Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirirlərbackend

Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneuli Bələdiyyəsinin Kirovka sakinləri kəndin tarixi adının (Mameyi) bərpa edilməsini tələb edirlər.

İnterpress.az xəbər verir ki, bu gün, 20 noyabr günün birinci yarısında kənd sakinlərinin iştirakı ilə ümumi yığıncaq keçirilib.

Kəndin mərkəzində yerli sakinlər “Kirvoka” adının “Mameyi” ilə əvəz edilməsinin tərəfdarı olduqlarını söyləyiblər. Onlar Marneuli Bələdiyyə Məclisi  tərəfindən “Mtsvane Qora” (Yaşıl Təpə) və ya “Meqobroba” (Dostluq) adlarını qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, 14 noyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında məlum olub ki, Kirovka kəndinə “Mameyi” adı verilməyəcək. Marneuli Meriyasının Məlumat və Statistika şöbəsinin rəhbəri İrina Macaraşvili deyib: “Biz tarixi materialları araşdırdıq, kənd əhalisi tərəfindən təqdim olunmuş Mamey adı heç yerdə qeydə alınmır. Mamey toponimi nə 19-cu, nə də 20-ci əsrdə qeydə alınmayıb”.

Bu gün Kirovkada baş tutan yığıncaqda isə kənd əhalisi “Mameyi” adının verilməsini qətiyyətlə tələb etdiklərini ifadə ediblər.

Yeri gəlmişkən bildirək ki, müvafiq məsələdə Kirovka sakinlərinin hüquqlarını “Salam” platforması qoruyur. Həmin platformadan bildirilib ki, bu günkü əhali etirazının protokolu hazırlanıb yerli və mərkəzi hökumətə təqdim ediləcək.

İnterpress.az