Kremldən Ankaraya barış mesajı…backend

Kremldən Ankaraya barış mesajı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftəsonunun mühüm siyasi olaylarından biri Rusiya prezidenti Vladimir Putinin Yunanıstanda səfər zamanı verdiyi açıqlamalar oldu. Putinin xüsusən də Türkiyə ilə münasibətlərin perspektivi barədə söylədikləri diqqətçəkicidir. Məlumdur ki, Afinada bu mövzuda danışarkən o, ənənəvi sərt və davakar leksikon yox, ilk dəfə olaraq yumşaq ritorika seçib və Moskvanın Ankara ilə barışmaq istədiyini dilə gətirib.

Putinin bu açıqlaması əslinə qalsa, Ankaraya mesajdır ki, barış üçün üzrxahlığa bənzər istənilən jest artıq məqbul sayıla bilər – təki hansısa jest olsun. İki böyük dövlətin barışması isə bölgədə yeni bir situasiya demək olardı və region qismən rahat nəfəs alardı. O halda bu, əlbəttə ki, Azərbaycanın da köklü maraqlarına təsirsiz ötüşməyəcək. Öncəliklə Qarabağ münaqişəsini nəzərdə tuturuq. Çünki Moskva və Ankaranın məsələdə ortaq əməkdaşlığının təzədən gündəmə qayıtması mümkündür.

Ola bilsin o zaman – müharibə məsələsində Azərbaycanın əl-qolu bağlansın – Kremlin xahişi, Ankaranın Bakıya təsiri ilə. Amma əvəzində bir neçə rayonun geri qaytarılması tezləşə bilər. Ancaq məsələ ondadır ki, bir neçə rayondan sonra konflikt Moskvanın ssenarisi üzrə yenidən dondurulmayacaq ki? Bu sual hələ ki barışığın özü qədər açıq qalır…

Bütün hallarda Rusiya-Türkiyə münasibətlərinin normal məcraya qayıtması Güney Qafqazda, Qarabağ münaqişəsi zonası ətrafında hərbi gərginliyi azaldar, konfliktlə bağlı dialoq imkanlarını genişləndirərdi. Ancaq qeyd elədiyimiz kimi, bunun tezliklə regionun ən üzücü probleminin həllinə gətirəcəyini söyləmək asan deyil, çünki Kremlin gerçək planlarını təxmin eləmək çətindir. Hər necə olmasa, Rusiya-Türkiyə münasibətləri 24 noyabradək kifayət qədər yüksək səviyyədə olub, amma o vaxt Qarabağ məsələsinin həllində ciddi dönüş qeydə alınmayıb.

24 noyabr təyyarə insidenti baş verdikdən və Rusiya-Türkiyə əlaqələri korlandıqdan sonra situasiyada, bölgədə baş verən ən mühüm dəyişikliklərdən biri də budur – Qarabağ məsələsində status-kvonun 4 günlük müharibə ilə Azərbaycanın, demək, həm də Türkiyənin xeyrinə dəyişməsi. Moskva bunu ciddiyə almaq zorundadır. Əks halda yeni və daha böyük müharibə qaçılmaz olacaq – Kremldə bunu yaxşı bilirlər.

Müharibə isə Rusiyanın Türkiyə ilə qarşı-qarşıya gəlməsi deməkdir. Lakin Kreml bunu istəmir. Ermənilərə görə bölgənin iki mühüm dövlətini – Türkiyəni və Azərbaycanı bəlli səbəblərdən itirməkdən çəkinir, bunun marağında deyil. Təsadüfi deyil ki, Afinada Putin belə bir fikir də söyləyib ki, “Rusiya Türkiyə ilə heç vaxt hərbi toqquşma vəziyyətinə gəlməyəcək, bu – istisnadır”.

Kremldən Ankaraya barış mesajı...

Ankara-Moskva barışığı bu toqquşmadan qaçmağın ən etibarlı zəmanəti olardı. Əksinə, müharibə barışıq üçün olan-qalan imkanları da dəfn edərdi. Üstəlik, Güney Qafqazda hərbi-siyasi durum son vaxtlar sürətlə Rusiyanın ziyanına dəyişməkdədir. Söhbət ən əvvəl Gürcüstanda ABŞ-ın, NATO-nun möhkəmlənməkdə davam edərək, hərbi təlimlər keçirməsi, orada artıq özünün hərbi bazasını qurması, paralel surətdə Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın güclənməkdə olmasıdır. Artıq üç ölkənin ilk birgə təlimlərinin anonsu da verilib. Ankara-Moskva tərəfdaşlığı isə bölgədə güclənən Qərb təsirlərini zəiflədə, bu təsirlərə qarşı özünəməxsus bufer rolu oynaya bilərdi.

