Ahmet Hakan: “Azərbaycanın yanındayam!”backend

Ahmet Hakan: “Azərbaycanın yanındayam!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tariximizin, türk kimliyimizin, türkülərmizin bizi apara biləcəyi ən uzaq çağlardan, milli bilincimizin ən alt qatlarından hay verdi mənə. Bir andaca elə bil üz-üzə oturduq, canlı söhbət etdik.

Mənə görə, bir insan özünü təqdimatdan başlayır. Odur ki, çox maraq etmişdim, görəsən, özünü necə tanıdacaq? “Bana Ahmet Hakan derlər”- söylədi, sadəcə.

Qopuzun ən sarı simi titrədi. Bir dastan söyləyəcəkdi sanki. Dastanlıq adamdır Ahmet Hakan. Ömür yoluyla, dərin savadıyla, çevik ağlıyla, iti qələmiylə öyüləcək adamdır. Ustad yazarımız Hüseyn Cavidin Əmir Teymurdan bəhs edən dramında “mənə Turağay oğlu Teymur derlər” deyən ünlü sərkərdə düşdü yadıma. Ahmet Hakan dünyanı qılınc gücünə fəth etmək istəyən çılğın bir sərkərdə deyil, təbii, sadəcə fikir öncülüdür.

Bütün fikir adamları, düşüncə yenilikçiləri, özünü yenidən yaratmış adamlar sayaq o da dramatik obrazdır. Qos-qoca Doğu ölkələrindəki, qayım-qədim Asiya uluslarındakı, bu aralar Osmanlı nostaljisi körüklənən Anadolu torpaqlarındakı absurd teatrın Oqtay Eloğlusudur bəlkə də. Elm və mədəniyyət yanğısı ilə bütün türk dünyasına “varsansa, yarat, yoxsansa çəkil get tarix səhnəsindən” deyə hayqıran Eloğlu (bizim Cəfər Cabbarlının pyesindəki qəhrəman) kimi yoxsul olmasa da, İstanbulun ən elit səmtində- görənlərimizin gördüyü, görməyənlərimizin də Orhan Pamukun “Məsumiyyət muzeyi”ndən tanıdığı Nişantaşında bənzər missiyanı üstlənmiş və 21-ci yüzilin BATI PLATFORMASIna həm özgür, həm də özgürlükçü aktyorlar olaraq çıxmamızın zəminini hazırlayan “Hürriyət”çidir. Azərbaycanda da çox böyük oxucu auditoriyasının hər gün açdığı, bir çoxlarının da məhz onun köşə yazılarını oxumaq üçün açdığı Türkiyənin ən məşhur qəzeti “Hürriyət”in ən çox polemika yaradan imzasıdır. Əvət, ona Ahmet Hakan derlər. Oxuyun, görək, Ahmet Hakan “Gündəlik Teleqraf”a nələr dedi…

– Təkcə Türkiyədə deyil, Azərbaycanda da çox tanınan və oxunan bir qəzetçisiniz. Özünüzü Azərbaycanın geniş oxucu auditoriyasına necə təqdim edərsiniz? – Bana Ahmet Hakan derlər.

– Deyəsən, pasportda isminiz Ahmet Hakan Çoşkun olaraq yazılır. Onların hər biri ayrıca isimdir. Bu üç addan hansı Sizə daha yaxındır? – Əhməd. – Niyə Əhməd?

– Hər kəs məni o adla çağırır, öyrəşmişəm. Xüsusi bir səbəbi yoxdur.

– Mən də daxil olmaqla, Azərbaycanda bir çox jurnalist Sizin üslubunuzu, yazı tərzinizi öyrənməyə çalışır. Eyni zamanda, bir jurnalist kimi zəngin bioqrafiyanız var, müxtəlif qəzetlər, televiziya kanalları…

– Təxminən 20 ildir ki, jurnalistikadayam. Türkiyədə çeşidli televiziya və qəzetlərdə çalışmışam. Düz on il “Kanal 7”-də işləmişəm. “Yeni Şafak, “Sabah” kimi qəzetlərdə yazı yazmışam. Hazırda yazılarım “Hürriyət” qəzetində dərc olunur. CNN Türk kanalında isə “Tərəfsiz Bölgə” veriliş aparıram.

