Məcburi köçkünlərin mənzil-məktəbləri: vədlər və reallıqbackend

Məcburi köçkünlərin mənzil-məktəbləri: vədlər və reallıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii ki, uşaq düşüncəsi ilə ilk olaraq “yad adam”dan onların blokunda nə axtadığını soruşur:
– Nə lazımdı, xala?
– Ağdam rayon 36 saylı məktəbi axtarıram.
– Düz gəlmisiz, buradır.
Blokda məktəbin olduğunu xatırladacaq heç nə görmədiyimdən balacanın sözlərinə də şübhə ilə yanaşardım, əgər blokun qarşısına vurulan tablo olmasaydı. Hər şey 36 saylı məktəbin burda yerləşdiyini göstərir, hətta həmsöhbətim bir-bir qapıları döyür. Açan yoxdur.
– Onlar günortadan sonra gəlirlər. Oğlunuz var, yoxsa qızınız? Yaxşı olar ki, 37 saylı məktəbə yazdırasız, ora daha yaxşıdır, deyə yeni tanışım- ağdamlı şagird Toğrul Məmmədov deyir.

Kiçik dostumla bu dəfə yaxınlıqdakı digər binanın blokunda , 1-ci mərtəbədə yerləşən məktəbə gedirik. Bu dəfə Ağdam rayon 37 saylı orta məktəbinə…

Şəhərcik tikildi, məktəb unuduldu

Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün qaçqın düşərgəsi 2012-ci ildə istifadəyə verilib. Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi- 98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış bir qrup məcburi köçkün ailəsi şəhərciyə köçürülüb. Köçürmə prosesi heç də səs-küysüz ötüşməyib, narazılıq da olub, müxtəlif söz-söhbətlər də. Amma ilk baxışdan şəhərciyin ərazisində təmizlik, səliqə-sahman xoş ovqat yaradır. Sakinlər bildirir ki, əraziyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil Kommunal Departamenti nəzarət edir. Şəhər küçələrində gözümüzün çoxdan adət etdiyi zibil qalaqlarına burda rast gəlmirik. Amma 3 il keçməsinə baxmayaraq qəsəbə istifadə verildiyi zaman “müvəqqəti problem” kimi təqdim edilən məktəb problemi hələ də “müvəqqəti-daimi” olmaqdan çıxa bilməyib. Şəhərcikdə məktəb binası tikilməyib, ailələr köçürülüb və bundan sonra problemin həlli yolu tapılıb: bir neçə mənzil məktəblər üçün ayrılıb. Bu isə məcburi köçkün məktəblərinin problemləri sırasına birini də əlavə edib- mənzil məktəblər.
Qəsəbədəki 37 saylı Ağdam rayon orta məktəbində mənzərə daha fərqlidir. Blokun 1-ci mərtəbəsində bir neçə mənzildə yerləşən məktəbdə məzuniyyətdən qayıdan müəllimlərlə görüşürük. Direktorun məzuniyyətdə olduğunu bildirib onsuz heç bir suala cavab verə bilməyəcəklərini deyirlər. Ancaq sinif otaqlarına baxmağımıza mane olmurlar. Məktəbdə kitabxana, laboratoriya, dəhlizlərdə təhsilə aid plakatlar, məktəbin qəbul imtahanlarında yüksək bal toplayan məzunlarını fotostendi, işğal edilmiş torpaqlarla bağlı məlumatlar var. 350-yə yaxın şagirdin təhsil aldığı məktəbdə tədricən yeni tədris ilinə hazırlıq görülür.