Barışığı zəruri edən başqa amillər də mövcuddur: Türkiyə üçün turizm mövsümünün başlaması, Rusiyanın isə iqtisadi durumunun aybaay ağırlaşması bu qəbildəndir. Bundan əlavə, İsraillə Türkiyə arasında 2010-cu ildə “Mərmərə olayı”na görə pozulmuş münasibətlər artıq düzəlmək üzrədir və yeni baş nazir Binəli Yıldırımın iş başına gəlməsi ilə yekun qərarın ratifikasiyası gözlənilir.
Azərbaycan da İsraillə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq ərəfəsindədir. Ölkəmizin dostu hesab edilən sabiq xarici işlər naziri Avidqor Libermanın ötən həftə hakimiyyətə qayıdaraq, İsrailin müdafiə nazir postuna sahiblənməsi isə bu xüsusda çox mühüm hadisə sayılır.

Kremldən Ankaraya barış mesajı...

Region və onun ətrafında cərəyan edən və əslində Rusiyanın böyük bir bölgədə faktiki, çıxdaş edilməsinə apara biləcək bu kimi prosesləri Moskva sözsüz ki, ciddiyə almaya bilməz. Görünür, bu proseslərin mümkün siyasi, geosiyasi və hərbi nəticələrini hesabladığı üçün də Kreml Ankaraya qarşı ənənəvi sərt ritorikanı yumşaltmalı olub. Eyni zamanda maraqlıdır ki, şimaldan Bakıya qarşı da xoş məram mesajları müşahidə olunmaqdadır – hansı ki, yenə prezident Putinin Yunanıstan səfəri çərçivəsində qeydə alınıb.

Xəbər verildiyi kimi, səfər zamanı Azərbaycanın “Şahdəniz -2\” qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinə (onun üçüncü seqmenti TAP-a) Rusiyanın əngəl olmaqdan vaz keçdiyi bəlli olub. Məlum olub ki, TAP-a alternativ hesab edilən ”İTGİ Poseidon\” qaz kəməri layihəsinin həyata keçiriləcəyinə dair Afinada heç bir bəyanat səslənməyib. Putin bildirib ki, Rusiya Avropa bazarına qaz ixracını genişləndirmək üçün əsas stavkanı Baltik dənizinin dibindən keçən “Şimal axını-II” qaz kəməri layihəsinin reallaşmasına yönəldəcək (virtualaz.org).

Kremldən Ankaraya barış mesajı...

Yada salaq ki, “İTGİ Poseidon” layihəsi hələ 2003-cü ildə irəli sürülüb. Qazın Yunanıstanın şimal-şərqindən İtaliyanın cənubuna nəql edilməsi nəzərdə tutulurdu, yəni marşrut eynilə TAP-ı təkrarlayırdı. Eyni zamanda “Cənub axını”nın Bolqarıstandan yan keçən variantının həyata keçirilməsi üçün vacib idi. Ancaq indi belə görünür ki, Moskvanın səylərinə baxmayaraq yunan baş nazir Aleksis Tsipras Qərbin dəstəklədiyi TAP layihəsini həyata keçirməyə, ona alternativ layihələri kənara qoymağa üstünlük verib, daha doğrusu, təzyiq altında buna məcbur edilib.

Beləliklə də Putinin TAP-ın təməlinin qoyulmasından 10 gün sonra Yunanıstana etdiyi səfərin nəticələrinə əsasən Azərbaycan qazının Avropanın cənubuna nəqli layihəsinə hər hansı rəqib qalmayıb. Həm Azərbaycan, həm Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin yolunu hansısa formada kəsməyə yönəlmiş qaz müharibələrinin Bakının qələbəsi ilə bitdiyini söyləmək olar.

Əlbəttə ki, bu qələbənin baş memarı Qərbdir. Kremlin geri çəkilməsində aparıcı amil də odur – Qərb (Amerika, Avropa). İndi Qərb təkcə energetik sferada deyil, geosiyasi alanda – Cənubi Qafqazda, Ukraynada da Rusiyanı ciddi şəkildə sıxışdırmağa başlayıb. Kremlin bu üzdən yeni tərəfdaşlar axtarışına çıxması, az öncə itirdiyi tərəfdaşları ilə barışığa, itirməkdə olduqları münasibətləri yaxşılaşdırmağa meyllənməsi, bütövlükdə “daşları yığmağa başlaması” bu mənada təəccüblü görünməməlidir.

Yalnız onu əlavə eləmək qalır ki, son gəlişmələr fonunda Bakı üçün həm də Rusiya və Türkiyəni barışdırmaqdan ötrü yeni və unikal bir fürsət açılmış olur. Azərbaycan bu barışığı tezləşdirə bilər. Kremldən Ankaraya göndərilən mesajla eyni vaxtda Bakıya edilən reveransın daha bir motivi ola bilsin elə budur – (köhnə) dost-müttəfiqləri həmişəlik itirməmək istəyi.
Dost-rəqiblərin təzədən dəqiqləşməsi prosesi başlayıb. (musavat)

İnterpress.az