REAL seçkiyə 20 namizədlə gedirbackend

REAL seçkiyə 20 namizədlə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Modern.az saytının suallarını cavablandırıb.

– Müsavat Partiyasında başqan seçkisindən sonra bu qurumda başlanan qalmaqallar, bir sıra dəyişikliklər, kütləvi istefalar səngimir. Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz, nələri təklif etmək olar?

– Siyasi hərəkatın rəhbərlərindən biri kimi mənim o partiyalara hər hansı bir məsləhət verməyim etik cəhətdən düzgün çıxmaz. Amma müxalif düşərgədə baş verən proseslər onun göstəricisidir ki, uzun illər siyasi partiyalar fundamental ideoloji dəyərlər üzərində deyil, bir şəxs ətrafında formalaşıb. Təəssüf ki, Azərbaycanda illərdir bunu müşahidə edirik və bütün partiyalar belə bir model üzərində qurulub. Rəhbərlikdə olan şəxsin dəyişməsi, siyasətdən getməsi və ya ikinci plana keçməsi 100 illik tarixi, cümhuriyyətimizin qurulmasında önəmli yeri olan, fundamental bir partiya kimi tanınan Müsavatda qalmaqal yaratdı.

Belə qalmaqalların baş verməsi ürəkağrısı ilə izlənilən prosesdir. Əgər müsavatçılıq ideoloji məfkurələr üzərində qurulan bir partiya olsaydı, başqan seçkisində kimin rəhbər seçilməsindən asılı olmayaraq, partiya parçalanmaq əvəzinə əksinə, böyüyərək, güclənərək bu mübarizədən çıxmalı idi. Lakin bunun əksini gördük. Bu, çox üzücü haldır. Onsuz da Azərbaycanda müxalifət düşərgəsi ümumi ictimai-siyasi vəziyyətə, təzyiqlərə, maliyyə problemlərinə görə zəifdir. Məhz köklü partiyalarda belə proseslərin baş verməsi müxalifətçilik anlayışına görə heç də yaxşı deyil. Amma qacılmaz da deyil.

– Təmsil etdiyiniz REAL-ın hansı səviyyədə görürsünüz?

– REAL hərəkatı olaraq yaranan ilk gündən bir şəxsin ətrafında deyil, ideoloji platformada birləşən komanda qurmağa və siyasəti komanda oyununa çevirməyə çalışdıq. Hərəkatın sədri İlqar Məmmədovun 2 il 5 aydır həbsdə olmasına baxmayaraq, REAL ayaqda qaldı. Bu gün hərəkata qoşulanların sayı dörd-beş dəfə artıb. Çünki ilk gündən ideoloji platforma, qırmızı cizgilər, dəyərlər üzərinə qurulan siyasi bir təşkilat yaratmağa çalışdıq. Bundan sonra da belə olacaq. Amma təəssüf ki, digər siyasi partiyalarda şəxsiyyət məfhumu, liderlik ön plana çıxır. Bu isə ciddi mənfi sonuclara gətirib çıxarır. Təəssüf ki, bir çox siyasi partiyalar anlamaq istəmədilər ki, lider şəxs deyil, funksiyadır. Siyasi təşkilatlarda liderlik funksiyasını həyata keçirə biləcək onlarla adam olmalıdır. Bu funksiyanı bir nəfərin üzərinə yüklədikdə ağır nəticələr verir.

– Ənənəvi müxalif düşərgələrdə təmsil olunan tanınmışlar, adətən mitinqlərdə alovlu çıxış edirlər. Amma buna baxmayaraq demək olar ki, bu gün Azərbaycan müxalifətində fikir adamlarının azlığı nəzərə çarpır. Bunun səbəbi nədədir?

– Əslində bunun bir neçə səbəbi var. İllərdir Azərbaycanda müxalifət düşərgəsində uğura imza atmaq mümkün olmadı. Çünki seçki şəffaf keçmirdi. Müxalif partiyadan olanların böyük bir hissəsi son 15-20 ildə düşərgəni tərk etməyə başladı. Məsələn, 10 il bundan öncə Müsavat Partiyasında professorlar, elmlər namizədləri üstünlük təşkil edirdi. Ciddi intellektual debatlar, diskussiyalar görürdük. Sonradan uğur gəlmədikcə, o insanlar siyasətdən də, partiya sıralarından da uzaqlaşdılar.