– Özünüzü ifadə etmək baxımından hansı iş yeriniz ruhunuza, xarakterinizə daha yaxındır?

– Yazı yazmağı insanın özünü ifadə etməsi baxımından vacib sayıram. Mən özümü daha çox yazılarda ifadə edirəm. “Hürriyət”dəki fəaliyyətim özümü tapmağıma yol açdı. Çünki yazı insanın özünü ifadə etməsinə daha çox imkan yaradır.

– Bildiyim qədər, “Radio 7”- də bir gecə verilişi sunmusunuz. Bu verilişi stress atmaq üçün hazırlayırdınız, yoxsa professional yanaşma idi? – Qətiyyən professional yanaşma deyildi. Radio 7-də çox qısa müddət ərzində musiqi, türkülərlə bağlı proqram hazırlamışdıq. Mənim türkülərə marağım böyükdür. Elə bu üzdən də həmin proqramı bir həvəskar olaraq hazırlayırdım, bir növ hobbi idi.

– Abi, atanız məmur olub. Ancaq nədənsə Sizi heç zaman bir məmur olaraq təsəvvür etmək olmur. Elə Türkiyədə də zənn edirlər ki, Sizdən ofis adamı olmaz. Pəki, bir məmur oğlu necə bu qədər özgür xarakterli ola bildi? – Atamın məmur olmasının mənim özgür və özgürlükcü olmağımla elə bir əlaqəsi yoxdur.

Özgürlükcü olmağımızı həyata baxışımız, yanaşma tərzimiz, üslubumuz müəyyənləşdirir.

– “Eksisözlük”də Sizinlə bağlı bir rəyə rast gəldim. Belə yazılmışdı: “İslamçıların sevmədiyi, solçuların adam yerinə qoymadığı, layiqlərin nifrət etdiyi ADAM KİMİ ADAM”. Sizə elə gəlmir ki, Ahmet Hakan olaraq məhz bu ziddiyəti yarada bildiyiniz üçün güclüsünüz?

– Bizdə hər kəs hansısa məsələdə tərəfdir. Heç kəs öz tərəfinə, öz səfinə tənqidi yanaşmır. Davamlı olaraq qarşı tərəfə hücum etmək istəyir, ona “qol” vurmağu arzulayır, “penalti” fürsəti gözləyir. Ümumən, insanlarımız daha çox saldırğandır. Malisəf, doğruya doğru, əyriyə əyri deyən insanlar ya yoxdur, ya da sayları çox azdır. Mən isə bir jurnalist olaraq nəyinsə, kiminsə tərəfini tutmuram. Bu gün yaxşı bir işinə görə təqdir etdiyim adamı, partiyanı sabah tənqid edə bilərəm, yaxud əksinə. Bütün tərəflərə, cəbhələrə eyni məsafədə dayanmışam. Ayrıca, yalnız bizə əks düşünənləri deyil, öz zehniyyətimizə yaxın insanları da tənqid edə bilməliyik.

– Siz islami cameədən gələn insansınız. İmam Hatib məzunusunuz, Universiteti ilahiyyat üzrə bitirmisiniz. Amma məncə, yazılarınızda daha çox layiq və liberal mövqe sərgiləyirsiniz. Haradan- hara?!

– Mən islami dünyagörüşümü qoruyuram. Müsəlmanlığımı, dinə olan inancımı mühafizə edirəm. Sadəcə mən İslamın tək bir yorumunun ola bilməyəcəyini, bunun siyasət vasitəsilə basqı vasitəsinə çevrilməsinin doğru olmayacağı qənaətinə gəldim. Bu səbəbdən də daha çox liberal baxış bucağına yönəlmiş oldum.

