Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q. Yetirmişli bildirib ki, bu təkanlar arasında hiss edilən təkanlar da ola bilər: “Çünki bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram”.
Q. Yetirmişli qeyd edib ki, Azərbaycanın şimal-qərb zonasında gərginlik vardı: “Bir neçə gün əvvəl Şəkidə zəif, 3 maqnitudalı təkan baş vermişdi. Yəni Şəki-Zaqatala zonasında gərginlik toplanması gedirdi, amma heç kim məhz bu gün səhər zəlzələ baş verəcəyini deyə bilməzdi. Zəlzələnin Azərbaycanın əksər rayonlarında hiss edilməsiinə gəlincə, bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vandam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfü deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər baş verib”.
Q. Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin davamiyyətinin 15 saniyəyə qədər olduğunu nəzərə çatdırıb: “Bu müddət də dalğanın təsirinin respublikada yayılması baxımından az müddət deyil. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib”.
Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.
İnterpress.az