Rusiyada azərbaycanlı arvadını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Trans-Baykal diyarının Moqoç şəhərində öldürülən qadın əvvəllər azərbaycanlı ərinin hədələrindən şikayət edib.
Bu barədə oktyabrın 7-də Xabarovskda birlikdə yaşadıqları mərhumun rəfiqəsi bildirib.
Oktyabrın 6-na keçən gecə yerli sakin polisə müraciət edərək bildirib ki, eyvandan atışma səsləri eşidib və qadının yerə uzandığını görüb.
Hadisə yerinə gələn polis əməkdaşları güllə yaraları olan qadın meyitini yaşayış binalarının arasında aşkar edərək yaxınlıqda olan kişini saxlayıblar. Ondan tapançaya bənzər əşya götürülüb.
Məlumata görə, saxlanılan şəxs qətlə yetirilən qadının keçmiş əridir. Ondan götürülən tapança, ehtimal ki, travmatik tapançadan düzəldilib.
“Xabarovskda yaşayırdılar, hər şey yaxşı idi. 2023-cü ildə ərinin onu aldatdığını öyrəndi və valideynləri ilə birlikdə yaşamaq üçün Moqoçaya getdi. Əri onu geri qaytarmaq istədi.
O, mənə dedi ki, əri onu və ailəsini öldürməklə hədələyir. Onun təhdidlərini ciddi şəkildə həyata keçirəcəyini təsəvvür etmirdik. Ona görə də heç yerə müraciət etməyib. Amma mən ona polisə ərizə yazmağı məsləhət görmüşdüm.
Dünən gecə biz qətldən xəbər tutduq”, – qadının rəfiqəsi deyib.
Qadının sözlərinə görə, kişi borcuna görə Rusiyada axtarışa verilib və Azərbaycanda yaşayırmış.
Daxili İşlər Nazirliyinin və Federal Məhkəmə İcraçıları Xidmətinin məlumat bazalarında axtarış barədə məlumat yoxdur.
Bununla belə, Federal Məhkəmə İcraçıları Xidmətinin saytında adamın ümumi borcunun təxminən 5 milyon rubl (təxm. 90 min man) olduğu bildirilir.
İki il əvvəl ailədə bir qız övladı dünyaya gəlib, uşaq qadının valideynlərinin yanındadır.
Xuraman Etibarlı
İnterpress.az