Baxın, bu, çox önəmlidir. Dinin özgürlükcü yorumu dindən çıxmaq mənasına gələ bilməz. Dini özgürlükcü şəkildə yorumlamaq istəyirik. Fərqli yanaşmalara da hörmət etməliyik. Mən belə bir nöqtəyə gəlmişəm. Burada təəccüblənəcək şey də yoxdur. Mənim nəzərimdə düzgün yol budur.

– Bəs bu yorum, mühafizəkar bir toplumda çəlişgi yaratmırmı? Tutalım, Siz həm şərab içir, həm də özünüzü müsəlman sayırsınız. Bu arada çox gözəl şərab zövqünüzün olduğu da deyilir. – Mən şərabla, yaxud başqa şeylərlə maraqlanıb-maraqlanmaım sırf özəl həyatıma daxildir. Çəlişgiyə gəlincə, inanmaq başqa şeydir, günah işləmək başqa. Həm inanclı, həm də günahkar ola bilərsiniz. Nəyinsə günah olduğu bilə-bilə də günah işləmək azadlığımız var. Bu da ayrı mövzudur. O baxımdan rahatam.

– Ancaq bəzən hiss olunur ki, sosial şəbəkələrdə, daha dəqiqi, Twitter-də insanları məqsədli şəkildə qıcıqlandırırsınız. Hətta belə də deyirlər ki, Ahmet Hakanın populyarlaşmasında Twitter-in xüsusi rolu olub. Doğrudanmı, Twitter-i hər yazarı məşhurlaşdıracaq sosial şəbəkədir? – Twitter hər insanı məşhurlaşdıra bilər, amma baxır necə? Mən bu sosial şəbəkəyə lap təzə yaranandan qatılan qəzetçiyəm.

İlk günlərdən onun aktiv istifadəçisi olmuşam. Doğrusu, Twitter-in xeyrini də çox görmüşəm. Ancaq bu sosial şəbəkədən populyarlaşmaq məqsədi ilə, PR üçün istifadə etməyə başlamamışam. Twitter-i günün nəbzi tutmaq, trendiniz izləmək, insanların reaksiyası ilə tanış olmaq üçün bir vasitə kimi qullanıram. Bu sosial şəbəkədən yenə də geniş istifadə edirəm. Təbii ki, onun məşhurlaşmağıma da təsiri olmuş ola bilər. – Bəs, Facebook-dan niyə çox istifadə etmirsiniz?

– Facebook heç ürəyimə yatmır. Xüsusi bir səbəbi yoxdur bunun. Facebook-dakı ovqatla da tanış deyiləm. Facebook-un necə bir platforma olduğunu bilmirəm. Amma Twitter-i çox bəyənirəm. Kənardan müşahidə etmişəm ki, Facebook vaxtı ondan çox alır. Amma Twitter elə deyil.

– Həm Facebook-un, həm də Twitter-in ümumi bir özəlliyi də var ki, bu da bayaq dediyiniz saldırğan tiplərə də geniş imkan yaradır. Saldırı demişkən, bu günlərdə Parisdə Məhəmməd peyğəmbərin karikaturasını yayınlayan mizah dərgisinin ofisinə basqın edildi. Niyə, məsələn, ötən yüzildə xarici basqılara, yoxsulluğa məruz qalmış, təhsilin zəif olduğu Vyetnamda yox, məhz İslam coğrafiyasındakı toplumlar dünyanı lərzəyə salan terrorçular yetişdirir? – Terror müsəlmanlığın alğılanmış yaşayış şəklindəki problemlərdən törəyir. Orada böyük problemlər var. O toplumlarda əksər müsəlmanlar islamiyyəti doğru yorumlaya bilmirlər və barbarlığa yuvarlanırlar. Əlbəttə, bir çox başqa səbəblər də var. Amma məncə əsas səbəb budur.

– Bəs, “gerçək islam” deyilən anlayış? – Çox mühüm müzakirələrə ehtiyac var. Özgürlük mühitinin formalaşması, fərdi düşüncənin önə çıxması, dini yorumlamaqda heç kəsin basqı altında qalmaması lazım. Başqa cür ortaya çıxmayacaq.

