“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırıldıbackend

“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva qaliblərə təbriklərini çatdırıb. Qaliblərlə qürur duyduğunu xüsusi vurğulayan Fərəh Əliyeva, həmçinin qeyd edib ki, müasir və dünyəvi idarəçilik modelini əhatə edən “Yüksəliş” müsabiqəsi kimi əhəmiyyətli layihənin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə təşkil olunması kadr islahatlarının mühüm istiqamətlərindən biridir. Fərəh Əliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Yüksəliş” müsabiqəsinin qaliblərinə təbrik məktubunu bir daha xatırladaraq bildirib ki, Birinci xanım Mehriban Əliyevanın da dediyi kimi, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib. Müsabiqənin Təşkilat Komitəsinin sədri qaliblərə gələcək karyera yolunda uğurlar arzulayıb, onların hər birinin dövlətçilik ənənələrinin inkişafında, Qarabağın yenidənqurulumasında və dirçəlişində töhfəsi olacağına inamını ifadə edib.

“Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizin peşəkar və ixtisaslı kadrlarının müsabiqəyə marağını yüksək qiymətləndirib. İşçi Qrupunun rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi ökəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Fərhad Hacıyev əlavə edib ki, ölkəmizin təcrübəli, öz sahələrində kifayət qədər uğurlar əldə etmiş kadrlarına dövlətin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak etmək imkanının yaradılması onlar üçün böyük motivasiya qaynağı oldu. Fərhad Hacıyev qalibləri təbrik edib, onlara müsabiqəyə qatıldıqları üçün təşəkkürünü bildirib.

ADA Universitetinin rektoru Hafiz Paşayev “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib, müsabiqənin ölkənin yeni nəsil idarəçilərini seçmək istiqamətində təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Hafiz Paşayev, həmçinin qaliblərlə universitet tələbələrinin görüşlərinin təşkil olunacağını diqqətə çatdırıb. O, müəllifi olduğu “Yüksəlişə doğru” kitabını müsabiqənin qaliblərindən biri olan Orxan Quliyevə təqdim edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov müsabiqənin imtahan prosesində iştirakçıların imtahan vermək rahatlığını təşkil etməklə yanaşı, şəffaflığın yüksək səviyyədə təminatı üçün İşçi Qrupu heyətinə, Dövlət İmtahan Mərkəzinə təşəkkürünü bildirib. Nazir əlavə edib ki, müsabiqə sona çatsa da, qaliblərin gələcək fəaliyyəti üçün yeni mərhələ başlayır. Bilik və bacarıq kompetensiyaları yüksək olan idarəçilərə daim ehtiyac olduğunu vurğulayan Mikayıl Cabbarov qaliblərlə müxtəlif sahələrdə eyni komandada, uğurlu əməkdaşlıqlarda görüşməyi arzuladığını bildirib və onlara səmimi təbriklərini çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə əhatəli və idarəçiliklə bağlı peşəkar müsabiqə formatının ölkədə təşkilini yüksək qiymətləndirib. Nazir potensial kadrların dəstəklənməsi, onların təcrübələrinin ölkəmizin müxtəlif sahələrində tətbiqi, bilik və bacarıqlarının doğru hədəflərə yönləndirilməsi baxımından əlçatan fürsətin yaradılmasına görə ölkə başçısına təşəkkürünü bildirib, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu müsabiqənin bir parçası olmaqdan məmnunluğunu bildirib. O, müsabiqənin onlayn mərhələsində ölkəmizdə ilk dəfə olaraq bu qədər geniş tərkibdə iştirakçının eyni anda imtahan vermək prosesini təşkil etmək baxımından “Yüksəliş” müsabiqəsində yaxından iştirakın Dövlət İmtahan Mərkəzi üçün də faydalı təcrübə olduğunu qeyd edib. Məleykə Abbaszadə bildirib ki, müsabiqə həm də ölkənin müxtəlif qurumlarını və rəhbərlərini bir araya gətirdi, onlar arasında əlaqələri daha da möhkəmləndirdi.

Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsinin sədri və idarəçi rəhbərlər qaliblərə mükafatları və sertifikatları təqdim ediblər.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin finalında idarəçiliklə bağlı bilik və bacarıqlarına görə seçilən 27 nəfər qalib elan olunub. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onların hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı ( https://yukselish.az/mentors.html) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib.