Ukraynalı biznesmenə sui-qəsddə adı hallanan qadın öldürülüb.
İnterpress.az xəbər verir ki, Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı törədilən sui-qəsddə şübhəli bilinən Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın meyiti Kiyev yaxınlığında torpağa basdırılmış vəziyyətdə aşkar edilib.
Məlumata görə, qadının qətli ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan bir zabiti və hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı saxlanılıb.
Bildirilir ki, bundan əvvəl Almaniyada yaşayan Berezovskaya İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Xatırladaq ki, Vadim Yermolayevə qarşı sui-qəsd iyunun 30-da Monakoda baş verib. Naməlum şəxslər iş adamının olduğu binanın qarşısına partlayıcı qurğu yerləşdiriblər.
Partlayış nəticəsində Yermolayevin oğlu xəsarət alıb, həyat yoldaşı isə ağır yaralanaraq hər iki ayağını itirib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlar rəsmi istintaq tərəfindən tam təsdiqlənməyib və araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.az






