Bursada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilibbackend

Bursada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın keçirilib.

“OLAYLAR”-a Cəmiyyətdən bildirilib ki, dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndənin, o cümlədən görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların iştirakı ilə keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Konfransın açılışında Bursa Uludağ Universitetinin (UU) rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar (online), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun çıxışları dinlənilib.

Çıxışlarda dahi şairin həyat və fəaliyyəti, nadir yaradıcılıq üslubunun dünya ədəbiyyatına bəxş etdiyi dəyərlər ətrafında fikir və mülahizələr iştirakçılara çatdırılıb.

Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi təkcə Nizami Gəncəvinin yaradıcılığına və şəxsiyyətinə deyil, ümumilikdə ədəbiyyata, fikir adamlarına, görkəmli şəxsiyyətlərə verilən qiymət kimi dəyərləndirilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə sayəsində ərazi bütövlüyümüzün bərpasının regionda yaratdığı situasiyanın mədəniyyətimizin, eləcə də zəngin ədəbiyyatımızın, tarixi şəxsiyyətlərimizin təbliği və inkişafı üçün də yeni bir mərhələ yaranıb. Bu fürsət və şansdan məharətlə istifadə edilməsi bütün türk dünyası üçün səmərəli nəticələr verəcək, dünyada ədəbiyyatın və tarixi şəxsiyyətlərin qarşılıqlı tanınmasına böyük töhfə olacaqdır. Qazanılmış böyük tarixi Zəfər belə tədbirlərin keçirilməsinə xüsusi əzəmət verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlər, o cümlədən əsərlərinin müxtəlif dillərdə nəşri barədə geniş məlumat verilib. Gələcəkdə qarşıda duran mühüm layihələr haqqında iştrakçıları məlumatlandırıb.

Çıxışçılar böyük filosof, mütəfəkkir və ədib kimi dünya xalqlarının sevimlisinə çevrilən Nizami Gəncəvinin zəngin mənalı həyat və fəaliyyəti, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılması, səhnələşdirilməsi və filmlərin çəkilməsi mövzuları təhlil olunacaq.

Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 29-dək davam edib.

Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Bursa beynəlxalq konfransının keçirilməsinə Bursa Böyükşəhər Bələdiyyəsi, Bursa Uludağ Universiteti, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumlar tərəfindən dəstək verilib.