Azərbaycanın ən uzunömürlü sakini kimi \”Ginnesin Rekordlar Kitabı\”na düşən Lerik rayon sakini Şirəli Müslümovun doğum günü ilə əlaqədar olaraq onun doğulduğu kənddə tədbir keçiriləcək.
Bu barədə İnterpress.az-a rayonun Barzavu kənd orta məktəbinin direktoru Tağı Hacıyev məlumat verib. O bildirib ki, Ş.Müslümovun 213-cü illiyi ilə əlaqədar olaraq Barzavu kənd orta məktəbində tədbir keçiriləcək:
\”Şirəli Müslümov bizim hamımızın babası olub. Biz onunla hər zaman fəxr etmişik. O, 168 il yaşamaqla Azərbaycanda sağlamlığa diqqət etməklə uzun ömürlü yaşamağın sirrlərini açıb gedib. Bu il sentyabrın 2-si onun doğum günüdür. Biz də bununla bağlı yeni tədris ili başlayan kimi məktəbimizdə onun haqqında maarifləndirici tədbir keçirməyi planlaşdırırıq. Şirəli baba gənc nəsil üçün, eləcə də elə böyüklər üçün də bir nümunədir. Biz daha çox şagirdlərə, məktəblilərə onun həyatı haqqında məlumat evrəcəyik. Çünki böyüklər onu tanıyır. Əsas gənclərdir ki, onun haqqında az informasiyaya malikdirlər. Biz istəyirik ki, \”Şirəli baba necə uzunömürlü yaşadı?\” sual altında bir tədbir keçirək və məktəblilərə sağlamlığın qorunması üçün vacib olan bir sıra məsələləri izah edək\”.
T.Hacıyev qeyd edib ki, Şirəli babanın uzunömürlü yaşamasına səbəb kimi onun ən çox təsərrüfatla məşğul olması və sağlamlığına dəyər verməsi olub: \”O, heç vaxt siqaret və bu kimi digər zərərli vərdişlərin aludəçisi olmayıb. Ona görə də sağlamlıq üçün zərərli olan hər şeydən uzaq durub. Biz məhz bu istiqamətdə maarifləndirici tədbir keçirməyi planlaşdırırıq\”.
\”Mən özüm Ş.Müslümovun qohumlarındanam. Onun bütün keçmiş şəkilləri, ona aid olan bəzi əşyalar məndə var. Hamısını sentyabrda məktəbdə yerləşdirəcəyik\” – deyə, T.Hacıyev deyib.
Qeyd edək ki, Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub. Üç nikahdan 23 övladı sahibi, 136 yaşında qız atası olub. Onun atası 110, anası 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda 57 yaşlı bir qadınla evlənib və onların qızı dünyaya gəlib.
Uzun ömürlülüyünə görə adı Ginnesin Rekordlar Kitabına yazılıb. Azərbaycan Dövlət Kino Studiyası 1966-cı ildə onun haqqında \”Şirəli dağdan endi\” adlı sənədli film çəkib.
Səid Qərib
İnterpress.az