Beşinci çağırış Milli Məclisə seçkilər öncəsi ölkə prezidenti cənab İ.Əliyevin bəzi təbəqələrdən olan vətəndaşların Millət Vəkili seçilməsinə məhdudiyyət qoyulması barədə göstərişlərinin bir qismi həyata keçdi. Belə ki, bir əlində 2-3 qarpız tutmuş bir qrup Millət Vəkilləri (rektorlar, biznesmenlər və s.) abır-həyanı gözləyərək bir vəzifəni icra etməyi üstünlük verdilər. Çox təəssüf ki, belələrinin sayı az oldu.
Yeri gəlmişkən, son zamanlar ölkə prezidentinin cəmiyyətimizin sağlam qüvvələrinə müraciəti və xalqın dəstəyinə arxalanaraq ölkədə tüğyan edən korrupsiyaya, rüşvətxorluğa, talançılığa, qudurğanlığa qarşı apardığı kəskin mübarizə sıravi vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanmış, ölkə rəhbərinin reytinqini birə beş artırmışdır. Bundan sonra da vəzifə daşıyan bütün dövlət məmurlarının vəzifə fəaliyyəti ciddi yoxlanılmalı, günahkarlara ciddi cəza verilməlidir. Xalq ölkədə başlanmış bu prosesin davam etdiriləcəyinə və dövlətimizdə belə neqativ halların kökünün kəsiləcəyinə inanır.
Qeyd etmək lazımdır ki, Milli Məclisə seçkilərdə yenə də 2-3 vəzifəni təkbaşına icra etməyi qarşısına məqsəd qoymuş keçmiş Millət Vəkillərindən bir qismi yenidən deputat seçildilər. Lakin onlar belə tez toy-bayram etməyə tələsməsinlər. Ölkə rəhbərinin adı ilə bağlı yayılmış xəbərdə bildirilir ki, yeni seçilmiş deputatlar icra etdikləri vəzifələrə deputatlıqla uzlaşmadıqda ikisindən birinə xitam verməlidirlər.
Azərbaycan Respublikası “Seçki Məcəlləsi”nin tələblərinə uyğun olaraq deputatlığa namizədliklərini irəli sürən şəxslər müvafiq DSK-ya öhdəlik ərizəsi təqdim edir və orada göstərirlər ki, millət vəkili seçilərsə, onun fəaliyyəti ilə uzlaşmayan işinə xitam verməlidir. Əks halda, bu öhdəliyə əməl etməyən deputatın mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilməlidir. Bu günümüzədək həmin tələbə əməl edilmədiyindən seçicilər Millət Vəkilini çıraqla axtarıb tapa bilmirlər. Onlar beş ilin tamamında peyda olurlar. Milli Məclisin yeni tərkibi ilə tanış olduqda gənclərin, qadınların, orta yaş təbəqəsində olan deputatların sayının artımı hiss olunur. Lakin hələ də ömrünü Milli Məclisdə başa vurmağı qarşısına məqsəd qoymuş, iş potensialını itirmiş deputatların ön cərgədə yer tutduqları görünür.