3 marşrutla məktəb gələn müəllim

Amma təbii ki, blokda yerləşməyin də öz çətinlikləri var. Təsəvvür edin, birdən-birə 350 uşaq yaşayış binasna daxil olur, tənəffüslərdə blokda yaranan vəziyyəti təsəvvür etmək də çətin deyil. Üstəlik otaqlar çox darıqsaqldır, profilə uyğun olmadığına görə şəhər məktəblərində hər sinifdə gördüyümüz 25-30 şagirdi burda görə bilmərik. İdman zalı yoxdur, uşaqlar idmana olan həvəslərini ya sinifdə, ya blokun qarşısında, ya da qəsəbənin girişindəki futbol meydançasında öldürə bilərlər. Başqa bir problem müəllimlərin hər gün uzaq yola sərf etdikləri zaman və maliyyə itkisidir. İbtidai sinif müəllimi Şəlalə Həsənova deyir ki, işə gəlmək üçün hər gün səhər saat 6.30-da evdən çıxmalı olur: “Əvvəl məktəbimiz Nərimanov rayonundakı 46 saylı məktəbin binasında yerləşirdi. Sonra yataqxanada yaşayan sakinlər bura köçürüldü və məktəb də mənzillərdə yerləşdirildi. Burda da Müşfiqabad qəsəbəsində olduğu kimi ayrıca məktəb binası tikilsəydi yaxşı olardı. Tədrisdə heç bir problem yoxdur, uşaqlar dərsdən yayınmır, prezident təqaüdçümüz olur, amma ayrıca məktəb binası yox, mənzildir. Mənim dərs dediyim 2-ci sinifdə 11 şagird var, çünki otaq çox darisqaldır, bundan artıq şagirdin əyləşməsi mümkün deyil. Məktəb köçürüləndə gərək burda dərs deyən müəllimləri də nəzərə alaydılar. Şəxsən mən məktəbə gəlmək üçün 3 marşrut dəyişirəm, eyni qayda ilə də məktəbdən evə qayıdıram. 230 manat əmək haqqı alıram və bunun azı 60 manatı yol puluna çıxır. Ailədə 5 nəfərik. Anam ömrünün 63 ilini müəllim olub, Ağdamın bəlkə də yarısı anam Zeynəb müəllimin şagirdi olub. Evdə işləyən təkcə mənəm, heç olmasa məktəb köçürülən zaman bizim vəziyyətimizi də nəzərə alaydılar. Onsuz da bizi yataqxanadan köçürəcəklər. Olmazdımı ki, məsələn mənə də elə bu qəsəbədən mənzil veriləydi? Əgər daimi mənzil vermək mümkün deyilsə, heç olmasa qışda müvəqqəti yaşamaq üçün bir otaq verilsin. Hər gün o qədər məsafəni gəlib-getmək problemdir. Yenə əvvəllər 155 saylı marşrut qəsəbənin yanından keçirdi, bir neçə aydır onu da xəttdən çıxarıblar, yolumuz bir az da uzanıb. İndi 3 marşrut dəyişməyə məcburam”.

Köçkün məktəblərinin əsas problemi- binasızlıq

Təhsil Nazirliyinin məlumatına görə, 1988-1993-cü illərdə Azərbaycanın işğal olunmuş rayonlarında ümumilkdə 693 məktəb dağıdılıb. Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həmin məktəblər bərpa olunsa da, say azalıb. 2014-2015-ci tədris ilində respublikanın şəhər və rayonunda kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin 611 məktəbi (əlavə 19 filial və sinif) fəaliyyət göstərib. Həmin məktəblərdə 7462 sinif komplektində 81290 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 13670 müəllim məşğul olur. Nazirliyin məlumatına görə, məcburi köçkün məktəblərində əsas problem müasir tipli müstəqil məktəb binalarının olmamasıdır. Bəzi məcburi köçkün məktəbləri ərazidəki digər məktəblərdə onlar üçün ayrılan sinif otaqlarında, yaxud yataqxanalarda fəaliyyət göstərir.
“Son dövrlərdə məcburi köçkünlər üçün tikilmiş qəsəbələrdə və digər bölgələrdə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Ağcabədi, Beyləqan, Ağdam, Füzuli, Goranboy rayonlarında müasir tipli məktəblər inşa edilir ki, onlarda da heç bir problem yoxdur” deyə nazirlik vurğulayıb. Amma məcburi köçkün məktəblərində təlimin səviyyəsi, maddi-texniki təchizat həmişə narahatlıq yaradıb ki, bu da zaman-zaman həmin məktəblərin ləvğ edilməsi təkliflərini hətta parlamentdə səsləndirlməsi ilə nəticələnib.

