14 yaşında ABŞ-da universitetə daxil olan soydaşımız Selcan Əhmədli təhsilini Şimal–Qərb Universitetininin (Northwestern University) doktorluq pilləsində davam etdirəcək.
Bu il bakalavr dərəcəsini bitirən, hazırda 17 yaşı olan Selcan ABŞ-dakı bir neçə universitetin tam təqaüd proqramını qazanıb. Onların arasında Şimal–Qərb Universiteti, Minnesota Universiteti, Merilənd Universiteti, Virciniya Universiteti, Karnegi Mellon Universiteti, Keyz Vestern Universiteti və digərləri var. Selcan riyaziyyat üzrə doktorluq dərəcəsini almaq üçün Şimal-Qərb Universitetində təhsil almağa üstünlük verib. Dərslər 2021-ci ilin payızında başlayacaq.
Valideynləri riyaziyyatçı olan Selcan Əhmədli Bakıda doğulub. 13 yaşında orta məktəb proqramını bitirərək, Şimali Dakota universitetində riyaziyyat kursuna qəbul olunub. 2018-ci ildə universitetin ən istedadlı tələbələri arasında birinci yeri tutub.
Onun atası professor Azər Əhmədli 1998-ci ildə Yel Universitetinin riyaziyyat kursuna qəbul olan beş xarici tələbədən biri olub və 20 ildən artıqdır ki, ABŞ universitetlərində riyaziyyatdan dərs deyir. Uzun illər Kaliforniya ştatındakı Santa Barbara Universitetində müəllim və tədqiqatçı işləyib, sonra ailəsi ilə birlikdə Şimali Dakotaya köçüb.
İnterpress.az