaq məsələ hələ tamamilə həll edilməmiş, ayrı-ayrı cümhuriyyətlər tərəfindən vaqe olan (baş verən – B.X.) təklifə görə, ümumi bir qurultay çağırılmasının qəti surətdə lazım olduğu anlaşılmışdı. Böylə bir qurultayın az zaman içində çağırılmayacağı təbii idi, çünki bu iş yalnız yuxarıda saydığımız cümhuriyyətlərə (Azərbaycan, Krım, Dağıstan, Gürcüstan, Ermənistan, Başqırdıstan, Türkmənistan, Qazaxıstan, Tatarıstan – B.X.) məxsus bir iş deyildi, burada Ümumi İttifaq xaricində olan Anadolu, İran, Əfqanıstan, Çin türkləri də iştirak etməli idi. Bundan başqa, Sibiriya çöllərinin əngin nöqtələrindən, Altay dağlarının hicra (hücrə, ayrı-ayrı bölgələri nəzərdə tutulur – B.X.) guşələrindən də mürəxxəslər (vəkillər, səfirlər, vəkaləti olan, izinli adamlar nəzərdə tutulur – B.X.) dəvət edilməli idi. Bundan dolayı qurultayı hazırlamaq üçün heç olmazsa bir sənə lazımdı. Həqiqətən də elə oldu: hazırlıq 1926-cı ilin yanvarına qədər sürdü”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.86-87)

Xalid Səid Xocayev, Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə…

I Türkoloji Qurultay: Xalid Səid Xocayev, Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə...

Xalid Səid Xocayev yazırdı ki, qurultayı hazırlamaq müddətində Səməd Ağamalıoğlu bütün fikrini qurultay məsələlərinə yönəltmişdi. O, türkologiya məsələləri ilə məşğul olur, türk ədəbiyyatını – osmanlı və cığatay ədəbiyyatını tədqiq edirdi.

Xalid Səid Xocayev də hər an onun yanında olur, onunla birgə bu məsələləri diqqətlə araşdırırdı. Ərəb əlifbası ilə yazılmış sözlərin müxtəlif variantlarda oxunması Səməd Ağamalıoğlunu narahat edirdi. Ərəb dilinin qayda-qanunları onu əsəbiləşdirirdi. Xalid Səid yazırdı ki, Səməd Ağamalıoğlu deyirdi ki, yazıq türk uşaqlarını bu fəalkətdən qurtarmaq lazımdır. Ərəb əlifbasını çıxarıb atmalı və onun yerinə yeni əlifbanı həyata keçirməliyik. Xalid Səid onu da yazırdı ki, türk ədəbiyyatı Səməd Ağamalıoğlunun ixtisası olmasa da, o, türk ədəbiyyatının tədqiqinə dərindən girişmişdi. Bunun səbəbi onunla bağlı idi ki, o, “ərəb əlifbasını yeni əlifba ilə əvəz etsək, əski ədəbiyyatdan ayrılacağıq” deyənlərə əsaslı cavablar axtarırdı. Ona görə də türk ədəbiyyatı ilə dərindən tanış olmaq istəyirdi. Türk ədəbiyyatı ilə dərindən tanış olmaqla qənaətini daha da dəqiqləşdirirdi. Onda yeni əlifbaya keçmək qənaəti daha da güclənirdi. Əski türk ədəbiyyatının mövhumatla dolu olan mərsiyələrini tənqid edir, “demək ayrılmasından qorxduğumuz, titrədiyimiz ədəbiyyat bu imiş”, “biz belə zibillərdən ayrılmaqdan qorxmayırıq, biz bunlardan daha da uzaqlaşmaq istəyirik” deyirdi. Xalid Səid Xocayev yazırdı: “…bütün qüvvətilə (Səməd Ağamalıoğlu – B.X.) türkoloji qurultayı çağırmağa çalışırdı. Nəhayət, Ümum İttifaq Mərkəzi idarələrinin nəzər diqqətini bu məsələ üzərinə cəlb etdi, qurultayı çağırmağa çalışırdı. Nəhayət, Ümum İttifaq Mərkəzi idarələrinin nəzər diqqətini bu məsələ üzərinə cəlb etdi, qurultayın çağırılması xüsusunda qərar qəbul etdirdi”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.87)

