“Nazir müavini İltimas Məmmədova 1,5 milyon manat verdim”backend

“Nazir müavini İltimas Məmmədova 1,5 milyon manat verdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birliyin keçmiş direktoru dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki,1984-cü ildə Azərbaycan Politexnik Universitetinin Elektroenergetika fakültəsini bitirib, Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhər 5 nömrəli Texniki Rabitə idarəsində əvvəl elektromontyor, sonradan isə elektromexanik, mühəndis, baş mühəndis, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. B.Hüseynov 1998-ci ildə Bakı şəhərinə gəlib və həmin ildə Qaradağ, 1999-cu ildə Xəzər, 2000-ci ildə Nizami, 2003-cü ildə isə Xətai Telefon qovşağına rəis təyin olunub və son vəzifədə 2005-ci ilin aprel ayına kimi çalışıb, həmin ildə isə BTRİB-in baş direktoru vəzifəsinə təyin olunub, birliyin baş mühasibi vəzifəsində isə Anar Mustafayev işləyib.

Bundan başqa, o, ifadəsində qeyd edib ki, birliyin strukturuna 6 rayon qovşağı, bundan əlavə “Azevrotel” də nəzərə alınmaqla “Bakı Kabel Qovşağı”, “Rabitə Qurğularının Təmiri İdarəsi”, “Bakı Avtomat Telefon Qovşağı”, “Layihə Axtarış Kontoru” ilə birlikdə cəmi 11 struktur qurumu daxil olub. 2009-2015-ci illərdə BTRİB-ə əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatalara göstərilən rabitə və internet xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) struktur qurumu olan “Azintelekom” MMC-dən vəsaitlər daxil olub, həmin vəsaitlərdən əmək haqqı və digər zəruri xərclər çıxıldıqdan sonra, qalan vəsaitlər Bakı şəhərı və Bakı ətrafı kəndlərdə rabitə xidmətinin, o cümlədən internet xidmətinin təşkilinə sərf edilib, yəni qeyd edilən dövrlərdə BTRİB və onun struktur bölmələri tərəfindən Bakı və Mingəçevir şəhərləri ərazisində yeni ATS binaları tikilib, yeni rabitə və kabel- kanalizasiya xətləri çəkilib, istismara cavab verməyən bina və qurğularda təmir işləri aparılıb, TPP, fibrooptik kabel xətləri çəkilib.

Həmçinin, B.Hüseynov dindirilərkən söyləyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə verib.

O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.

Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10.000.000 manat pul verib.

Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin artırılması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda “konvert” olaraq 7000 manat, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə “konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına – şöbə rəislərinə “konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırılması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25.000-30.000 manat olmaqla ümumilikdə 1 milyon 200.000 manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib. ( report.az )

İnterpress.az