Fransa COP29-a qədər Ermənistanla Azərbaycandan sülh danışıqlarında irəliləyiş gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə bu gün, sentyabrın 16-da Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Fransa hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli və sabit sülhü bərqərar edəcək müqavilənin tezliklə imzalanmasını dəstəkləyir. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mahiyyəti budur. Eyni ideya Praqada ictimaiyyətə təqdim olunub”, – Sejurne bildirib.
Onun sözlərinə görə, Fransa eyni prinsiplərə əsaslanaraq ölkələr arasında sərhədlərin demarkasiyası prosesini də dəstəkləyir.
Paris hesab edir ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir.
“Ermənistan sülh istəyir, Fransa və beynəlxalq ictimaiyyət də sülh istəyir. Və Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcəyinə görə,sülh sazişinin tez imzalanması vacibdir. Düşünürəm ki, biz bu məsələdə tez hərəkət edə bilərik”, – fransalı diplomat bildirib.
Xuraman Etibarlı
İnterpress.az