Xalid Səid Xocayev yazırdı ki, Türkoloji Qurultayın zamanı gəlib çatmışdı. Qurultayın çağırıldığı bina keçmiş “Kommunist” küçəsində yerləşirdi. Küçə şüarlarla bəzənmişdi. Bakı şəhərində hamının söz – söhbəti Türkoloji Qurultay idi. Xalid Səid Xocayev qeyd edirdi ki, hər kəs gözləyirdi ki, “görək nə olacaq, hansı əlifba qələbə çalacaq?” O yazırdı: “Əski əlifba tərəfdarlarının da ümidləri kəsilməmişdi. Onlarca (onlara görə – B.X.) qurultay yeni əlifba üçün qəbir qazıyan bir yer, kəfən hazırlayan bir müəssisə idi. Qazaxlar ilə kazanlıların yeni əlifba əleyhinə olduqlarına dair xalq arasında qüvvətli bir şayiə dolaşırdı. Yeni əlifba əleyhinə olanlar “a kişi, osmanlılar da qəbul etməyəcəklər, qurtardı getdi vəssalam” deyə bir-birlərinə ürək verirdilər”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.88)

Xalid Səid qeyd edirdi ki, yeni əlifba tərəfdarları üçün şübhələr az deyildi. Belə ki, osmanlı nümayəndələrinin fikrini bilmək mümkün deyildi. Və yeni əlifba tərəfdarlarını özbəklərin mövqeyi də maraqlandırırdı. Ona görə ki, özbəklər də türkmənlərlə bərabər yeni əlifbanın tərəfində olsaydılar bütövlükdə Türküstan yeni əlifbanın tərəfində olacaqdı. Artıq qırğızların yeni əlifbanın tərəfində olduqları barədə qəti məlumat bəlliydi. Odur ki, özbəklər və Anadolu türklərilə, daha doğrusu, onların nümayəndələri ilə söhbət aparmaq məsuliyyəti Xalid Səidin üzərinə düşürdü. Xalid Səid Xocayev yazırdı: “Səməd ağa məni yanına çağırdı. Xalid, – dedi sən özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq, aydın söyləsinlər. Biz də ona görə iş görək… Bir də Köprülüzadə Fuad yoldaşla da görüş, gör onların fikirləri nədir?” (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.88)

Xalid Səid Xocayev Özbəkistan nümayəndə heyətinin yanına gedir. Nümayəndə heyətinə rəhbrlik edən Özbəkistan Maarif Komissarı Rəhim Ənamofu və Özbəkistan Elmi Şurasının sədri Qazi Alimi çox yaxşı tanıyırdı. Onlar Xalid Səidin səmimi dostları idi. Xalid Səid inanırdı ki, bu dostları vasitəsilə dəqiq bir məlumat ala biləcək. O, özbək nümayəndələrinin yerləşdiyi əski Avropa otelinə yollanır. Burada özbək nümayəndə heyəti ilə görüşür. Özbəkistan Maarif Komissarının fikri belə olur ki, Türkoloji Qurultay hansı qərarı qəbul etsə, onlar da həmin qərarın tərəfində olacaqlar. Xalid Səid yazırdı ki, Özbəkistan nümayəndə heyətinə ərəb əlifbasını müdafiə etmək üçün qəti təlimat verilmişdi. Ancaq Xalid Səidin Özbəkistan Maarif Komissarı Qazi Alimlə olan dostluq münasibəti özbəklərin yeni əlifba tərəfdarlarına qoşulmasına kömək edə bilərdi. Odur ki, bu istiqamətdə Xalid Səid Xocayev xeyli söhbətlər aparmalıydı və aparırdı da. Vaxt az olduğundan Xalid Səid Yeni Avropa otelində Köprülüzadəni və Əlibəy Hüseynzadəni də görməli onlarla yeni əlifba barədə danışmalıydı. Xalid Səid bunu da edir. Yeni Avropa otelində Fuad Köprülüzadə və Əlibəy Hüseynzadə ilə görüşür. Fuad Köprülüzadədən Türkiyənin yeni əlifbaya olan münasibətini öyrənir. Fuad Köprülüzadə Türkiyənin ağır və uzun müharibələrdən çıxdığından danışır, iqtisadi vəziyyətin yaxşı olmadığından söhbət salır və onların beyninin bu işlə məşğul olduğunu söyləyir. Həm də onu deyir ki, bununla belə, Türkiyənin elmi müəssisələri Azərbaycanın qəbul etdiyi yeni əlifbaya biganə deyildir. Və Türkiyədə Maarif Nəzarəti tərəfindən xüsusi bir komissiyanın yarandığı da qeyd olunur. Bu komissiyanın imla və əlifba məsələsi ilə məşğul olduğunu deyir. Ancaq komissiyanın qəti bir fikrə gəlmədiyini və qəti fikrə gəlmək üçün bir neçə ay vaxt lazım olduğunu Xalid Səidə deyir. Xalid Səid Fuad Köprülüzadəyə deyir ki, bəs Türkoloji Qurultayda Anadolu türkləri yeni əlifbanın lehinə, yoxsa əleyhinə olacaqdır? Fuad Köprülüzadə Xalid Səidin bu sualının müqabilində deyir ki, yeni əlifbanın əleyhinə rəy bildirmək üçün əlimizdə bir əsas yoxdur. Həm də yeni əlifbanın lehinə rəy vermək üçün də bir hazırlığımız yoxdur. Və bu barədə hökumət tərəfindən əlimizdə bir təlimat da yoxdur.

