Amerika ordusu Çin donanmasının gəmisinin Amerika hərbi gəmisinə yaxınlaşaraq “təhlükəli” manevr etdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tayvan boğazında baş verdiyi deyilən həmin anların görüntüləri yayımlanıb.
Amerika donanmasının “təhlükəli manevr” ifadəsi ilə yaydığı görüntülərlə Vaşinqton-Pekin xəttindəki gərginlik bu dəfə daha da artıb.
Amerika ordusu Çin donanmasının gəmisinin Tayvan boğazında onların döyüş gəmisinə yaxınlaşdığını açıqlayıb. O, həmin anların görüntülərini ictimaiyyətlə bölüşüb.
Bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ABŞ və Kanada donanmaları 3 iyun şənbə günü Tayvan boğazında birgə təlim keçirib.
Qeyd olunub ki, Amerika esmines gəmisi və Kanada freqatı beynəlxalq hüquq normalarına uyğun olaraq boğazdan keçib.
Çin donanmasına aid döyüş gəmisinin 137 metrə yaxınlaşaraq Amerika gəmisinin yolunu kəsdiyi bildirilib.
Qeyd edilib ki, Amerika gəmisi mümkün toqquşmadan qaçmaq üçün sürəti azaldıb.
Bildirilib ki, Çinin ABŞ-ın Cənubi Çin dənizi və Tayvan boğazındakı hərbi varlıqlarına son müdaxiləsi Çinin bu bölgədə artan təcavüzünün tərkib hissəsidir.
Bu müdaxilələrin “təhlükəli və qeyri-peşəkar” olduğu bildirilib.
Çin və Tayvan arasında tez-tez gərginlik artır.
Çin Tayvan adasını öz ərazisi hesab edir, eyni zamanda Tayvan boğazının onun müstəsna iqtisadi zonasının bir hissəsi olduğunu iddia edir.
ABŞ və müttəfiqləri boğazın beynəlxalq statusa malik olduğunu göstərmək üçün mütəmadi olaraq bölgədən keçirlər.