İnterpress.az bu dəfəki “Soröu”sunda bu olaya aydınlıq gətirməyə çalışıb. Sorğumuzda iştirak edən qələm əhlinin fikirlərini diqqətinizə çatdırırıq.
Zəka Vilayətoğlu: “Kəraməti yaradıcılıqdan məhrum etmək mümkün deyil”
“Kəramət Böyükçöl istedadlı gənclərimizdəndir. Bir çox yazıları, müsahibələri məndə maraq doğurub. Amma son zamanlar klassik şairlərimizi bir şair kimi inkar etməsi, hətta son dərəcə zəif şair adlandırması, öz doğma atasına xoşagəlməz münasibəti heç də təqdirolunan deyil. Rəşad Məcidə gəldikdə isə Rəşad bəyin, düşünürəm ki, yeni-yeni istaedadlı gənclərin yaradıcılığının təbliğində rolu az olmayıb. “525-ci qəzet” bu mənada çox böyük işlər görüb.
Məlumdur ki, içində nöqsanlara yol verən bir işçi çalışdığı qürumun rəhbərliyi tərəfindən töhmətləndirilir, müəyyən xəbərdarlıqlar edilir. Nəticə ürək açan olmayanda isə işdən azad edilir. Məncə, AYB-də də belə bir üsuldan istifadə olunmalıydı. Görünür, bu üsulun ən yaxşısı Kəraməti üzvlükdən azad etmək olub. Təbii ki, bununla Kəraməti müəyyən imtiyazlardan məhrum etmək olar, amma yaradıcılıqdan, yazmaqdan yox. Son olaraq, belə bir olayın baş verməsini istəməzdim. Bir daha bu məsələnin kökündə şəxsi münasibətlərin dayanması faktoru varsa, bu, yaxşı deyil.
İndi məni düşündürən bir məsələ də var;
görəsən, atasının üzünə ağ olan, atasını belə inkar edən bir gənc yazarla-oğulla bağlı ata hansı addımı atacaq”.
Səfər Alışarlı: “Bu demokratiyanı zədələyir”
“Mən belə “cazalandırılmaların” əleyhinəyəm. Əgər Kəramətin yazısı kiminsə xoşuna gəlməyibsə, ona yazı ilə cavab versin, yalan yazıbsa, təkzib tələb etsin, məhkəməyə müraciət etsin və s. Yazıçılar Birliyi beş-altı nəfərin kooperasiya idarəsi deyil ki, orada kefləri istəyəni etsinlər. Yazıya, özəl fikrə qarşı belə dözümsüz münasibət cəmiyyətdə demokratiyanın əsaslarını zədələyir”.
Elşad Barat: “Kəramət yazıçıdırsa, bir əsr də keçsə onu AYB-yə üzv edəcəklər”
“Əgər Kəramət yazıçıdırsa, bir əsr də keçsə onu AYB-yə üzv edəcəklər. Təbii ki, əgər AYB bir əsr sonra mövcud olsa. Rəşad Məcidə gəlincə, o, mənim bitirdiyim gənc ədiblərin rəhbəri olub, həmişə dəstək olub mənə”.
Şərafət Şəfa: “Mentalitetimizdə “olmazlar” deyilən bir şey var!”
“Bilirsizmi zamanın bütün etaplarında klassika ilə çağdaş arasında mübarizə olub. Bu təbii bir şeydi. Amma tənqidlə təhqiri səhv salmaq özü elə faciədi. Bizim milli mentalitetimizdə “olmazlar” deyilən bir şey var! Hər şeyi amadə etmək sadəcə düşmən əlinə verilən fürsətdi.
İnsanların bir-birlərinin üzərində hörmət, ehtiram kimi borcları vardır. Əsasən bunu qorumaq lazımdı. Həqarət, istehza, mənəmlik iddiası gənclərimizin ruhuna hakim kəsilib. Biz həqiqət deyilən şeydən danışarkən təkcə öz əhatəmizi deyil, kənardan bizə qulaq kəsilənləri də nəzərə almalıyıq.
Yetərincə tanınmış, vətənə, dövlətə yetərincə xidməti olan biri barədə danışarkən ehtiyatlı olmaq lazımdı. Çünki biz öz atalarımızdan, öz analarımızdan, qardaş-bacılarımızdan danışırıq..Və ən nəhayəti hər tərəfi düşmənlə əhatələnmiş vətənimiz Azərbaycandan danışırıq.
