Kamçatkada vulkanda ekstremal tur faciə ilə nəticələnib – turist bud sümüyünü sındırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kamçatka vilayətində təşkil olunan ekstremal tur zamanı turist ağır xəsarət alıb, ekskursiyanın təşkilatçısı barəsində isə cinayət işi başlanıb.
Məlumata görə, 39 yaşlı sahibkar turistlər üçün Qorelı vulkanına ekskursiya təşkil etsə də, onların təhlükəsizliyini təmin etmək imkanına malik olmayıb.
O, iştirakçılara xüsusi qoruyucu avadanlıq verməyib, mümkün təhlükələr barədə xəbərdarlıq etməyib və peşəkar hazırlığını olduğundan yüksək təqdim edib.
Ekskursiya zamanı təşkilatçı İrkutsk vilayətindən olan turistə vulkan kraterində yerləşən göl istiqamətində avarçəkmə taxtası ilə enməyi təklif edib.
Eniş zamanı avarçəkmə taxtası çevrilib və turist yıxılaraq sol bud sümüyünün qapalı qəlpəli sınığı xəsarəti alıb.
Hadisə ilə bağlı ekskursiyanın təşkilatçısı dindirilib. Hazırda ona rəsmi ittiham irəli sürülməsi məsələsinə baxılır.
Xuraman Etibarlı
İnterpress.az






