Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb.
Səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.
Səfərdə 24 ölkədən 72 nəfər iştirak edir.
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.
Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.
Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.