4 iyun qiyamı və “cəbhəkratlarla partokratlar” iqtidarı…backend

4 iyun qiyamı və “cəbhəkratlarla partokratlar” iqtidarı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 iyun 1993-cü ildə Surət Hüseynovun AXC hakimiyyətinə qarşı qaldırdığı hərbi qiyamdan 23 il keçir. Xeyli müddət keçməsinə baxmayaraq, hələ də bu hadisələrin açılmayan səhifələri çoxdur. Hələ də cəmiyyətimizdəki neqativlərin, problemlərin kökü 1993-cü ilin iyun hadisələrində axtarılır və ya o zamankı hakimiyyət qınanılır.

1992-1993-cü illərdə Ali Məhkəmənin sədri işləmiş, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli “gununsesi.info”ya müsahibəsində iyun qiyamı, o dövrkü proseslər barədə yeni açıqlamalarla çıxış edib.

Tahir Kərimli deyib ki, qiyamın səbəblərindən biri də hakimiyyətdaxili münasibətlər olub: “Hakimiyyət daxilində müxtəlif proseslər gedirdi. Ən çox fikir ondan ibarət idi ki, hərə özünə səlahiyyət tələb edirdi. Özünü prezident kimi aparırdı. Vəzifədən çıxarılanların çoxu rayon məhkəmələri tərəfindən yenidən işə bərpa olunurdu. Rayon məhkəmələri də o zaman Ədliyyə Nazirliyinə tabe idi. Mən də çalışırdım ki, rayon məhkəmələri də Ali Məhkəməyə tabe olsun. Yanlış olaraq məni vəzifədən çıxarılanları məhkəmə yolu ilə işə bərpa etməkdə ittiham edirdilər. Amma özləri Müzamil Abdullayev, Rəsul Quliyev, Abbas Abbasov kimi mafiozlar var ki, onları vəzifəyə təyin edirdilər. Məhz elə həmən mafiozlar da AXC hakimiyyətini yıxdı. Ona görə də vahid sistem olmalı idi. Daha cəbhəkratla partokratları birləşdirib simbioz hakimiyyət quranda sonu da belə olmalı idi.

 4 iyun qiyamı və “cəbhəkratlarla partokratlar” iqtidarı...

Bir dəfə dedilər ki, bəs Milli Məclisdə qapalı iclas keçirilir və orada Azərbaycanın MDB-yə qoşulması müzakirə olunur. Tez əlimdə istefa ərizəsi ilə parlamentə gəldim. Gördüm, qapalı iclas gedir və Azərbaycanın MDB-yə qoşulması rəsmi qaydada gündəliyə salınıb müzakirə olunur. İclasın dəqiq tarixi yadımdan çıxıb. Tez söz alıb bu məsələnin əleyhinə olduğumu və istefa ərizəsi ilə çıxış etdim. Dedim ki, buradan çıxıb Ayaz Mütəllibovdan, Elmira Qafarovadan və digərlərindən üzr istəyəcəyəm. Axı biz onları məhz bu cəhdlərinə görə hakimiyyətdən devirdik. Məgər hakimiyyəti devirdik ki, MDB-yə üzvlük onların əli ilə yox, bizim əlimizlə olsun. Girən idiksə, elə o zaman MDB-yə girərdik də.. Yəni belə bir vəziyyət yaranmışdı.
Ümumiyyətlə, hakimiyyətin vahid dəsti-xətti, strategiyası, intizam qaydaları yox idi. Bu intizamsızlığın nəticəsi idi ki, güc strukturları qanunla prezidentə tabe olmalı olduğu halda buna riayət etmirdilər. Onun əmirlərini layiqincə yerinə yetirmirdilər. Elə hadisələr baş verirdi ki, adam dəhşətə gəlirdi\”.

Bununla belə, T.Kərimli o zamankı hakimiyyətdə təmiz çalışan insanların da çox olduğunu bildirib: “Yüzlərlə adam sadalaya bilərəm ki, onlar vəzifələrində ideyalarına sadiq qaldılar və təmiz işlədilər. Bir dəfə Ucar rayonuna getmişdim. Oranın Beydulla adlı icra başçısı vardı. Onun evində qonaq olduq. Təsəvvür edin ki, icra başçısının evində qonağın altına qoymağa stulu yox idi. Belələri yüzlərlə idi. Əqidələrinə sadiq insanlar çox idi. Kim deyirsə işləmirdilər, bu yalandır”.