Xalid Səid yeni əlifba ilə bağlı Fuad Köprülüzadənin şəxsən öz fikrini öyrənmək istəyir. Fuad Köprülüzadə deyir: “… əsas etibarı ilə mənim fikrim yeni əlifbanın lehinədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm. Bizim halımız başqa; Şərqdə yaşayan ayrı türk xalqlarının vəziyyəti bambaşqadır. Türkiyə ədəbiyyatı – təbii Avropa ilə müqayisə etməyirəm, o qədər fəqir deyildir, yeni əlifbaya keçdiyimiz təqdirdə bir çox kitablarımızı yeni əlifbaya keçirməyə məcbur qalacağıq, bunun üçün iqtisadi vəziyyətimiz müsaid (münasib – B.X.) olmadığını yuxarıda ərz etmişdim.

Əlifba məsələsi bizdə çox əskidir, bunun üçün müxtəlif zamanlarda müxtəlif komissionlar təşkil edildi, hətta cahan hərbi zamanında Ənvər Paşa tərəfindən əskəri işlərdə bir yeni əlifba təcrübəsi yapıldı, ancaq həyata keçirilmədi. Mən bu nöqteyi-nəzərdən öz fikrimdə də çox ehtiyatlı davranmağa məcburam”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.91-92)

Xalid Səid öz istəyini Fuad Köprülüzadədən almayınca ondan əl çəkmir və yeni suallarla qəti fikri öyrənmək istəyirdi. Ona görə də Xalid Səid sual verirdi ki, Şərq türkləri yeni əlifbaya keçərsə, Anadolu türkləri əski əlifbada (yəni ərəb əlifbasında) qala bilərmi? Bu suala cavab verərkən Fuad bəy bir az düşünməli olur. Bu zaman Əlibəy Hüseynzadə bu işin mümkün olmayacağını zənn etdiyini bildirir. Yəni Anadolu türklərinin də yeni əlifbaya keçmək məcburiyyətində qalacaqlarını bildirir. Və Fuad Köprülüzadə də Əlibəy Hüseynzadənin bu fikrini təsdiq edir. Həm də onu əlavə edir ki, Şərq türkləri yeni əlifbaya keçsələr, Anadolu türkləri də iqtisadi çətinliyə baxmayaraq yeni əlifbaya keçmək məcburiyyətində qalacaqdır. Fuad Köprülüzadə həm də bu fikrin ona aid olduğunu deyirdi. Hökumət dairələrinin bu məsələ ilə bağlı nə deyəcəklərini bilmədiyini söyləyirdi. Fuad Köprülüzadə “Şərq türkləri yeni əlifbaya keçərsə, Anadolu türkləri də yeni əlifbaya keçmək məcburiyyətində qalacaqdır” fikrinə aydın izah gətirərək deyirdi: “…Şərq türkləri ilə mədəni münasibətimizi saxlamağa məcburuz, vaqiən (həqiqətən – B.X.) hürufatın ayrı olması dilcə olan münasibəti kəsməz, ancaq cocuqlarımıza, gənclərimizə ayrı-ayrı hərfləri öyrətməyə məcbur qalacağız, bu da bir çox vaxtımızı boş yerə sərf etməyə səbəb olacaq…

Bugünkü texnika da yeni əlifbaya keçməyi tələb edir. Ərz etdiyim kimi buna bizim iqtisadi şəraitimiz hənüz (hələ, hələ ki, indi – B.X.) müsaid (münasib – B.X.) deyildir. Bu xüsusda çalışmaqda olan komision lazım görərsə, bizim də keçməmiz ehtimaldan uzaq deyildir; ancaq hənuz (indi – B.X.) rəsmi, qəti bir şey deyəməm”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.92)

Xalid Səid Xocayev əlindən gələni edirdi ki, həm Türkiyədən gələn heyəti, həm də Özbəkistandan gələn heyəti inandıra bilsin ki, yeni əlifbaya keçmək lazımdır. Ona görə də o, nümayəndə heyətinin yerləşdiyi otelləri gəzir, söhbətlər aparır və bu söhbətlərin əsas məğzini yeni əlifbaya yönəldirdi. Odur ki, Xalid Səid Türkiyədən gəlmiş Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə ilə söhbətini qurtarıb Yeni Avropa otelindən çıxar-çıxmaz otelin qapısında arxadan onu səsləyirlər. Xalid Səid yazırdı: “Arxamdan – Ortaq! Ortaq, Xalid, ortaq! (ortaq deyəndə Xalid Səid nəzərdə tutulur – B.X.) – səsini eşitdim. Bu Bəkcan idi (özbək nümayəndə heyətinin üzvü – B.X.) Gülərək mənə yaxınlaşdı, Qazini gördünüzmü? – sualını verdi.

