Bəzi deputatların işi-gücü camaatla məzələnməkdir…backend

Bəzi deputatların işi-gücü camaatla məzələnməkdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Allah haqqı, bəzi deputatlarımızın işi-gücü camaatla məzələnməkdir. Elə bil bekar qalıblar. İndiyə kimi heç kimin demədiyi bir təklifi səsləndirirlər və media dili ilə desək partladırlar… Onların dilə gətirdikləri unikal təklif gündəmə çevirilir, sosial şəbəkələrdə sağa-sola müzakirə olunur. Amma oturub soyuq başla fikirləşəndə görürsən ki, bu təklifi heç uşaq da dilinə gətirməzdi, amma bizim deputat dedi. 

Ötən həftə şair qəlbli millət vəkili Musa Quliyev təklif etdi ki, bəs evdə arvadları ictimai əsaslarla işlətdiyimiz bəsdir, bundan sonra ödənişli sistemə keçmək lazımdır. Dünən də Allahşükür Paşazadənin deputat qardaşı bir cümlədə 6 orfoqrafik, bir üslub səhvi buraxıb lağlağı hədəfi olandan sonra köməkçisi quşu lap gözündən vurdu. Dedi ki, o paylaşımı Paşazadə etməyib, deputat “diktovat” edib, sürücüsü də yazıb. Bir cümlədə 6 quş – pardon 6 səhv buraxdığı üçün deputat sürücüsünü işdən çıxarıb. İndi yeni sürücü axtarır, SMM işlətmək üçün…

Bundan başqa, 18 ilin deputatı, şimallı, cənublu, o taylı, bu taylı Azərbaycanı birləşdirməyi qarşısına məqsəd qoyan, bu yolda dağlar aşıb dərələr keçən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev… Təklif edib ki, Azərbaycanın paytaxtı Ağdam olsun. Niyə? Cavabını özü deyir:

“Mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslubda yenidən salınır. “Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.

Bu təklif ictimaiyyətin diqqətini cəlb etdimi? Bəli. Publikaya işləyirmi? Sözsüz. Siyasi gündəmə uyğundurmu? 100 faiz. Bəs elmi baxımdan bu təklif paytaxt standartlarını özündə əks etdirirmi, tələblərə cavab verirmi? Bildiklərim “xeyir” deyir…

Öncə onu qeyd edim ki, heç hazırkı siyasi mərkəzimiz Bakı da dünyada qəbul olunmuş paytaxt standartlarına cavab vermir. Burada söhbət Bakının yerləşdiyi coğrafi mövqedən, təhlükəsizliyindən və relyefindən gedir. Bunun detallarını bu yazıda təfərrüatı ilə qeyd etməyəcəyəm. Çünki bu haqda mediada dəfələrlə yazılıb. Bütün məsələləri bir kənara qoysaq belə, rahatlıq baxımından bu gün Bakının nə qədər narahat şəhər olduğunu hər gün görürük.

İndi Ağdama gələk. Ağdam təhlükəsizlik baxımından nə qədər etibarlıdır?! Söhbət bu gündən getmir. 20, 30, 70 ildən sonradan gedir. Ermənilərin – tarixi düşmənlərimizin onillər sonra yenidən bizə qarşı baş qaldırmayacağına heç kim zəmanət verə bilməz. Ona görə bu kateqoriya üzrə düşmənin qulağının dibində paytaxt salmaq ağıllı təklif deyil. Paytaxt bir ölkənin döyünən ürəyi, düşünən beynidir. O zərər görərsə, bütün əzaları yarımcan olar.

Paytaxt standartlarının ən vacib prinsiplərindən biri də onun ölkənin mərkəzində yerləşməsidir. Vətəndaşlar üçün rahat, əlçatan, düşmənlər üçün əlçatmaz olması baxımından. Ağdamda isə bu tam əksinədir, əziz deputat.

İllər əvvəl tarixçi alimimiz Firudin Cəlilovdan müsahibə götürürdüm. Söhbət Bakının bu günündən düşdü. Alim dedi ki, Bakı paytaxt kriteriyalarına uyğun gəlməyən bir şəhərdir. Bu fikrini tam olaraq əsaslandırdı, detallar, faktlar və nümunələr səsləndirdi.

Sonra Azərbaycanın paytaxtının mütləq dəyişilməli olduğunu bildirdi. Alim, keçmiş nazir bunun üzərində illərlə araşdırma apardığını, Azərbaycanın coğrafiyasını incələdiyini qeyd etdi. Və əgər doğru yadımda qalıbsa, bildirdi ki, ölkəmiz üçün ən uyğun yeni paytaxt Göyçay rayonu ərazisindədir. Hətta həmin əraziləri gedib axtarıb, geniş düzənlik bir ərazidə yeni şəhərin salınmasının mümkün olduğunu görüb. Ölkənin tam mərkəzində, bir tərəfdə Qafqaz dağları, digər tərəfdə bərəkətli Aran torpaqları.

Müsahibə Firudin Cəlilovun evində idi. Alim salınacaq yeni paytaxtın təxmini baş planını da hazırlamışdı. Həmin çertyojları gətirib mənə göstərdi. İndi də alimin hazırladığı o şəhər planı gözümün qabağındadır. Detallara varmadan deyim ki, çox maraqlı ideyalar var idi orada.

Bəzi mövzular var ki, o mövzulardan elə o sahənin mütəxəssisləri danışsalar yaxşıdır. Danışmaq hər zaman ağıllı olmaq görüntüsü yaratmır.