Lipetskdə əfsanəvi “Scorpions” konsertini təşkil edən şəxs müflis olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Rusiyanın Lipetsk şəhərində 2008-ci ildə əfsanəvi “Scorpions” rok qrupunun konsertini təşkil edən Maksim adlı şəxs böyük borca düşərək bütün əmlakını itirib. Təşkilatçının qızı bildirib ki, atası rok qrupunu şəhərə gətirmək və pul qazanmaq üçün tanıdığı menecerin təklifinə inanaraq təxminən 10 000 000 rubl (təxminən 195 000 manat) sərmayə qoyub.
O, bu məbləğin 6 000 000 rublunu (təxminən 117 000 manat) isə dostlarından borc alıb. Lakin fırıldaqçı menecer biletlərin satışı ilə bağlı həm qrupu, həm də təşkilatçını aldadıb. Reklam kampaniyasının zəif olması ucbatından konsert uğursuzluqla nəticələnib, sakinlər isə bilet almaq əvəzinə konserti yaxınlıqdakı evlərin damından pulsuz izləyiblər.
Hadisə nəticəsində təşkilatçı bütövlükdə 15 000 000 rubl (təxminən 292 500 manat) məbləğində zərərə düşüb və onun ailəsi altı il ərzində borc əsarətində yaşayıb.
Borcları ödəyə bilmək üçün ailə özünə məxsus iki avtomobili, iki mənzili və torpaq sahəsini dəyər-dəyməzinə satmağa məcbur olub. Borcların tam şəkildə ödənilməsi yalnız altı ildən sonra mümkün olub.
Rok qrupunun direktorunun isə o zaman baş verənlərə qəzəblənərək, bir daha heç vaxt Lipetskə xarici musiqi qrupunun gəlməsinə icazə verməyəcəyini bəyan etdiyi bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