– Sizə bir şeyi deyim, Azərbaycanın çox böyük ziyalısı Mirzə Fətəli Axundov əlifba islahatı aparmaq istəyib. 1850-ci illərdən başlayaraq bütün türklərin latın latın əlifbasına keçməsinə çalışıb. Buna görə hətta İstanbula gedib, sədrəzəm Fuad paşalarla, Əli paşalarla görüşüb. “Bu əlifba daha faydalıdır, amma biz keçməyək” deyə başlarından ediblər. Fəqət Mustafa Kamal Atatürk devrim etdi və latın əlifbasına keçdi. Sizcə niyə müsəlman coğrafiyasında nə isə, ən yaxşı ideyalar belə zorla qəbul edilir, amma könüllü şəkildə alınmır? Sanki belə bir ənənəmiz var… – Doğrudur, belə bir ənənə var. Məncə, bu sorun yeni fikirlərə qapalılıqdan, çox tərəfli müzakirələrdən, doğru qənaətə ortaq gələ bilməməkdən qaynaqlanır. Yeni fikirlərə açıq olmaqla, müzakirələr aparmaqla yeni mövqe ortaya çıxarmaq mümkündür. Ancaq bizdə işlər belə çözülmür. Təməl problemlərdən biri də budur.

– Türkiyə bir neçə il bundan əvvələ qədər istər ərəblər, istər bögədədəki digər xalqlar, istərsə də Azərbaycan üçün model ölkə idi. Sanki son illərdə Türkiyə bu imicini itirib. Hər millət düşünür ki, Türkiyə onsuz da model dövlət deyil, biz öz başımızın çarəsinə özümüz baxaq, onu örnək almayaq. Bir Türkiyə aydını olaraq necə düşünürsünüz, Türkiyə yenidən model ola bilmək üçün nə etməlidir?

– Türkiyə həm müsəlman, həm özgürlükcü bir ölkə idi. Bütün digər problemlərə baxmayaraq demokratiya, insan haqları və ifadə özgürlüyünün olduğu ölkə idi. Bu baxımdan Orta Şərqdə birinciliyi ələ almışdı, model sayılırdı. Son illər demokratiyadan uzaqlaşma, ifadə özgürlüyü istiqamətində sıxıntıların olması, hüquqi dövlət ənənəsinin yıpranması, dinin təktərəfli yorumunun topluma təqdim edilməsi Türkiyənin imicini zədələdi. Düzdür, Türkiyə bütün sıxıntılarına rəğmən Orta Şərqdəkilərdən yenə də fərqli və demokratik ölkədir. Amma örnək ola bilməz. Çünki ulduzumuz sönüb. Ulduzumuzun yenidən parlaması üçün bu sıxıntıları ortadan qaldırmalıyıq.

– Medya basqıları məsələsinə yaxşı toxundunuz. Məşhur “25 dekabr” soruşdurmasında Sizi də dindirdilər. Niyə çağırmışdılar? – Çox gərəksiz bir durum idi. Mənə heç bir aidiyyatı yox idi. Qəzetçi kimi yazdığım yazıdan dolayı ifadəm alındı. Bu barədə geniş danışmağa dəyməz. Önəmsiz şey idi. – Mən Türkiyəni, türk mediasını yaxından izləyən bir insanam. Hər dəfə saytlara baxanda, hiss edirəm ki, Sizin artıq Genəl Yayın Yönətməni olmaq zamanınızdır… – Çox təşəkkür edirəm. Türkiyədə medya sektorunda böyük problemlər var. İqtidar-media əlaqələri çox qarışıq durumda. Hökumətin nəzarətində olan qəzet və televiziyalar var. Mediada sağlam rəqabət ortamı yoxdur. Hərə bir tərəfə dağılıb. Belə bir ortamda bir insanın öz beynindəkilərini, ideyalarını gerçəkləşdirməsi, istedadına uyğun bir qəzetə rəhbərlik etməsi çox çətindir. O baxımdan belə vəziyyətdə genəl yayın yönətməni olmaram. Düzdür, bir qəzet çıxartmaq, bir qəzetin genəl yayın yönətməni olmaq istəyərəm. Amma Türkiyənin indiki vəziyyətində bunu istəmirəm.

