İşğalçı Fransaya qarşı təkbaşına savaşan Leyla kimdir? – ARAŞDIRMA – FOTObackend

İşğalçı Fransaya qarşı təkbaşına savaşan Leyla kimdir? – ARAŞDIRMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə xüsusi olaraq İnterpress.az üçün yazır…

Mərakeş tarixində müstəmləkəçi Fransaya qarşı mübarizə aparan təkcə siyasətçi, siyasi aktivistlər olmayıb. Milli kimliyi qorumağa çalışan və bu cəhddə müvəffəqiyyət qazanan qələm adamlarının, yazıçıların da müstəsna xidməti vardır. Artıq uzun illər idi ki, işğalçı Fransa, 1912- ci ildə imzalanmış “himayə” müqaviləsi adı ilə Mərakeşi öz mütəmləkəsinə çevirmiş, xalqın təbii sərvəti ilə bərabər onun milli və mənəvi dəyərlərini istismar edirdi. Mərakeş xalqı üçün öz ana dilində danışmaq, ancaq məişət səviyyəsində qalmış, ölkənin rəsmi və elit təbəqəsi fransız dilində danışmağa üstünlük verir, kütləvi informasiya vasitəsi, radio və qəzetlər fransız dilində yayımlanırdı. Bu Fransanın mədəni ekspansiya siyasətinin nəticəsi idi.

Öz doğma yurduna ana dilinin qaytarılmasında müstəsna xidməti olanlardan biri də Mərakeş ədəbiyyatında öz dəsti xətti ilə oxucularını heyran etmiş, Leyla Əbuzeyddir. Leyla Əbuzeyd, 1950 ci ildə Mərakeşin Əlqasibiyyə əyalətində dünyaya göz açmış, daha sorna Rabat şəhərinə köçmüşdür. İngilis dilini mənimsədikdən sonra V Məhəmməd universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Universiteti müvəffəqiyyətlə bitirən Leyla, ABŞ-a gedir və öz təhsilini Texas universitetinə davam etdirir.
ABŞ-da olarkən gənc yazarın bir neçə ədəbi əsərləri məhz Texas universiteti tərəfindən nəşr edilir və ABŞ- da, eləcə də Mərakeşdə oxucu auditoriyası bu ingilis və ərəbcə yazan yeni qələm sahibi ilə tanış olmağa başlayır.

ABŞ- da ilk dəfə müəllifi qadın olan “Peyğəmbərin bioqrafiyası” adı kitabı oxucular tərəfindən maraqla qarşılanır. Ədəbi əsərlər ortaya qoymaqla yanaşı Leyla Əbuzeyd bir sıra əsərlərin tərcümə olunması ilə də məşhurlaşır. Onun, “Kral V Məhəmmədin həyatı” və ABŞ-ın müsəlman -afroamerikalı insan haqları hərəkatının tanınmış fəalından bəhs edən “Malkolm X-in həyatı” adlı əsərlərin tərcüməsi işıq üzü görür.

O, karyerasının əvvəlində televiziya jurnalistikası sahəsində işə başlayır, sonra bir çox nazirliklərdə inzibati işlərə qoşulur hətta nazirlər kabinetində də çalışır. Leyla Əbuzeyd sosial və dini-teokratik maneələrə meydan oxuyan və öz tərcümeyi-halını ingilis dilində yazan ilk Mərakeşli qadın kimi tanınır, çünki o vaxtlar, Mərakeşdə yalnız kişilər öz imzası ilə mətbu orqana məqalə yaza, kitab nəşr etdirə bilridilər.

Mərakeşdə hələ də ərəb dilinə qarşı müəyyən qadağaların qaldırılmaması Leyla Əbuzeydin narahat etməkdə davam edir və bu istiqamətdə müxtəlif ciddi addımlar atmağı məqsədəuyğun hesab edir. O efirdə “mədəni mənimsəmə və müstəmləkəçilərin ölkəni öz rəsmi dilli olan ərəb dilindən məhrum etmək cəhdi” ifadəsini işlədir. Yazıçı qadın, onların Fransanın mədəni soyqırımına məruz qaldıqlarını anlatmağa, fransızların mərakeşliləri ərəb kimliyindən və dinlərində imtina edərək Fransa mədəniyyətinə assimlyasiya etdirmək istədiyini anladırdı.

