“Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir“.
Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı baş tutub. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.
İnterpress.az xəbər verir ki, imzalanan yeni bəyannamənin mümkün təsirləri ilə bağlı deputat Vüqar Bayramov öz fikirlərini blüşüb.
Vüqar Bayramov hesab edir ki, sözügedən bəyannamənin üç qardaş ölkə arasındakı strateji münasibətlərinin yeni mərhələyə qədəm qoyacağı gözləntisini artırır:
“Artıq Azərbaycan hər iki ölkə ilə iqtisadi sahədə əməkdaşlığı gücləndirməkdədir. Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurmasında yaxından iştirak edirlər. Pakistan şirkətləri ilə də geniş miqyaslı əməkdaşlıq imkanları var. Bu əməkdaşlıq, ümumi nominal ümumi daxili məhsulu 1 tirlyon dollardan çox olan 3 ölkənin starteji baxımdan birlikdə olması anlamına gəlir. Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.
Hazırda Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.2 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 13.2 milyon dollardır. Ölkələr ticari əməkdaşlığı son üç ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir. Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, post-pandemiya dövründə hər üç ölkə arasında həm iqtisadi əlaqələrdə, həm də ticarət dövriyyəsində ciddi artımlar qeydə alınacaq”.
Gülşən