Adıçəkilən gənc də bizim övladımızdı. Biz onu kəsib ata bilmərik, əlbəttə. Amma bir şey də var ki, deyir, bircə dəfə tutduğun bilmədən bir iş olur, ikincisi təsadüf, üçüncü vərdiş olur….
Bəzi vərdişlər səbr kasasını doldurur və suyun da səbri daşanda bəndi-bərəni ağzına alıb aparır..”
Səxavət Məmməd: “Rəşad Məcid yəqin özünü yazıçı Anarın yerinə hazırlayır”
“Gülməli bir vəziyyətdi. Yazıçı, şair daim tənqidlərə açıq olmalıdır. Bir tənqidə görə kimisə bir qrumdan çıxarmaq məntiqsizlikdir. Rəşad Məcid “525 qəzetin”in baş redaktorudur. İndiyənə kimi tənqid etmədiyi şəxs, məmur qalmayıb. İndi o tənqidlərə görə onu ölkə vətəndaşlığından çıxarmalıdırlar? Kəramət Böyükçöl nə boyda fiqurdu ki, illərin qəzetçisi onun bir tənqidinə dözməyib?
Nə AYB-də, nə də Azərbaycan yazıçılarında inkişaf görmürəm. Rəşad Məcid yəqin özünü yazıçı Anarın yerinə hazırlayır. Son zamanlar ən sevdiyim Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlıdır. Nə AYB-yə qarışır, nə də digərlərinə. Başın aşağı salıb yaradıcılığı ilə məşğuldur”.
İntiqam Valehoğlu: “Bəxtiyar Vahabzadəyə görə deyil, Rəşad Məcidə görə qovdular”
“Kəramətin son zaman yazdığı yazılar onu addım-addım AYB-dən çıxarılmasına aparırdı. Bu, qərar onun özü üçün də sürpriz olmamalıydı. Kəramətin başqa bir “özəlliyi” öz piarını lazımınca qura bilməsidir. Bu özəlliyi Seymur Baycanda da hiss etmişəm. Komplekssizdir, tənqiddən, hətta təhqirdən qorxmur. Məsələn, son aylarda yazdığı yazılardan, stauslardan sonra xeyli söyüş yiyəsi oldu, amma vecinə də olmadı.
İstənilən halda tənqidə dözümlü olmaq lazım idi. Əgər Kəramət AYB-dən məhz yazarlar haqqında yazdığı yazılara, səsləndirdiyi fikirlərə görə çıxarılıbsa, bunu çoxdan etmək lazım idi. İndiki halda belə görünür ki, Kəramətin məsələn, Bəxtiyar Vahabzadə haqqında yazdıqları qurum rəhbərliyinin vecinə olmayıb. Onlar məhz Rəşad Məcid haqqında yazıdan sonra gənc yazara qapını göstəriblər.
Kamaləddin Qədim: “Yazdıqlarını isə heç bəyənmədim”
“Kəramət Böyükçöl təkcə Rəşad Məcidi tənqid eləməyib… Bu səbəb ola bilməz…Onun tərəfindən son zamanlar klassiklərimiz barədə yazılanlar çox haqlı olaraq narazılıq doğurub. Əsas səbəb bu olar məncə.
Qaldı ki mənim bir istedadlı gənc kimi Kəramətə böyük hörmətim var. Bəxtiyar Vahabzadə kimi bir şairimiz haqqında yazdıqlarını isə heç bəyənmədim. Keçmişinə güllə atanı gələcək topa tutar. Bunu da unutmasın Kəramət”.
Xalid Kazimli: “Ədəbi avtoritetlər bu cür hallarda təmkinli və içiböyük olmalıdırlar”
“Bu qərarı doğru-dürüst bir qərar saymıram. Hər dəfə bir söz deyəcəyik, bir məqalə yazacağıq, bizi üzv olduğumuz birlikdən, partiyadan, işdən çıxaracaqlar – bu demokratiya ilə bir araya sığan iş deyil. Amma Kəramətin bəxti gətirib, sovet dövründə bu cür adamları ölkədən də çıxarırdılar. Sovet dövrünün düşüncələrindən qurtulmaq lazımdır. Bizi tənqid edənlər daima arı kimi qulağımızın dibində vızıldasalar da, dözməliyik.
Bu, tənqidə dözümsüzlükdən irəli gəlir. Məncə, ədəbi avtoritetlər bu cür hallarda təmkinli və içiböyük olmalıdırlar, tənqidçilərini bir çay süfrəsi arxasında polemikaya dəvət edib deməlidirlər ki, əsas iradlarını bildirsinlər və əks arqumentləri dinləsinlər”.
İnterpress.az