– 2008-ci ildə, Bakıdan qayıdandan sonra bir yazı yazmışdınız. Mənə elə gəlir ki, Sizin o səfərdə Azərbaycanın insanını, yaşamını, mətbəxini, kültürünü yaxından tanımağa imkanınız olmayıb… – Sadəcə fürsət olmadı. Tanımaq istəmək ayrı şeydir, tanımaq fürsəti olmaq ayrı. Azərbaycanı daha yaxından tanımaq istəyirəm. Amma hələ nəsib olmayıb. Bakıya bir neçə günlük səfər etmişdim. Qısa zamanda ancaq ümumi müşahidələr aparmaq imkanı olur. Səfər zamanı kiminlə, hansı çevrədən insanlarla bir yerdə olmaq da çox vacibdir. Yazını ümumi müşahidələrlə yazmışdım. Azərbaycana qarşı hər hansı önyarğım yoxdur, olması da mümkünsüz. – Sizin cocuqluğunuzun bir mərhələsinin keçdiyi Ağrıdan, Amasiyadan o zaman Sovet əsarətində olan Azərbaycan necə görsənirdi?

– Sərhədlər bağlı idi. Azərbaycanla əlaqələr indiki kimi deyildi. Bir Anadolu cocuğu olaraq Azərbaycan mənə yabancı ölkə idi. Adını eşidirdik. Deyirdilər, əsir türklərin yurdudur. – Bəs indi “Azərbaycan” adını eşidəndə, deyəndə ağlınıza ilk nə gəlir?

– Qardaş cümhuriyyət! Həmişə rəğbət göstərdiyim, müsbət rəylər, mesajlar aldığım və marağıma səbəb olan ölkədir Azərbaycan. Qardaşlıq bağlarımız, könül bağlarımız çox qüvvətlidir.

– Bir yazar olaraq Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz?

– Tamamilə Azərbaycanın yanındayam. Azərbaycanın haqlı olduğunu düşünürəm. Bu məsələdə Azərbaycan əzilən, haqsızlığa məruz qalan tərəfdir. Bu haqqın bir gün mütləq bərpa olunacağına inanıram. Həmişə Azərbaycanın tərəfində olmuşam və olacam. – Eşitdik ki, bu yaxınlarda İrana getməyi düşünürsünüz. Bizim oradakı Azərbaycana da gedəcəksinizmi? Oraya getmək üçün farsca öyrənməyə də ehtiyacınız olmayacaq, bizimlə, sizinlə eyni dildə danışan 30 milyondan çox Azərbaycan türkü var…

– Təbriz mənim üçün çox maraqlıdır. O şəhəri görmək istəyirəm. Bilirəm ki, orada hər kəs türkcə danışır. İsfahan eşitdiyimə görə, çox gözəl şəhərdir.

– Səfəvi Şah Abbas tərəfindən paytaxt edilmiş şəhərdir. – Bəli, tarixən çox önəmli şəhərdir. Qum şəhəri marağıma səbəb olan yerdir. Oradakı dini ab-hava ilə tanış olmaq istəyirəm. Şiraza da gedəcəyəm.

– Bizim bir muğamımız var: “Bayatı-Şiraz”. Bəstəçi Fikrət Əmirov, Süleyman Ələsgərov o muğam üstündə çox gözəl simfonik əsərlər də yazmışlar. Getməzdən öncə onu da dinləmənizi rica edirəm. Sizi valeh edəcək, məncə.

– Mütləq, dinləməyə çalışaram. Bir daha qardaş Azərbaycana salamlar söyləmək istəyirəm. Hər kəsə sayğılarımı ifadə edirəm (teleqraf.com).

İnterpress.az