Gəlin yaşlı ər-arvadı mənzilsiz qoydubackend

Gəlin yaşlı ər-arvadı mənzilsiz qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nərimanov rayonu Xoyski prospekti 113-də yerləşən 23 saylı mənzilin əsl sahibi olduğu bildirilən Ağamətovlar ailəsi indi mənzildən məhrum ediliblər.

Ağamətovların vəkili Nazim Nəsirovun sözlərinə görə, ailənin gəlini olmuş iddiaçı İlhamə Ağamətova keçmiş həyat yoldaşı, cavabdeh Ağamətov Elmana qarşı \”mənzilin özgəninkiləşdirilməsinə dair əqdin etbarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edib.

Nərimanov rayon Məhkəməsinin 2014-cü il 11 iyun tarixli qətnaməsi ilə iddia qismən təmin edilib. Ancaq iddiaçı tərəf bununla razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edib. Mülki Kollegiyanın qərarına əsasən, İlhamə Ağamədovanın iddiası təmin edilib.

Mənzil keçmiş ər-arvad arasında bölünüb. Elman Ağamədovun bununla bağlı kassasiya şikayəti isə təmin edilməyib.

“Məsələ burasındadır ki, ev Elman Ağamədovun valideynlərinə məxsusdur. Mənzilin həmin şəxslərin adına sənədləşdirilməsi mümkün olmadığına görə gələcək gəlinin adına sənədləşdirilib. Lakin sonradan mənzil Elman Ağamədovun anası Umiyət Ağamədovaya bağışlanıb. Mənzil tərəflərin gəlirləri hesabına deyil, cavabdehin atasının vəsaiti hesabına alınıb. Ərlə arvad boşanmaqla bağlı qərar gələndə gəlin məhkəməyə mənzillə bağlı müraciət edib. İddia edib ki, qaynanasının adına etibarnamə verilərkən öz iradəsinin əleyhinə hərəkət edib. Məhkəmə də qərar çıxararkən bununu əsas götürüb. Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsində və Ali Məhkəmənin qərarında bu faktlara düzgün qiymət verilməyib. Mənzilin ərin atasının vəsaiti hesabına alınması, qalan ödənişin verilməsi üçün bankdan götürülən kreditin də məhz onun təfərindən ödənilməsi nəzərə alınmayıb. Beləliklə də mənzilin əsl sahibləri indi tamamilə evsiz qalıb. Burda ən narahatlıqverici məqam etibarnamə institutuna yaradılan inamsızlıqdır. Belə çıxır ki, bundan sonra insanlar notarial qaydada verdikləri etibarnamələrdən rahatlıqla imtina edə biləcəklər”.

Qeyd edək ki, cavabdeh tərəfi növbəti məhkəmə instansiyasına müraciət edib.

Elnarə KƏRİMOVA
İnterpress.az