15 ildə 2349 nəfərlik artım

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə əvvəlki illərlə müqayisədə son zamanlar məcburi köçkün statuslu abituriyentlər arasında ali məktəblərə qəbul faizini artdığını bildirir. Əgər 2000-ci illə bu rəqəm 812 nəfər olubsa, 2014-2015-ci bu ildə 3161 məcburi köçkün tələbə olub. Ötən il ali məktəblərə qəbul imtahanlarının nəticlərinə görə (ənənəyə uyğun olaraq 2015-2016-cı tədris ili üçün statistik nəticələr gələn ilin fevralında TQDK tərəfindən təqdim olunacaq) “tələbə” adını qazanmış abituriyentlərinin faiz nisbəti ilə ilk 20-likdə yer almış rayonlardan 4-ü hazırda işğal altında olan və əhalisi məcburi köçkün şəraitində yaşayan rayonlardır- Cəbrayıl, Kəlbəcər, Laçın və Qubadlı. Bu rayonların reytinq cədvəlindəki yeri demək olar ki,10 ildir dəyişmir. Abituriyentlərin ali məktəblərə qəbulolma göstəricilərinə görə, Cəbrayıl 50,37 faizlə 17-ci, Kəlbəcər 49,54 faizlə 18-ci, Laçın 48,69 faizlə 19-cu, Qubadlı isə 48,39 faizlə 20-ci yerdədir. Paytaxt Bakı isə bu siyahıda 57,91 faizlə 3-cü yerdə olub.

Məktəb vəd olaraq qaldı

Qayıdaq yenə Mehdiabaddakı müvəqqəti məktəb məsələsinə. Qəsəbədə sakinlərin və şagirdlərin istəyinə uyğun məktəb binasını tikintisinin nəzərdə tutulduğu hələ 3 il bundan əvvəl elan olunmuşdu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin 2012-ci ildə mətbuata açıqlamasında şagirdlərin təhsildən kənarda qalmadığını bildirərərk gələcəkdə həmin ərazidə məktəb binasını tikiləcəyi vurğulanmışdı. Eyni fikirlər bu gün də təkrar olunur, amma bu dəfə məktəbin tikiləcəyi barədə əminliklə danışılmır. Komitənin mətbuat xidməti məktəbin olmadığı əraziyə ailələrin köçürülməsini belə əsaslandırır: “Şəhərcikdəki binaları komitə tikdirməyib. Binaları bir tikinti şirkəti tikib, Komitə həmin binalardakı mənzilləri şirkətdən alaraq məburi köçkünləri yerləşdirib. Şəhərcikdə Ağdam və Füzuli məktəbləri var. Yəni şagirdlər təhsildən kənarda qalmırlar”. Məktəblərin bundan sonra daha nə qədər mənzillərdə fəaliyyət göstərəcəyinə gəlincə isə, bu sualın dəqiq cavabı hec Dövlət Komitəsində də yoxdur.

“Bizə kompüter verin”

Qəsəbəni tərk edərkən meydançadakı balaca futbolçulara yaxınlaşırıq. Həvəslə, bir-birinin sözünü kəsə-kəsə özlərini təqdim edirlər. Tural Bəxtiyarov və Polad İbrahimov 34 saylı Zəngilan məktəbində, Vüqar Fətullayev 36 saylı Ağdam məktəbində oxuyur. Uşaqlar bəzi dostlarının Mehdiabad qəsəbəsində Qarabağ əlilləri üçün salınmış yaşayış massivindəki 3 saylı tam orta məktəbdə oxuduğunu deyir. Söhbətdən görünür ki, uşaqları əslində harda oxumaları o qədər də maraqlandırmır, onlar maraqlandıran başqa məsələdir. Həm də birini yox, hamısını.
– Xala, bizim məktəblərə də kompüter veriləcək?- deyə hamısı az qala bir ağızdan soruşur. Məlum olur ki, məktəbdə kompüter ancaq müəllimlər otağında və direktorun kabinetindədir. Ancaq zəruri hallarda həmin kompyuterlərdən istifadəyə imkan yaradılır. Uşaqlar isə ayrıca kompüter otağı istəyirlər.

P.S Bu məqalə \”Beynəlxalq Həyəcan\” təşkilatının \”Eşidilməyən səslər\” layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi \”Beynəlxalq həyəcan\” və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

Məcburi köçkünlərin mənzil-məktəbləri: vədlər və reallıq

Məcburi köçkünlərin mənzil-məktəbləri: vədlər və reallıq

Elnarə KƏRİMOVA
İnterpress.az