İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Əli Həsənov məruzəsində bildirib ki, Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur: \” Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər olub\”.
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli-vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.
\”2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Sənaye məhsulları üzrə Cənubi Qafqazda ümumi 20 mlrd. ABŞ dolları miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard USD kapital qoyulmuşdur ki, onun da 19,5 mlrd. dolları (72%) Azərbaycana aiddir. Bunun 10,7 mlrd. dolları xarici kapital olub. Özünü təminat əmsalına görə Azərbaycan bir çox sahədə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib\”, – deyə o bildirib.
Ə. Həsənov məruzəsində qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisə olunmazdır: \”Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər\”.
Ə. Həsənov məruzəsində müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə də ətraflı bəhs edib.
İnterpress.az