“Gələn ilin büdcəsində maraqlı məqamlar var“ – İqtisadçıbackend

“Gələn ilin büdcəsində maraqlı məqamlar var“ – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumət 2022-ci ilin ilkin büdcə parametrlərini açıqlayıb, sənəddə maraqlı məqamlar var, ilkin olaraq 2022-ci il büdcə daxilolmaları ilə bağlı bir məqam diqqətimi çəkib. 2021-ci il büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolmalar nəzərdə tutulub, çox güman, ili təqribən 7,5 mln. manat yığımla başa vuracağıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Mütəxəssis bildirib ki, 2022-ci il büdcəsində isə vergilər xətti ilə daxilolmalar 9 milyard 138 milyon manat proqnozlaşdırılır, bu il ilə fərq 1 milyard 888 milyon manat təşkil edir:

“Sözün qısası, hökumət gələn il 2 mlrd. manata yaxın vergi toplamağı planlaşdırır. Çox ciddi artım, böyük rəqəmdir, yaxşı, bu artım nəyin, hansı sahələrin, harada vergi artımının hesabına olacaq?! Bu suala cavab yoxdur.

Hökumət əgər vergi dərəcələrini gələn il artırmağı düşünürsə, çox böyük səhv edir, çünki zatən biznes pandemiyadan zülm çəkib, onlara əlavə vergi yükü gətirmək, yumşaq desəm, insafsızlıqdır. Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil, tək “ağarma” ilə 2 mlrd. əlavə vergi toplamaq mümkün deyil. Yox, əgər hökumət, nəhayət, ƏDV-ni Gömrük Komitəsindən alıb Vergi Xidmətinə vermək istəyirsə, bu doğru qərar olar, məhz bu zaman belə kəskin vergi artımı proqnozu məntiqli və yerində ola bilər”.

İqtisadçı burada da bir qədər problem gördüyünü vurğulayıb:

“2020-ci ildə Gömrük Komitəsi 2 mlrd. 741 mln. 485 min manat ƏDV yığıb. Bu, nonsensdir, adı vergidir, amma Gömrük Komitəsi yığır, sonra da iş adamları əvəzləşdirməkdə zülm çəkirlər. ƏDV-nin Gömrük Komitəsindən alınıb Vergi Xidmətinə (İqtisadiyyat Nazirliyinə) verilməsi nəzərdə tutulursa, o zaman vergi daxilolmalarının 1,88 mlrd. manat yox, 3 mlrd. manata yaxın artımı nəzərdə tutulmalı idi, deməli, bu məsələ də deyil.

Belə çıxır ki, Azərbaycan hökuməti gələn il həm əhali, həm də biznes üçün vergi yükünü kəskin artırmağı düşünür, bunun başqa izahı yoxdur. Bütün dünya pandemiyaya görə, iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul edir, bizim hökumət isə əhalini və biznesi daha çox “soymağı” düşünür. Hökumət çıxsın normal açıqlama versin ki, vergi daxilolmalarının 2 mlrd. manata yaxın artırmağı hansı mənbələr hesabına nəzərdə tutur”.