Digər tərəfdən, müxalif düşərgədə olan partiyalar önəmli bir məsələni həmişə nəzərdən qaçırdılar. Azərbaycandakı 20 il bundan öncəki situasiya ilə indiki situasiya arasında kəskin fərq var. Milli azadlıq hərəkatı dövründə insanlar tamam başqa düşüncə ilə siyasətə qatılırdı. Müstəqilliyimizdən 20 ildən çox keçib. Pis-yaxşı kiçik və orta sahibkarlıq yaranıb, orta sinif formalaşıb. Ən vacibi isə nəsil dəyişikliyi baş verib. Çox təəssüf ki, bu dəyişikliyi nə iqtidar, nə də müxalif partiya nümayəndələri hələ də anlamırlar. Bu, çox ciddi məsələdir.

Bu gün siyasətdə layihələr, təkliflər, ideyalar önə çıxmalıdır. Mütləq bu yöndə mübarizə getməlidir. Amma təəssüf ki, biz siyasətdə mübarizənin başqa formalarını görürük. Bu da Azərbaycanın inkişafını ləngidən proseslərdən biridir.

– REAL hərəkatı perspektiv üçün hansı proqramlar hazırlayır. Təşkilatda nə kimi yeniliklər və dəyişikliklər gözlənilir?

– REAL hərəkatı böyük proqram sənədlərini açıqlayıb. Bundan başqa REAL-ın Azərbaycanın iqtisadi, siyasi, ictimai sahələri üzrə proqramlar paketi hazırlanıb. Həmin sənəd ümumi şəkildə yazılsa da, ayrı-ayrı bölümlər üzrə ciddi islahat proqramları hazırlanıb. Təhsil, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı və regional inkişafla bağlı ciddi sənədlərimiz var. Mütəmadi olaraq bu sənədləri mətbuat vasitəsi ilə yayırıq və müzakirələr açmağa çalışırıq. Hətta bunun videosunu öz saytımızda yerləşdirmişik. Bir saat ərzində idarə heyətinin üzvləri o proqramın detallı şəkildə açıqlamasını edirlər və ictimaiyyətə sadə dillə izah etməyə çalışırlar.

– Qarşıdan parlament seçkisi gəlir. REAL hərəkatı seçkidə iştirak edəcəkmi?

– İndidən demək mümkündür ki, REAL hərəkatı ən azı 20-25 nəfər namizədlə bu seçkidə iştirak edəcək. Seçki platformamızı tənqid deyil, təkliflər, strategiya üzərində quracağıq. Biz bu ölkəni necə görmək istəyirik, problemlər və onların həlli yolu nədən ibarətdir, əsas təkliflərimiz bunlar olacaq. Seçkiyə az müddət qalmış bütün strategiyamızı ictimaiyyət üçün açıqlayacağıq. Ölkədə fərqli üslubda seçki kampaniyası aparmağı düşünürük.

– Namizədlərin kimliyi məlumdurmu?

– Namizədlərin əksəriyyəti məlumdur. Amma bəzi namizədlərin iştirak edib-etməməsi seçkiyə azı iki ay qalanda dəqiq məlum olacaq. Bu, namizədlərin şəxsi işləri və ya çalışdıqları məkanlarla bağlı problemlər var. Amma idarə heyətinin tam tərkibi, məclis üzvləri seçkidə iştirak edəcək. Bu seçkidə REAL adından çox maraqlı isimlər görəcəksiz. Ümid edirik ki, seçkidə Azərbaycan cəmiyyətinə yeni növ seçki kampaniyasında təkliflər və sistem dəyişiklikləri üzərində qurulmuş seçki kampaniyası təqdim edə biləcəyik. Çalışmalara yanvar ayından başlamışıq, avqustun sonunda yekunlaşacaq.

İnterpress.az