Xəzər dənizinin sahilində yerləşən və əhalisinin çoxu müsəlmanlar olan dünyəvi Azərbaycan dövləti Cənubi Qafqazın incisi sayılır.
İnterpress.az xəbər verir ki, israilli xanım jurnalist İris Qorlet İsraildə çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunmuş “Müqəddəs əmək” sərlövhəli məqaləsini Azərbaycanın yəhudi icmasının həyatına, məşhur Qırmızı qəsəbəyə, Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq amilinə həsr edib.
Məqalə müəllifi yazır ki, Azərbaycanın qədim yəhudi icması yayın axırlarında Yəhudi Yeni İlinə hazırlaşmağa başlayır. Qorlet vurğulayır: “Azərbaycanlılara xas olan multikulturalizm və tolerantlıq sayəsində yəhudi icması məhz burada özünün minillik ənənələrini qoruyub saxlayıb. Təbii ki, bu ənənələrin bir qismi yeni adətlərlə qaynayıb-qarışıb. Müstəqil Azərbaycanın rəhbərliyi ölkənin 25 minlik yəhudi icmasına zəruri maliyyə köməyi və mənəvi dəstək göstərir”.
Bakıda fəaliyyət göstərən XABAD dini hərəkatının ravvini və eyni zamanda, Azərbaycan paytaxtındakı askinazi yəhudi icmasının ravvini Şneur Seqal İsrail xalqının adət-ənənələrinə riayət etmək və Yəhudi Yeni İlinə hazırlaşmaq istəyən hər kəsə kömək edir.
Ravvin Şneur deyir: “Bayramlara hazırlıq bir neçə ay bundan əvvəl başlanıb. Bakıdakı yəhudi icmasında dağ yəhudiləri əksəriyyət təşkil edir. Lakin burada Avropa yəhudiləri, həmçinin gürcü yəhudilərinin azsaylı icması da təmsil olunub. Biz bütün yəhudilərə yəhudi xalqının ənənələri barədə bilik mənbələri təqdim edirik. Bakıdakı yerli yəhudi gənclər bu icmaya sıx qoşulublar. Onlar ehtiyacı olan ailələrə zəruri kömək göstərirlər”.
Yerusəlimdəki Yəhudi Universiteti nəzdində Trumen İnstitutunun müəllimi və elmi işçisi doktor Xen Bram deyir: “Qafqaz yəhudiləri ona görə çox maraqlıdırlar ki, onlar sovet ittifaqında dinə qarşı və antisionist siyasətin ən gərgin dövründə öz milli identikliyini qoruyub saxlaya biliblər.
Sovet İttifaqındakı yəhudilərin çoxu intensiv assimilyasiya proseslərinə məruz qalıb, onlar yəhudi bayramlarından və mərasimlərindən uzaqlaşmışdılar. Azərbaycan yəhudiləri isə antisemitizm və milli mənsubiyyətə görə təqibin nə demək olduğunu heç vaxt bilməyiblər. Bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı qeyd edək ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib hiss etməyiblər. Bu gün Azərbaycan multikulturalizmə, tolerantlığa və dini dözümlülüyə meylini nümayiş etdirməkdə davam edir”.
Məqalənin müəllifi İris Qorlet qeyd edir ki, indi Azərbaycanda Yəhudi Yeni İlinə hazırlığın ən qızğın dövrüdür. O yazır: “Azərbaycan yəhudiləri Cənubi Qafqazda ən qədim yəhudi icmasıdır, azərbaycanlılar bu icmaya qardaşcasına hörmət və böyük ehtiram göstərirlər”.
İris Qorlet qeyd edir ki, Sovet İttifaqı dağılan dövrdə Avropa yəhudilərinin əksəriyyəti İsrail Dövlətinə repatriasiya etdi. İ.Qorlet yazır: “Bu gün yəhudi icmasının çox hissəsi Azərbaycanın paytaxtı Bakıda yaşayır və əsasən, ölkədə ən böyük yəhudi icması olan dağ yəhudilərindən ibarətdir. Burada Avropa yəhudiləri də yaşayır. Onlar XIX əsrin axırlarından etibarən Azərbaycana gəlib və İkinci Dünya müharibəsi dövründə faşistlərin onlara qarşı törətdiyi dəhşətlərdən xilas olmaq üçün məhz Azərbaycanda özlərinə sığınacaq, sonra isə doğma ev tapıblar. Burada gürcü yəhudilərinin kiçik icması da var. XX əsrin əvvəlində Bakı onlar üçün doğma evə çevrilib. Bu gün Bakıda “Nativ” və “Bney-Akiva” kimi gənclik hərəkatları da fəaliyyət göstərir. Onlar “Soknut” yəhudi agentliyi və İsrail Dövlətinin Bakıdakı səfirliyi ilə əməkdaşlıq edirlər. XABAD dini hərəkatının icması buraya gələn bütün yəhudiləri koşer qidasına qonaq edir”.
Məqalə müəllifi vurğulayır ki, Azərbaycan paytaxtının hüdudlarından kənarda ən böyük yəhudi icması Quba rayonundakı Qırmızı qəsəbədədir. Bu gün orada 4500 dağ yəhudisi yığcam şəkildə yaşayır. Azərbaycanın əsl qürur mənbəyi olan Qırmızı qəsəbə İsraildən sonra dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Burada yəhudilərlə azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayır, onların ortaq tarixi və ortaq taleyi var. Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsidir.
Müəllif göstərir ki, Qırmızı qəsəbənin əhalisi yalnız dağ yəhudilərindən ibarət olduğuna görə təsadüfi deyil ki, həmin qəsəbəni Cənubi Qafqaz regionunda “sonuncu yəhudi şəhəri” adlandırırlar. Bu, Azərbaycan xalqının yəhudi icmasına qardaşcasına hörmət və ehtiramını bir daha parlaq şəkildə nümayiş etdirir.
İsrailli jurnalist yazır: “Bu gün burada iki sinaqoq fəaliyyət göstərir. Yaxın vaxtlarda məhz burada – Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi açılacaq. Qırmızı qəsəbədə səfərdə olarkən orada 6 günbəzli sinaqoqu ziyarət etdik. İsraildən Odlar Yurdu Azərbaycana gələn hər kəs burada ilk dəqiqədən özünü doğma evindəki kimi hiss edir. Bu, çox gözəl hissdir”.
İsrailli alim – doktor Xen Bram Azərbaycanda bu gün də yəhudilərin yaşadığı daha bir yaşayış məntəqəsi barədə söhbət açır. Bu, Azərbaycanın şimal-qərbində, dağlar qoynunda yerləşən Oğuz rayonudur.
Oğuzun dağ yəhudiləri icmasının başçısı qeyd edib ki, onlar qədim yəhudi ənənələrinə bu gün də hörmətlə yanaşır və Yəhudi Yeni İlini hökmən qeyd edəcəklər. İris Qorlet İsraildə çıxan nüfuzlu “Maariv” qəzetindəki məqaləsinin sonunda yazır: “Bayram günlərində Rusiyadan Oğuza xeyli yəhudi gəlir. Bu gün Oğuzda 45-dən çox yəhudi yaşayır. Hiss olunur ki, burada yəhudilər tam təhlükəsizlik şəraitində yaşayır, azərbaycanlılardan yalnız hörmət görürlər”. (AZƏRTAC )
İnterpress.az