Milli Məclis elə bir qanunverici qurumdur ki, iqtidar və müxalifət yönümlü Millət Vəkili olmasından asılı olmayaraq burada savadlı, işgüzar, mənəvi cəhətdən saf, təmiz əqidəli deputatlar çalışmalıdır. Burada peşəkar hüquqşünaslara, iqtisadçılara, maliyyəçilərə, elm, təhsil xadimlərinə və digər sahələrin savadlı mütəxəssislərinə üstünlük verilməlidir. Xalqının, millətinin, ən azından gündəlik problemləri ilə bağlı müvafiq qanunların qəbul edilməsi və həyata keçirilməsinə nail olmağa çalışan deputatlara böyük ehtiyac vardır. Etiraf etmək olar ki, yeni seçilmiş deputatlar arasında savadlı, peşəkar, millətinin taleyini düşünən Millət Vəkilləri az deyildi. Lakin istər müxalifət, istərsə də iqtidar cərgəsindən olan, hərtərəfli inkişaf etmiş, əsl millət vəkili olmağa layiq olan tanınmış ziyalılar, vətənpərvər insanlar “müxtəlif səbəblərdən” Milli Məclisə seçilməsinə imkan verilmədi. Belələrinin seçilməsi xmillətin böyük arzusu idi…
Milli Məclisə seçkiləri kompaniyasında müxtəlif naqisliklər meydana çıxdı ki, bu da seçkilər prosesində gərginlik yaranmasına səbəb oldu. Seçki Məcəlləsindəki müəyyən boşluqların olmasından və bu qurumu dolanışıq mənbəyi kimi tanıdan bəzi keçmiş deputatların naqis əməllərinin nəticəsi olaraq, Milli Məclisin nə olduğunu dərk etməyən, oranı gəlirli iş yeri hesab edən naxırçılar, çobanlar, taksi sürücüləri, santexniklər, xoruz döyüşdürənlər, it boğuşduranlar, toyxana müğənniləri və başqaları da namizədliklərini irəli sürdülər. Bir tərəfdən də bu qəbildən olan adamların əksəriyyətinin məqsədi deputat olmaq yox, kimlərdənsə pul qoparmaq məqsədi güdürdülər və buna nail oldular. Namizədliyini geri götürülməsi prosesi başladı və onlara tula payı verib seçkilərdən uzaqlaşdırdılar. Təsadüfi deyil ki, namizədliklərini irəli sürənlərin təxminən yarısı “baş namizədə” mane olmamaq üçün namizədliklərini geri götürdülər.
Təəssüf hissi doğuran məsələlərdən biri də ondan ibarətdir ki, ölkədə zurna çalmağı, sağa-sola şıllaq atmağı, telekanallarda gecə-gündüz bayquş kimi ulamağı ilə tanınan, özünü “sanatçı” hesab edən bir qrup qabiliyyətsiz sənət adamları “ayrı-ayrı iyrənc yollarla” namizədliklərini qeydə aldıra bildilər. Onlar seçilmədiklərinə görə bu gün də hər cür qeyri-qanuni yollara əl atırlar.
Apardığımız araşdırmaların nəticəsində belə qənaətə gəldik ki, Milli Məclis tərkibinə təsadüfi adamların yer almaması üçün “Seçki Məcəlləsi”nə müəyyən dəyişikliklər və əlavələr edilməlidir.
– Milli Məclisə namizədlərin yaşı 35-dən yuxarı olmalı;
– Ali təhsilli, öz ixtisası üzrə ən azı 10 il əmək stajı olmalı;
– I və II qrup əlillərin namizədliyinin irəli sürülməsinə yol verilməməli;
– Ölkənin ictimai-siyasi həyatında, ən azı ictimai birliklərin tərkibində ən azı 5 il fəaliyyət göstərməli;
– Ən azı 2 xarici dil bilməli (ingilis dili əsas olmaqla);
– Namizədliyini irəli sürərkən yalnız bir vəzifə icra etməli, deputat seçildiyi təqdirdə həmin vəzifəyə xitam verməli;
– Namizədliyi qeydə alınması üçün müvafiq Seçki Dairəsi ərazisindən seçicilərin ən azı 50%-nin dəstək imzalarının toplamalı;
– Sənədləri təqdim edərkən ümumi savad səviyyəsinin yoxlanılması üçün DSK-nın şifahi sorğusundan keçməlidir.
Bu və ya digər məsələlər həyata keçirilərsə, təsadüfi adamların Milli Məclisə axınının qarşısı alına bilər.
