Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müraciətlərə baxılmasının monitorinqi aparılıbbackend

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müraciətlərə baxılmasının monitorinqi aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, hər iki qurumun iştirakı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında KİV və vətəndaş müraciətlərinə necə baxılır?” mövzusunda monitorinq keçirilib. Monitorinq zamanı vətəndaşların qəbulunun statistikası və müraciətlərin mahiyyəti araşdırılıb. Bakı şəhərinin 12, respublika üzrə 30 rayonda əhalinin müraciətlərinin səbəbi öyrənilib. Bundan başqa, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytlarının monitorinqi aparılıb. Ümumilikdə 54 mərkəzi və yerli icra hakimiyyəti orqanının saytlarında monitorinq həyata keçirilib. Saytların quruluşu, giriş rahatlığı, məlumatın bolluğu və əlçatanlığı, informasiya zənginliyi, dil çeşidliyi təhlil olunub.

Monitorinq komissiyasının üzvü, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu, həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir və vətəndaş rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı asanlıqla əldə edə bilər. N.Niftiyev vurğulayıb ki, monitorinq zamanı dövlət elektron portallarının fəaliyyəti araşdırılıb və dövlət qurumlarının lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara çatdırmasının vəziyyəti öyrənilib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın eksperti Zaur İbrahimli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Ceyhun Musaoğlu və digərləri qeyd ediblər ki, bu gün əksər rəsmi dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti inkişaf edib. Onların rəsmi elektron portallarından məlumatlar əldə etmək mümkündür. Əksər nazirliklərin mətbuat xidmətləri ilə media arasında sıx əməkdaşlıq mövcuddur.

Tədbir iştirakçıları bildiriblər ki, ümumilikdə götürdükdə hər bir təşkilatın rəsmi veb səhifəsi onun vizit kartıdır. Mətbuat katibləri isə həmin təşkilatla ictimaiyyət arasında əlaqələndirici vasitə olaraq KİV-lə fəal əlaqə qurmalıdırlar. İlkin informasiya mənbəyi olan mətbuat katibi media üçün əlçatan olmalıdır.

Interpress.az