Yazıçının, radioda aparıcılıq etdiyi proqramda digər proqramlardan fərqli olaraq ərəb dilinə üstünlük verməsi, onun nəinki Mərekeşdə, bütün ərəbdilli ölkələrdə rəğbət qazanmasına səbəb olur. O bununla yanaşı bir çox filmləri ərəd bilinə tərcümə edir və ərəb dilində senarilər hazırlayır. O radiodan, ölkənin rəsmi dairələrindən hələ də qorunub saxlanılmaqda olan fransız dilini işğalçı bir dil, ərəb dilini isə vətəni Mərakeşin rəsmi dili hesab ediyini hayqırırdı. Onun təkcə bu mövqeyi Mərakeşin və ümumilikdə bütün ərəb dünyası ziyalılarının heyranlığını qazanmağa kifayət edirdi.

Leyla Əbuzeydin yaradıcılığının şah əsəri hesab olunan “Fil ili” romanı (amul-fil) 1989-cu ilı nəşr olunaraq Mərakeşdə fikri inqilaba yol açdı. Müəllifi olduğu romana “Fil ili” adını verməsi heç də təsadüfi deyildi. İslam tarixində bu adın və hadisənin ciddi tarixi olduğu bütün müsəlman dünyasına bəlli idi.

“Fil ili” İslam tarixində, təxminən miladi 570-ci ildə baş verən hadisə ilə bağlı verilən addır. Tarixi mənbələrə görə Məhəmməd peyğəmbər 571-ci ildə bu hadisədən çox qısa müddət sonra doğulmuşdu. Rəvayətə görə Allahın evini dağıtmaq istəyən fil süvarilərinə göydən quşlar daş atır və beləliklə müqəddəs Kəbə evinin dağıdılmasının qarşısı alınır. Yazıçı Leyla xanım Əbuzeyd qələmə aldığı romana bu hadisənin adını qoyur. O, bu maraqlı və əhəmiyyətli romanı ilə Mərakeş xalqını fillərə daş ataraq onları məh edən Əbabil quşlarına bənzədir. O, Mərakeş xalqının öz milli dəyərlərini qorumaq üçün işğalçı fransızlara qarşı çıxamağa səsləyir, öz ana dili, ərəb dilini fransız dilinin qarşısında zəifləməyə imkan verməməyə təşviq edir.

Savadsız olmasına baxmayaraq, əri ilə çiyin-çiyinə fransız müstəmləkəçiliyinə qarşı mübarizədə iştirak edən əsərinin qəhrəmanı “Zəhra”nın hekayəsindən bəhs edən romanla dünyaya meydan oxuyan yazıçı “Kişi olsaydım, lider olardım, ən azından şeyx (başçı) olardım. Bütün olanlardan sonra güclə kölgəyə qayıdırıq! » və bu kimi yüzlərlə mübarizə əzmli ifadələrlə xalqa mesajlarını ötürə bilir.

O, acınacaqlı reallığa nəzər salaraq deyir: “Xiyabanlarda geniş çiyinlərini dağılmış divarlara söykəmiş gənclər var. Nə gözləyir?” deyir.

Onun əsərinin qəhrəmanı olan Zəhra, Mübarizə meydanında görünməzdən qaba, bütün qadınlar kimi zinət əşyalarına, paltarlara, qızıl sırğalara həvəs göstərsə də əcnəbi əsgərlərin kazarmadan çıxması və vətəndaşları heç bir fərq qoymadan gülləbaran etməsi səhnəsi onun həyatını tamamilə alt-üst edir və “bu gündən həyata bağlılığımı və onun parıltısını itirdim” deyir.

Leyla Əbuzeyd ədəbiyyat dünyasına, ərəb və beynəlxalq kitabxanaların zənginləşməsinə töhfə verən çoxlu kitablar təqdim edir. Onun “Uşaqlığa qayıdış”, “Son fəsil”, “Amerikanın başqa üzü” və s.. kimi romanları Mərakeş və ərəb ədəbiyyatı dünyasında şedevr romanlardandır.

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə
İnterpress.az

Əli Rzazadə
Əli Rzazadə