Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.
İnterpress.az müraciətin mətnini təqdim edir:
Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!
Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.
Azərbaycan otuz ildən artıq müddətdə münaqişə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalının nəticələri ilə üzləşib. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq insan Ermənistandan və Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindən didərgin düşüb. İtkin düşmüş 4010 azərbaycanlının taleyi hələ də məlum deyil. 613 mülki şəxsin həlak olduğu Xocalı qətliamı, eləcə də kəndlərin və şəhərlərin, dini məkanların və mədəni irs nümunələrinin dağıdılması milli tariximizin ən ağrılı səhifələrindəndir. Münaqişəyə dair istənilən qiymətləndirmə prosesində bu reallıqlar nəzərə alınmalıdır.
Minalar və partlamamış hərbi sursatlar insanların həyatını təhlükə altında qoymağa, həmçinin bərpa işlərinə və didərgin düşmüş ailələrin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycanın qiymətləndirməsinə əsasən, ölkə ərazisinin təqribən 13 faizində 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci ildən bəri mina və digər sursatların partlaması nəticəsində 440-dan çox Azərbaycan vətəndaşı zərər çəkib. Bu baxımdan, Konqresi humanitar minatəmizləmə fəaliyyətinə, habelə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, o cümlədən mümkün dəfn yerləri və taleyi naməlum qalan şəxslər barədə məlumatların əldə edilməsinin zəruriliyinə davamlı diqqət yetirməyə çağırırıq.
Mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev sülhün təmin olunmasına, münasibətlərin normallaşdırılmasına və regional iqtisadi inteqrasiyaya yönəlmiş strateji xətt yürüdüb. Azərbaycan sülh sazişinin hazırlanması təşəbbüsünü irəli sürüb və Ermənistan tərəfinə sazişin layihəsini təqdim edib. Biz Prezident Donald Trampın bu prosesin irəlilədilməsində mühüm rolunu qəbul edir və yüksək qiymətləndiririk.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti mühüm diplomatik mərhələ olub. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarasi münasibətlərin qurulmasi haqqında” Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarət əlaqələri qurulub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə regional nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi üçün perspektivlər açır. Bütün bunlar, eyni zamanda, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.
Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvləri olaraq, biz bu sülh gündəliyini dəstəkləyir və hesab edirik ki, Konqres əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilər.
Sizin məktubunuzda saxlanılan bəzi şəxslər “siyasi və hərbi liderlər” kimi təqdim olunur. Bu ifadələr reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı qurumda yüksək vəzifələr tutublar və müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar. Məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib, hökm çıxarılmazdan əvvəl isə sübutlar və şahid ifadələri araşdırılıb. Konqresin ədalətli məhkəmə araşdırması prisipinə verdiyi əhəmiyyəti bölüşürük. Eyni zamanda, Azərbaycanın suverenliyinə və məhkəmə institutlarına münasibətdə də digər dövlətlərə göstərilən yanaşmaya uyğun hörmətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.
Bununla yanaşı, təxminən 241 km² ərazinin guya Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə etiraz edirik. Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. İki ölkə arasındakı beynəlxalq sərhədin ayrı-ayrı hissələri üzrə dəqiq xəttin müəyyənləşdirilməsi ikitərəfli delimitasiya və demarkasiya prosesinin predmetidir. Hesab edirik ki, bu məsələlər nəticəni əvvəlcədən müəyyənləşdirən birtərəfli qiymətləndimələr əsasında deyil, mövcud mexanizmlər çərçivəsində həll olunmalıdır.
Konqres mədəni irs məsələsində etibarlı və prinsipial yanaşma zamanı əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, ziyarətgahlarının və tarixi abidələrinin dağıdılmasını və təhqir olunmasını da nəzərə almalıdır. Dini və mədəni irsin qorunması universal prinsipə əsaslanmalı, ayrı-seçkiliyə və seçici yanaşmaya yol verilməməlidir.
Konqresi, həmçinin, “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir. Onun tətbiqinin dayandırıldığı hallarda belə, bu maddə ikitərəfli tərəfdaşlığımızın bütün potensialının reallaşdırılmasına maneə olaraq qalır. Maddənin ləğvi regional sülh prosesinə və ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına Konqresin dəstəyini ifadə edən əhəmiyyətli mesaj olardı.
Bu, ABŞ-nin ikipartiyalı siyasi rəhbərliyi üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında sülh Vaşinqtonda partiyalararası mübahisə predmetinə çevrilməməlidir. Əksinə, bu, regional sabitliyi, iqtisadi imkanları və ABŞ-nin maraqlarını irəli aparan diplomatik nailiyyət kimi qiymətləndirilməlidir. Məhz ikipartiyalı yanaşma ABŞ administrasiyalarına ölkəmizlə onilliklər ərzində davam edən tərəfdaşlıq qurmağa, ölkənizin əsas siyasət prioritetlərinə, o cümlədən sülhməramlı əməliyyatlara Azərbaycanın dəstəyindən faydalanmağa imkan verib.
Azərbaycan və Ermənistan humanitar, hüquqi, siyasi və praktiki xarakterli həllini gözləyən məsələləri birbaşa ikitərəfli dialoq vasitəsilə həll etməyə sadiq olduqlarını bəyan ediblər. Xarici tərəfdaşlar bu prosesi dəstəkləməklə və hər iki tərəf üçün məqbul həll yollarını təşviq etməklə ən yaxşı şəkildə yardım göstərə bilərlər.
Regionumuz böyük əzab və iztirablardan keçib, lakin indi fərqli gələcək qurmaq üçün real imkan yaranıb. Vaşinqton Sammitindən sonra əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, Azərbaycan–ABŞ münasibətlərinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması naminə sizi əməkdaşlığa dəvət edirik.
Hörmətlə,
Azərbaycan Respublikası Milli Məclisinin üzvləri:
- Məmmədov Qaya
- Yıldırım Fatma
- Vəliyev Samir
- Rüstəmxanlı Tənzilə
- Rəhimzadə Vüqar
- Oruc Zahid
- Nurullayev Razi
- Məsimli Əli
- Məmmədov Elman
- Məhərrəmov Bəhruz
- Musayev Elşən
- Mustafa Fazil
- Musabəyov Rasim
- Musayev Elşad
- Mollazadə Asim
- Mirzəzadə Aydın
- Mirzəbəyli Elçin
- Mahmudov Rəşad
- Qurbanov Sadiq
- Qurbanov Eyvaz
- Qurbanlı Mübariz
- Qafarov Vasif
- Həsənquliyev Qüdrət
- Həmzəyev Naqif
- Əliyeva Jalə
- Əli-Zadə Arzuxan
- Cəfərova Tamam
- Vəliyeva Mehriban
- Xasayeva Səbinə
- Hacıyev Sabir
Qeyri-hökumət təşkilatlarının üzvləri:
- Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
- Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
- Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
- Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun sədri
- Rey Qasımov – “Azərbaycanda Mina Qurbanlarının Assosiasiyası” İctimai Birliyinin sədri
- Hafiz Səfixanov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri
- Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
- Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
- Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
- Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
- Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri






