Yumurta və kartof ucuzlaşdıbackend

Yumurta və kartof ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin (KTN) verdiyi məlumata görə, bir ay əvvəl yumurtanın 1 ədədi 11 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 7 qəpiyə düşüb. Onun sözlərinə görə, bəzi hallarda hətta bazar və yarmarkalarda yumurtanın bir ədədi 5 qəpiyə satılır.

M.Hacıyev bəzi kənd təsərrüfatı məhsullarında, xüsusilə quş əti və kartofda da ucuzlaşmanın müşahidə olunduğunu deyir: “Əvvəl kiloqramı 3 manata satılan quş əti bu gün 2,80 manata satılır ki, bu da 10%-dək ucuzlaşma deməkdir. Bir ay əvvəl 2,80 manata satılan quş əti isə bu gün bazarlarda 2,60-2,40 manata satılır”.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev yumurtanın ucuzlaşmasını istehsalın artımı ilə əlaqələndirir: “Yumurtanın ucuzlaşması əsasən 4-5 gün öncə başlayıb. Bir qədər əvvəl ölkədə fabrikdən yumurtanın topdansatış qiyməti 9 qəpik idi. Hazırda bu qiymət 6 qəpik təşkil edir. Bu gün yumurta əhaliyə maya dəyərindən aşağı qiymətə satılır. Fermerlər bunu məcburən edirlər. Ucuzlaşmanın əsas səbəbi odur ki, bu gün ölkədə yumurta istehsalı çoxdur və əhalinin yumurtaya olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ildə ölkədə 1562,7 mln. ədəd yumurta istehsal olunub. 2013-cü ilə nisbətən 2014-cü ildə yumurta istehsalı 161,3 mln. ədəd və ya 11,5% artıb.

Ötən il quşçuluq fabriklərində diri çəkidə 85,3 min ton (2013-cü ildə il 73,3 min ton) quş əti, 703,3 mln. ədəd (2013-cü ildə 561 mln. ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 41,1% artaraq 11,6 milyonu keçib, hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınıb.

Komitənin hesablamalarına görə, 2013-cü ilin dekabr ayı ilə müqayisədə ötən ilin eyni dövründə yumurtanın orta bazar qiyməti 11,6% azalıb. Başqa sözlə, əgər 2013-cü ilin dekabr ayında yumurtanın 10 ədədi 1,35 manata satılırdısa, 2014-cü ilin dekabr ayında qiymət 1,21 manata düşüb.

Kartofun qiymətinə gəlincə, M.Hacıyev bir ay əvvəl ilə müqayisədə bu məhsulun 30% ucuzlaşdığını deyib. “Kartofda da ucuzlaşma qeydə alınıb. Gədəbəy kartofunun bir kiloqramı indi 90 qəpik olub. Baxmayaraq ki, əvvəl bu məhsulun 1 kiloqramı 1 – 1,20 manata satılırdı. Cəlilabad kartofu isə bu gün bazarda 80 qəpik – 1 manata satılır. Fermerlər məhsullarını uzun müddət saxlaya bilmirlər. Çünki, məhsulun uzun müddət saxlanılması onların cücərməsinə səbəb olur. Qarşıdan yaz gəlir və fevral ayının axırı, mart ayının əvvəlindən kartof əkini başlayır. Buna görə də fermerlər 2014-cü ilin məhsulunu kütləvi şəkildə bazara çıxarılar. Bu səbəbdən kənd təsərrüfatı məhsullarının əksəriyyətində ucuzlaşma müşahidə olunur. Bu, bir çox hallarda mövsümü istehsalın artımı ilə bağlıdır”, – deyə M.Hacıyev vurğulayıb.

Yumurtadan fərqli olaraq, 2013-cü ilə nisbətən 2014-cü ildə kartof istehsalı 17,5% azalaraq 819,3 min ton olub. Belə ki, 2013-cü ildə ölkədə 992,8 min ton kartof istehsal edilib. 2013-cü ildə hektarın orta məhsuldarlığı kartof üzrə 152 sentner olubsa, 2014-cü ildə bu göstərici 133 sentner təşkil edib. Kartofun istehsalının azalmasına baxmayaraq 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə kartof idxalı 2,4 dəfə azalıb. Bu müddətdə kartofun ixracında da 8,6%-lik azalma müşahidə olunub.

DSK-nın məlumatına əsasən, 2013-cü ilin dekabr ayı ilə müqayisədə ötən ilin eyni dövründə kartof orta hesabla 7,2% ucuzlaşıb. Yəni, əgər 2013-cü ilin dekabr ayında kartofun 1 kiloqramı 89 qəpiyə satılırdısa, 2014-cü ilin dekabr ayında qiymət 0,83 qəpiyə qədər azalıb.

Xatırladaq ki, DSK-nın məlumatına görə, 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub (apa).

İnterpress.az