“Zelenskinin Qərblə bağlı narahatlıqları artır” – Şərhbackend

“Zelenskinin Qərblə bağlı narahatlıqları artır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun Rusiyadan, Rusiyanın da Alyansdan qorxduğu məqamlar çoxdur”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa turnesinə çıxmasını şərh edən Siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Zelenskinin səfərləri ölkənin hərbi aktivlərinin alternativ axtarışlarla canlandırılmasına xidmət edir:

“Zelenski müharibənin elə yekunlaşmasını istəyir ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilsin. O, 2022-ci ilin 24 fevralına qədərki vəziyyətlə barışmayan xəttə sadiqliyini göstərir. Bu sadiqlik döyüş meydanında praktiki nəticələrlə yekunlaşmalıdır. Ukrayna lideri nail olunacaq məqsədlərin konturlarını dəqiqləşdirmək üçün Londona və Parisə getdi. Zelenski Britaniyanın Baş naziri Rişi Şunak, Fransada Prezident Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla görüşməklə Ukraynaya cəbhədə real qələbə qazandıra biləcək silahların idxalına cəhdlər edir. Zelenskinin Qərblə bağlı narahatlıqları da artır. O, düşünür ki, NATO ölkələri silah tədarükündən yorulub qırılma nöqtəsində Ukraynanı Rusiya ilə baş-başa buraxa bilərlər. Hərçənd ki, Britaniya Ukraynadakı müharibənin Rusiyanın çöküşü ilə nəticələnməsini istəyən əsas oyunçudur. Onun çoxməqsədli hədəfləri var, niyyəti “Böyük Britaniya-2030” strateji doktrinasının tələblərindən irəli gələn öhdəliklərə sadiqlik göstərməkdir.

Britaniya Ukrayna hərbçilərinin hazırlanması üçün kömək öhdəliklərini icra edir, lakin o, Kiyevə döyüş təyyarələrini verməkdən yayınır. Zelenski eyni ricanı ABŞ və Fransaya da edir, lakin onlar Rusiyanın hərbi eskalasiyanın sərhədlərini Ukraynanın hüdudlarından kənarda genişləndirmək potensialından ehtiyatlanaraq Ukraynaya lazımi “qida”ları vermirlər. Zelenski Fransa və Almaniyaya da gözünü dikib, məqsəd onları Rusiyanın maraqlarına xidmət edən addımlardan çəkindirməkdir. Zelenski Makron və Şoltsla görüşündə Fransa və Almaniyanın oyunu dəyişdirmək potensialına malik olduğunu deməklə bir növ liderlərə söz atıb. Almaniyanın Rusiyadan qorxuları haradasa başadüşüləndir, amma Zelenski ən çox Fransanın oyunlarından təngə gəlib”.