\”Canlı tarix\” rubrikası altında bu hadisələrlə bağlı oxucularına silsilə yazılar təqdim edirik
İlk yazı Şuşa şəhəri yaxınlığında Daşaltı kəndində 1992-ci ilin yanvar ayında olmuş uğursuz əməliyyatla bağlıdır.
1992-ci ilin yanvar ayının 25-dən 26-a keçə gecə həyata keçirilmiş əməliyyat millətimizin tarixinə qanlı bir səhifə kimi yazılıb. Əməliyyat haqqında indiyə kimi çox yazılar yazılıb, çox sözlər deyilib, saysız-hesabsız fikirlər səsləndirilib. Amma…
Amma bütün bunlara baxmayaraq, Daşaltı əməliyyatı haqqında müəmmanın bu hadisənin üzərindən götürüldüyünü deyə bilmərik. Məhz bu səbəblər Daşaltı əməliyyatının üzərinə bir daha təkrar qayıtmağın aktuallığını özündə saxlayır.
Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirildiyi söylənilən bu əməliyyat xeyli sayda canlı qüvvənin itkisi ilə nəticələnib. O zamanlar yeni formalaşdırılan Azərbaycan Milli Ordusunun I batalyonu və Şuşa şəhərinin müdafiə taboru getmişdi Daşaltıya. Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv olublar. Bu əməliyyatda itkin düşmüş hərbçilərimizin bir çoxunun taleyi haqqında indi də məlumat yoxdur. Daha dəqiqini desək, əməliyyatda itkin düşmüş hərbçilərimizin taleyi haqqında informasiya əldə etmək bu günədək mümkün olmayıb.
– Daşaltı əməliyyatı niyə uğursuzluqla nəticələnib?
– Əməliyyatdan əvvəl əməliyyat sirləri yayılmışdımı?
– Əməliyyata qeyri-peşəkar hazırlığın olması haqqında səsləndirilən fikirlərin əsası varmı?
– Əməliyyat niyə ciddi itkilərlə nəticələnib?
– Əməliyyatdan sonra Daşaltıda ölmüş hərbçilərimizin meyitləri ərazidən niyə gec çıxarılıb?
– Bu əməliyyat Qarabağ müharibəsində həlledici dönüş yarada bilərdimi?
– Azərbaycan ictimaiyyəti Daşaltı əməliyyatı ilə bağlı həqiqətləri bilirmi?
Göründüyü kimi suallar çoxdur. Əksəriyyəti isə hələ də cavabsız qalmış suallardı.
Daşaltı əməliyyatı haqqında müəmmaların üzərinə gün işığı salmaq üçün müəyyən məsələlərə aydınlıq gətirməyə çalışdıq.
90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qarabağ bölgəsi üzrə Şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev bizimlə söhbətində Daşaltı əməliyyatı ilə bağlı bir sıra məsələlərlə əlaqədar diqqət çəkən fikirlər söylədi.
A.Əliyev bildirir ki, Daşaltı əməliyyatının ağır itkilərlə, uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən biri əməliyyatın qeyri-peşəkar hazırlanmasıdır. Sabiq MTN zabiti hesab edir ki, coğrafi mövqeyinə görə, 60-dan artıq evi olan kiçik bir kənddə general – nazir səviyyəsində əməliyyat keçirilməz: \”Şuşadan baxanda kənd ovuc içi kimi görünür. Ora heç bələdçi də lazım deyildi. Görünən kəndə nə bələdçi? Sonra da deyirlər ki, bələdçilər bizi aldatdılar. Mayor rütbəli hərbçinin rəhbərliyi ilə maksimum 2 batalyonla yerinə yetiriləcək bir əməliyyat idi bu\”.
Əməliyyatın keçirildiyi zaman Şuşa şəhəri hələ işğal olunmamışdı. Əslində kənddə əməliyyat keçirmək asanlıqla başa gəlməliydi. Bütün bunlara baxmayaraq, ağır məğlubiyyət yaşandı…Bu barədə bir qədər sonra.
1992-ci ilə Daşaltı əməliyyatında yaşanmış faciədən xeyli əvvəl – 1991-ci ilin aprel ayında yerli qüvvələrlə, polislə birlikdə Daşaltı kəndində pasport rejiminin yoxlanılması ilə bağlı uğurlu əməliyyat keçirilib. Əməliyyatın icrasında bilavasitə məsul olmuş A.Əliyevin sözlərinə görə, bu çox uğurlu bir əməliyyat olmuşdu: \”İştirakçılardan heç birinin burnu da qanamamışdı. Neçə nəfər erməni ölmüşdü. Səhərisi gün isə birbaşa kəndin içərisinə girdik və Daşaltıda nə qədər əli silah tutan başıpapaqlı erməni vardı, hamısını tutub gətirdik. Sonra da bizə təzyiqlər oldu ki, onları buraxın. Bu əməliyyatda ən böyük silahımız pulemyot idi. Əfsuslar olsun ki, Daşaltıda 1992-ci ilin 25-26 yanvarında keçirilən əməliyyat uğursuzluqla nəticələndi. İtkilərimiz böyük oldu. Bu əməliyyatda topdan da istifadə olunmuşdu. Top birbaşa Daşaltıya atırdı\”.
Əməliyyatın uğursuz alınmasının əsas səbəbləri nələr olub?
A.Əliyevin sözlərinə görə, əməliyyat qeyri-peşəkar hazırlanmışdı: \”Bilməyən adamlar bilmədikləri işlərdən yapışmışdılar. Belə kiçik bir kənddə bu qədər itki vermək mümkün deyildi. Ən çox sual doğuran məqamlardan biri odur ki, bu əməliyyata niyə hazırlıqsız göstəriş verilmişdi? Hər zaman düşmənə üstünlük verilməlidir, onun qüvvəsini dəqiq bilmək lazımdır. Kəşfiyyat məlumatlarına tam əsaslanaraq əməliyyat icra olunmalıydı. Kənddə yerləşmiş ermənilərin qüvvələri haqqında, ermənilərin pusqularının yerləşdiyi koordinatlar haqqında konkret məlumatlara malik olmayıblar. Faktiki olaraq hərbçilərimizin çoxu pusquya düşüb həlak olublar. Hərbçilərimiz birbaşa erməni postunun üstünə gedib çıxmışdılar və orada qırılmışdılar\”.
Əməliyyat sirrinin öncədən yayılması ilə bağlı məlumatlar Daşaltı əməliyyatının gündəmində ağırlığı ilə dayanan önəmli detallardandır.
A.Əliyev hesab edir ki, əməliyyatın qeyri-peşəkar hazırlıq səviyyəsi olub. Sabiq MTN zabiti bildirir ki, o vaxt Şuşa şəhərində rayon partiya komitəsində yaradılan qərargah otağında əməliyyatla bağlı keçirilmiş müşavirə bitdikdən sonra əməliyyatın xəritəsi otaqda stolun üzərində qalmışdı. Bunun ciddi səhv olduğunu qeyd edən A.Əliyev deyir ki, ən xırda, adi görünən belə diqqətsizlik sonradan ciddi, ağır nəticələrə gətirib çıxarır.
Daşaltı əməliyyatının uğursuzluğu o zaman ruh düşkünlüyünə səbəb olub.
A.Əliyev bildirir ki, bu hadisə həm hərbçilərə, həm də Qarabağ camaatına çox pis təsir etmişdi: \”Əməliyyatdan bir gün sonra Şuşaya getmişdim. Əhalinin gözündə vahimə gördüm. Anam məni görüb ağladı və dedi ki, belə vaxtı niyə bura gəlmisən?\”
Bu əməliyyat Qarabağ müharibəsində həlledici dönüş yarada bilərdimi? Əgər əməliyyat Milli Ordunun qələbəsilə nəticələnsəydi, sonrakı hadisələr necə cərəyan edərdi?
A.Əliyevin sözlərinə görə, Daşaltı əməliyyatı ruh düşkünlüyü yaratmışdı: \”Əgər əməliyyatda qələbə yaşansaydı, ardıcıl məğlubiyyətlər yaşanmazdı. Hadisəyə bu gün də qiymət verilməyib\”.
Əməliyyatda hərbçilərimiz itkin düşüb. Onlar haqqında bu gün də heç bir məlumat yoxdur.
A.Əliyev qeyd edir ki, Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında əsir, itkin düşmüş şəxslərin dəyişdirilməsi ilə bağlı fəaliyyət göstərdiyi müddətdə Daşaltı əməliyyatında itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb. Onun sözlərinə görə, əməliyyatda itkin düşmüş şəxslərin adları axtarışda olan Azərbaycan vətəndaşlarının siyahısındadır, amma ermənilər həmin şəxslər haqqında məlumat verməkdən imtina ediblər.
Əməliyyatdan sonra həlak olan hərbçilərimizin meyitləri kənddən gec çıxarılıb. Bunun səbəbi nə olub?
A.Əliyev bununla bağlı bildirir ki, meyitlər bir neçə gün sonra kənddən çıxarılıb. O deyir ki, meyitlər rusların köməkliyilə əməliyyat olan ərazidən götürülüb.
Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saatlarında başlayıb və bir gün sonra yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib. O, əməliyyat keçirilən zaman Şuşa şəhərində olub. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun I batalyonu və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv olublar. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onlarla hərbçimiz itkin düşüb. Döyüşdə ermənilər bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
P.S. Bu hadisədən 24 il keçib. Qeyd etməyi vacib hesab edirəm ki, Daşaltı əməliyyatı ilə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. İstər hərbçi olsun, istərsə də mülki şəxs. Bu isə uğursuzluqla və qanlı faciəylə nəticələnmiş Daşaltı əməliyyatına münasibətin acı gerçəyinin necə olduğunu faktiki olaraq ortaya qoyur. Ən yaxın keçmişimizin tarixini bu sətirlərlə yazacağıqsa, təəssüf…Həm də çox…
Daşaltı əməliyyatında itkin düşmüş və şəhid olmuş oğullarımızın ruhuna ithafla…(trend)
Interpress.az