11 yaşlı uşaq qumar oyunlarına görə milyon rubla yaxın borca düşüb, narkokuryer olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Ufa şəhərində Maksim adlı 11 yaşlı məktəblinin onlayn kazinoda qumar oynamağa başlaması onun böyük borca düşməsinə və narkotik vasitələrin kuryeri kimi fəaliyyət göstərməsinə səbəb olub.
Məlumata görə, yeniyetmə əvvəlcə cib xərcliyini onlayn kazinoda uduzub. Daha sonra valideynlərinin pulunu götürüb, onların əşyalarını satıb və doğum ilini sənədlərdə dəyişdirərək mikrokreditlər rəsmiləşdirib.
Borclarının məbləği 1 milyon rubldan (təxminən 11 min manat) çox olduqdan sonra uşaq ağır psixoloji vəziyyətə düşüb. Bu zaman çatların birində ona ayda 150 min rubl (təxminən 1 650 manat) maaşla kuryer işi təklif olunub.
11 yaşlı uşaq təklifi qəbul edib və bir neçə dəfə narkotik vasitələrin “yerləşdirilməsini” həyata keçirib. Lakin daha sonra qorxaraq təxminən 500 min rubl (təxminən 5 500 manat) dəyərində narkotik vasitələrdən qurtulub və onu işə cəlb edən şəxslərdən gizlənib.
Təqib olunacağından qorxan uşaq bir müddət zirzəmilərdə və tərk edilmiş binalarda yaşayıb.
Daha sonra qumar asılılığından əziyyət çəkən şəxslərə yardım göstərən mərkəzə yerləşdirilib və müalicəyə başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