– Xeyr. Bir şeymi var? – dedim

– Bəli, bir şey var.

– Xeyirli olur?

Xeyirdir: bu sabah öz aramızda iclas yapdıq, əski qərarımızı dəyişdirdik, artıq yeni əlifbanı müdafiə etmək, onun lehinə səs verməyə qərar verdik. Doğrudan da xeyirli bir xəbər idi”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.93)

Xalid Səid Səməd Ağamalıoğlu ilə görüşməli və vəziyyətlə bağlı onu tanış etməliydi. Odur ki, o, Səməd Ağamalıoğlu ilə görüşür özbəklərin fikrini və Fuad Köprülüzadənin mövqeyini ona çatdırır. Səməd Ağamalıoğlu deyir ki, Anadolu türklərinin yeni əlifbaya keçməsinə arxayınam. Ona görə ki, Mustafa Kamal böyük inqilabi işlər aparır. Həmin inqilabi işlərdən biri də əlifba inqilabıdır.

Xalid Səid 1926-cı ilin fevral ayının 26-da saat 900-da Mədəniyyət sarayında (keçmiş İsmailiyyə) Türkoloji qurultayın açılışının olacağını qeyd edirdi. Avropadan və Asiyadan türkoloqların gəldiyini və müxtəlif şüarlarla zalın bəzədildiyini deyirdi. Mədəniyyət Sarayının yanındakı Sabir bağının xaqla dolu olduğunu və bunların Türkoloji Qurultaya girə bilmək üçün bilet tapa bilməyənlər olduğunu da xatirələrində yazırdı. Bir sıra mövzularda olan məruzələrlə yanaşı, yeni əlifba mövzusunda məruzələrin söyləniləcəyini də bildirirdi. Yeni əlifba ilə bağlı məruzələrdən sonrakı vəziyyət barədə Xalid Səid yazırdı: “Məruzələrdən sonra münaqişələr şiddətləndi. Hər iki hürufatın (əlifbanın- B.X.) məziyyətlərilə nöqsanlarının ən incə, ən gizli nöqtələrinə qədər təhlil və tənqid edilirdi, münaqişə bütün şiddətilə, bütün hərarətilə bir neçə gün davam etdi; nəhayət, Dağıstan mürəxxəsi (izinlisi, rüsxətlisi – B.X.) Qorxmazov yoldaşın rəyasəti altında təşkil edilən komision tərəfindən tənzim edilən qərar böyük bir əksəriyyətlə qəbul olundu. Bu qərara görə latın əsası üzərinə qurulan yeni türk əlifbası ərəb əlifbasından hər cəhətdən üstün olduğu qəbul edilmiş: ancaq qəbul edilib həyata keçirilməsi hər cümhuriyyətin öz ixtiyarına buraxılmışdır”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.94-95)

Xalid Səid yeni əlifba ilə bağlı xatirə və duyğularında yazırdı ki, bir çoxlarına təəccüblü gələ bilər ki, yeni əlifbaya keçmək işi hər cümhuriyyətin öz müstəqil işidirsə, bəs onda Türkoloji Qurultayın nə əhəmiyyəti vardı? Ancaq bu, belə olsa da, bundan başqa bir dəyərli qərar qəbul etmək mümkün deyildi. Xalid Səid qeyd edirdi ki, yeni əlifbanın əski əlifbadan üstün olduğu barədə qərar qəbul etməklə Türkoloji Qurultay öz məqsədinə nail ola bildi. Xalid Səid onu da deyirdi ki, hər bir nümayəndə heyəti öz məmləkətinə qayıdandan sonra komitələr təşkil edəcək, öz dillərinin xüsusiyyətlərinə uyğun yeni əlifba layihələri hazırlayacaq və yeni əlifba ilə əlaqəli gələcəkdə çağırılacaq konfranslarda müzakirələr aparılacaqdı. Doğrudan da, bu, belə oldu. Gələcəkdə yeni əlifba ilə bağlı əlifba komitəsinin təşkil etdiyi dörd konfrans çağırıldı. Xalid Səid yazırdı: “…Türkoloji qurultay sayəsində Anadolu türkləri bitərəf, qazaxlar ilə kazanlılar tamamilə qarşı oldu; qalan türk-tatar ölkələrinin isə qəti olaraq yeni əlifbanı qəbul etmiş olduqlarına hökm edilə bilərdi”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.96).

Buludxan Xəlilov
filologiya üzrə elmlər doktoru,
professor