Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı baş verib. ANAMA-nın əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Artıq bu torpaqlara köçün başladığını nəzərə alsaq, mina təhlükəsinin hələ aradan qalmadığına görə çix ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı İnterpress.az-a politoloq Əlimusa İbrahimov açıqlama verib.
Politoloq bildirib ki, mina hadisələrinin baş verməsinin əsas səbəblərindən biri təcavüzkar Ermənistanın olduqca çox sayda mina yerləşdirməsi, digəri isə dəqiq mina xəritələrini təqdim etməməsidir.
“Birinci Qarabağ müharibəsi zamanı oradan didərgin düşmüş vətəndaşlarımızın geri, öz doğma torpaqlarına qaytması prosesi davam edir. Mütəmadi olaraq bu barədə kütləvi informasiya vasitələrimizdən xəbərlər alırıq. Köçmə prosesi intensivləşdikcə, ermənilərin orada buraxıb getdiyi minalarla bağlı problemlər daha tez-tez ortaya çıxır. Çünki hakimiyyət orqanları tərəfindən verilən statistikaya görə, Qarabağ və Şərqi Zəngəzurda təcavüzkar Ermənistan tərəfindən 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalanmış hesab olunur.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti nəticəsində indiyədək 134 min hektar sahə minalardan təmizlənib.
İndiyədək 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada əleyhinədir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 1,5 milyona yaxın mina yerləşdirilib.
Üstəlik, Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların dəqiq xəritələrini verməkdən imtina edir. Bu da Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, həmçinin keçmiş köçkünlərin yurd-yuvaların geri qayıtmalarına maneələr törətməkdədir. Yəni, həmin minalar bu gün də can almaqda davam edir.
2020-ci ildə müharibənin başa çatmasından bu il aprelin 27-dək 212 mina partlayışı hadisəsi baş verib, nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 356 şəxs bu partlayışların qurbanı olub. Ümumilikdə ötən 30 il ərzində Azərbaycandakı mina qurbanlarının sayı 3435 nəfərdir”, – Əlimusa İbrahimov bildirib.
O qeys edib ki, bu problemlərin mövcudluğu Azərbaycanı haqlı olaraq Ermənistana qarşı adekvat tədbirlər görməyə məcbur edir.
“Bu qədər ciddi problemin mövcudluğu dövlətimizi Ermənistana qarşı adekvat tədbirlər görməyi məcbur edir. İrəvan minaların xəritələrini verməməklə və ya qeyri-dəqiq xəritələr təqdim etməklə işğaldan azad olunmuş torpaqların məskunlaşmasına mane olmaq , eyni zamanda dinc Azərbaycan sakinlərinin tələf olmasına nail olmağa çalışır. Amma bütün bu səylər əbəsdir. Heç bir qüvvə bizi qarşıya qoyduğumuz proqramı yerinə yetirməkdən saxlaya bilməz.
Ermənistan tərəfi isə Azərbaycana qarşı törətdiyi istənilən təxribatın qarşısını artıqlaması ilə alacaq. Məhz buna görə də torpaqlarımızın işğalçılar tərəfindən minalanması məsələsi ermənilərlə və onların havadarları ilə aparılan müzakirələrin əsas mövzusudur. Azərbaycan tərəfi bu məsələdə də hələ ki səbr edir. Çünki cənab Prezidentin dəfələrlə bəyan etdiyi kimi “ Nəyi, necə, nə vaxt etmək lazım” olduğunu bilirik”, – politoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az