İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 11 min uşağı öldürdüyü açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya 108 gündür təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.
Qəzzada 70 faizi qadın və uşaq olmaqla 7 min adamın hələ də dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd edilərkən, xəstəxanalara çatan cəsədlərin sayı 25 min 925, 63 min nəfər isə yaralanıb.
İsrailin hücumlarında 70 min evin tamamilə dağıldığı, ümumilikdə 290 min evin isə zərər görərək yaşayış üçün yararsız hala düşdüyü vurğulanıb.
İsrailin səhiyyə sektorunu hədəf alan qanun pozuntularına gəlincə, 337 səhiyyə işçisi və 45 mülki müdafiə əməkdaşının həlak olduğu bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 119 jurnalist həyatını itirib.
İsrail qüvvələrinin 99 səhiyyə işçisi və 10 jurnalisti saxladığı, 2 milyon 300 min əhalisi olan Qəzza zolağında 2 milyon insanın didərgin düşdüyü vurğulanıb.
Köçkün fələstinlilərin sığındığı izdihamlı yerləşdirmə mərkəzlərində qeyri-insani vəziyyətə diqqət çəkilərək, köçkünlük nəticəsində 400 min yoluxucu xəstəlik və 8 mindən çox Hepatit A hadisəsinin aşkar edildiyi bildirilib.
Qəzzada 60 min hamilə qadın və 350 min xroniki xəstəliyi olan insanın həyati təhlükəsi olduğu açıqlanıb.