Bildiyiniz kimi, Bakıda Nizami Gəncəvi Beynəlxal Mətkəzinin təşkilatçılığı ilə “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu keçirildi. Forumda Əfqanıstan prezidenti Əşrəf Qani, Albaniya prezidenti İlir Meta, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova prezidenti İqor Dodon, Montoneqro prezidenti Mila Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov, o cümlədən, 40-dan çox sabiq dövlət və hökumət başçısı, 55 ölkədən olan 500-ə qədər nümayəndənin qatıldığı Forumun yüksək səviyyədə təşkili iştirakçılar tərəfindən də etiraf olundu və müsbət qiymətləndirildi.
Üç gün davam edən forumda Azərbaycan üçün, eləcə də, dünya üçün əhəmiyyətli proseslər geniş müzakirə olundu. Forumun artıq VII dəfə Bakıda keçirilməsi Azərbaycanın dünya üçün əhəmiyyətli bir ölkəyə çevrilməsi deməkdir. Bu, o deməkdir ki, ölkəmiz dünyaya inteqrasiya yolunda sürətli şəkildə inkişaf edir. Eyni zamanda, forumun nüfuzlu beynəlxalq platformaya çevrilməsi danılmaz faktdır. Forumda dünyanın 55 ölkəsindən gəlmiş rəsmi nümayəndənin Prezident İlham Əliyevin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı çıxışını dinləməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti şərait oldu. Forumda iştirak edən xarici dövlətlərin hökumət nümayəndələrinə “Xocalı qətliamı” barədə məlumatların çatdırılması ölkəmiz üçün mühüm bir addım idi. Bundan əlavə, Azərbaycanın tarixi keçmişi və müstəqilliyi uğrunda keçdiyi bütün yollar qonaqların diqqətinə çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin VII Qlobal Bakı Forumunda şəxsən iştirak etməsi forumun ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığının bariz nümunəsidir. Eyni zamanda, ölkə başçısının Bakıda keçirilən bütün Qlobal Forumlarda iştirak etməsi və çıxış etməsi dövlətimiz üçün mühüm bir hadisədir. Foruma təşrif buyuran qonaqların təmsil etdikləri dövlətlərlə Azərbaycanın dostluq və əməkdaşlıq etməsi ölkəmizin siyasi inkişaf yolunda uğurlu siyasətinin göstəricisidir. Bakıda keçirilən VII Qlobal Bakı Forumu Ermənistanın ciddi narahatlığına səbəb olub. Eləcə də, forumda müxtəlif xarici ölkə rəsmilərinin iştirak etməsi erməni hökümətində təşviş salmağa başlayıb. Bununla da, Azərbaycan höküməti öz uğurlu siyasəti ilə növbəti dəfə düşmən qüvvələrini narahat etməyə nail olub. Ümumilikdə, forumda ölkəmiz üçün və dünya xalqları üçün müsbət nəticələr əldə olundu. Məhz, bu baxımdan, dünya xalqlarının dostluğu, cəmiyyətlərin sıx əməkdaşlığı və dövlətlər arasında bəşəriyyət naminə müsbət münasibətin qurulması forumun əsas mahiyyətindən ibarətdir. Dünyada baş verən istənilən qətliamlar, terrorlar və işğallar forumda qınanılan müzakirə mövzusu idi.
Toğrul Allahverdili