İnterpress.az-ın verdiyi xəbərə görə, uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children\’s Day) 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan \”Qadınların Beynəlxalq Konfransı\”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. \”Ümumdünya Uşaqlar Günü\” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
1924 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilib. Bu bəyənnamədə deyilirdi ki, \”bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin\”. Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən həyata keçirilib.
Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda \”uşaqlara yardım fondu\”nun əsasını qoydu.
Dünya üzrə yalnız Amerika Birləşmiş Ştatları indiyə kimi Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etməyib.
Əsas kimi isə həmin Konvensiyanın ABŞ-ın suverinliyinə təhlükə olduğu göstərilir.
Azərbaycanda isə uşaqlar üçün demək olar ki, çox az imtiyazlar var. Bu imtiyazlar ancaq valideyinlərindən birini itirən uşaqlara şamil edilən aylıq müavinətdən ibarətdir. Bəzi ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara dövlətmizin verdiyi imtiyazları çıxsaq, demək olar ki Azərbaycanda uşaq hüquqları çox ağır şəkildə tapdanıb.
Milli Məclisin Sosial Siyasət Komitəsi isə üçəm doğulmuşlar üçün xüsusi imtiyazların verilməsi məsələsini qeyri-ciddi hesab etdiyi üçün əhəmiyyətsiz yanaşdı.
Adıçəkilən komitənin sədr müavini Musa Quliyevin (şair Musa Urud) kasıb ailələrdə uşaqların doğulmasının əleyhinə çıxaraq \”kasıbdır canı çıxsın doğmasın\” ideyası ilə mətbuatın gündəmini zəbt etdi.
Sovet dönəmində Azərbaycanda hər bir uşağa verilən aylıq uşaqpulu isə müstəqillik dövründə ləğv edildi. Milli Məclisin deputatlarından biri, maddi imkanları ilə oliqarx adlandırılan şəxs \”azərbaycanlılar çox varlıdırlar, uşaqpuluna ehtiyac yoxdur, yığışdırılsın\” çağırışı ilə çıxış etdi.
Bu gün Azərbaycanda uşaqların vəziyyəti çox acınacaqlıdır. Biz hər gün susatan, konduktorluq edən, kərpickəsən, yükdaşıyan azyaşlıları ürək ağrısı ilə seyr edirik.
Biz ölkənin hər addımında fəaliyyət göstərən uşaq əyləncə mərkəzlərinə yaxın dura bilmirik. Çünki bu mərkəzlər sanki deputat Musa Quliyevin \”kasıbdır, canı çıxsın doğmasın\” ideyasından törəyib. Uşaqlar üçün nəzərdə tutulan bütün əyləncələr çox bahadır. Bu günki od tutub yanan bazar, pik həddə çatan işsizlik və devalivasiyadan sonra maaşların azaldılması Azərbaycan uşaqlarının özünəgüvənc hissini məhv etməkdədir.
Üstəlik, telekanallarda nümayiş olunan səviyyəsiz verlişlər, varlı, cahil \”ulduzların\” reklamı böyüməkdə olan nəslin mənəvi aləmini darmadağın edir.
Arzu Abdulla