T.Kərimlinin dediklərinə AXC hakimiyyəti zamanında milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləyən, həmçinin deputat olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin münasibətini öyrəndik. S.Əkbər Milli Məclisdə iştirak etdiyi iclaslarda Azərbaycanın MDB-yə qoşulması məsələsinin müzakirəyə çıxarıldığını xatırlamadığını dedi: “Azərbaycanın MDB-yə üzv olması bizim hakimiyyətimiz zamanında heç vaxt siyasi müzakirəyə çıxarılmayıb. Gərək əvvəl siyasi qərar olsun ki, sonra məsələ parlament müzakirəsinə çıxarılsın. Ola bilsin ki, Milli Məclisin hansısa iclasında əski kommunist deputatlardan kimsə MDB-yə üzvlük məsələsini qaldırıb. Amma bu, məsələnin rəsmi müzakirəyə çıxarılması demək deyil”.

 4 iyun qiyamı və “cəbhəkratlarla partokratlar” iqtidarı...

Güc strukturlarının qanunla prezidentə tabe olmalı olduğu halda buna riayət etmədikləri barədə T.Kərimlinin dediklərinə gəlincə, S.Əkbər qeyd etdi ki, digər güc strukturları barədə hansısa fikir bildirmək istəmir, ancaq özünün işlədiyi struktur haqda “prezidentə tabe olmamaq” ittihamı səsləndirməyə əsas yoxdur: “Mən özümün işlədiyim Milli Təhlükəsizlik Nazirliyi haqda deyə bilərəm ki, nazirliklə siyasi hakimiyyət arasında problem olmayıb. Xüsusən də MTN-in rəhbərliyi tərəfindən prezidentin hansısa qərarının icra olunmaması halları olmayıb. Digər qurumlara və vəzifəli şəxslərin hərəkətlərinə gəlincə, siyasi etika məsələsi var, mən də bir siyasi komandanın üzvü olmuşam, ona görə də mən komanda yoldaşlarım barədə publik açıqlamalar vermək istəmirəm”.

“Tahir Kərimlinin adını çəkdiyi Rəsul Quliyev, Abbas Abbasov, Müzamil Abdullayev kimi maddi imkanı yüksək olan adamların yüksək vəzifələrə irəli çəkilməsinin AXC hakimiyyətinin yıxılmasında rolu oldumu” sualına S.Əkbər belə cavab verdi: “Heç şübhəsiz ki, kadr məsələsi ciddi məsələdir. Amma o kadrların təyinatı məsələlərinə, onların hər bir hərəkətinə görə də o şəxsləri təyin edənlər məsuliyyət daşıyırlar. Mən kadr təyinatı məsələlərinə məsul olmamışam, bilirsiniz ki, ümumiyyətlə, Xalq Cəbhəsinin üzvü deyildim. Ona görə də mən kadr təyinatlarının müzakirəsində, ümumiyyətlə, iştirak etməmişəm. Həmin dövrdə ADP-nin həmsədri idim”.

 4 iyun qiyamı və “cəbhəkratlarla partokratlar” iqtidarı...

AXC hakimiyyətinin baş naziri Pənah Hüseyn isə bildirib ki, 4 iyun Gəncə hadisələri ilə bağlı açıqlamasında həmin hadisələrdə AXC iqtidarının qətiyyətsizliyini etiraf edib: “Hakimiyyəti qoruyub saxlamaq bizim borcumuz idi və mümkün idi. Rus qoşunlarının Azərbaycandan çıxarılması bizim əsas strategiyalarımızdan biri idi. Biz yetərincə qətiyyətli olsaq, hakimiyyət çevrilişinin qarşısını ala bilərdik”.

Qiyam zamanı daxili qoşunların komandanı olan, hazırda Ukraynada mühacirətdə yaşayan Fəhmin Hacıyev isə moderator.az-a açıqlamasında P.Hüseynin etirafına sevindiyini bildirib və qeyd edib ki, vaxtilə onun təklifi qəbul olunsaydı, hər şey başqa cür olardı: “Mən çox sevinirəm ki, hörmətli Pənah bəy 1993-cü il Gəncə qiyamı zamanı edilmiş qətiyyətsizliyi etiraf edir. İyunun 7-dəki müşavirədə verdiyim təklif qəbul edilsəydi və qətiyyətli addımlar atılmasına icazə verilsəydi, bugünkü Azərbaycan fərqli və demokratik bir ölkə olacaqdı. Bu etiraf həm də çox acıdır. O dövrdə əvvəldən Müdafiə Nazirliyi rəhbərliyi mümkün qədər ehtiyat tədbirlərinin görülməsindən yayınırdı. Müdafiə Nazirliyinin rəhbərliyi ümumən hakimiyyətin əleyhinə işləyirdi”.(musavat)

İnterpress.az