Milli Məclisdə seçkilər başa çatdı. Yeni tərkibə nəzər saldıqda görürük ki, yenə də tanış sifətlər, tanış üzlər, tanış baxışlar əksəriyyət təşkil edir. Kimin necə və ya hansı yollarla Millət Vəkili seçilməyi araşdırmağın da əhəmiyyəti yoxdur. Xalqın deputatlardan bir təvəqqəsi və tələbi var – gündəlik ağrılı-acılı problemlərin aradan qaldırılması, xalqın mənafeyinə uyğun müvafiq qanunların qəbul edilməsi və həyata keçirilməsi yolunda əməli fəaliyyət göstərmək! Hər bir Millət Vəkilinin xalqın mənafeyini müdafiə edən məsələlərlə bağlı xüsusi platforması olmalıdır. Bugün həll olunması tələb olunan problemlərdən bir qisminin təcili həyata keçirilməsi hər bir deputatın nəzər-diqqətində olmalıdır:
• Rüşvətxorluq, korrupsiya və talançılığın kökünü kəsmək üçün müvafiq qanunlar qəbul etmək.
• Sahibkar və biznesmenlərin geniş fəaliyyətinə şərait yaratmaq.
• Fermerler və kəndlilərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazara daxil olmasına şərait yaratmaq.
• Gündəlik tələbat mallarının qiymətlərinin artırılmamasını nəzarətdə saxlamaq.
• Ölünü dəfn etmək üçün torpağın satılmasının qarşısını almaq.
• Kimliyindən asılı olmayaraq, dəfn mərasimlərinin İslam dininin çərçivəsində keçirilməsinə nail olmaq (Naxçıvan Muxtar Respublikasında olduğu kimi).
• Toy mərasimlərində bir yerin (stulun) qiymətinin 25 manatdan baha olmamasını təmin etmək.
• 500.000-dən artıq sənədsiz evlərin sənədləşdirilməsinə nail olmaq və kommunal xərclərin ödənilməsinə cəlb etmək.
• Maşın tıxaclarının aradan qaldırılması üçün xarici ölkələrin bir qismində olduğu kimi, böyük şəhərlərdə cüt rəqəmli nömrəsi olan maşınların həftənin cüt günlərində, tək rəqəmli nömrəsi olan maşınların isə həftənin tək günlərində istifadə edilməsini (xüsusi təyinatlı maşınlardan başqa) qanuniləşdirmək.
• Dağlıq Qarabağ torpaqlarının azad etməkələ yanaşı İrəvan xanlığı torpaqlarını da erməni quldurlardan azad etmək yolunda xüsusi fəaliyyət göstərmək.
• Əmək haqları və pensiyaların artırılmasına nail olmaq.
• İş yerinin açılması ilə əhalinin, xüsusən gənclərin işlə təmin edilməsinə xüsusi diqqət yetirmək.
• Din xadimlərinin özbaşınalığının və dini fanatizmin qarşısını almaq.
• Vətəndaşlar tərəfindən müstəqillik illərinin əvvəllərində (1991-1993-cü illərdə) ölkə banklarına qoyulmuş və dəyərini itirmiş əmanətlərin alıcılıq dəyəri bərpa edilməklə sahiblərinə qaytarılması məsələsinin həll edilməsinə dair qanun qəbul etmək.
• Dövlət məmurları və biznesmezlər tərəfindən dənizkənarı çimərliklərə çəkilmiş “sunami” daş hasarlarının sökülməsinə və əhalinin pulsuz istirahət etməsinə şərait yaradılmasını təmin etmək.
• Çörəyin və un məhsullarının qiymətlərinin stabilləşməsi yolunda xüsusi qanunlar qəbul etmək və keyfiyyətsiz məhsulların istehsalının qarşısını almaqla bu nemətin zibil qutularına atılmasına, mal-qaraya, donuzlara yedizdirilməsinə son qoymaq.
• Respublika televiziya kanallarında milli mentalitetimizi ləkələyən verilişlərin qarşısını almaq üçün müvafiq qanunlar etmək.
Bütün bu və ya digər problemlərin həll edilməsi üçün Milli Məclisin nəzdində, hansı formada olursa-olsun, qanunların icra edilməsinə nəzarət qurumunun yaradılması ən vacib məsələlərdən biridir. Ona görə ki, Milli Məclis tərəfindən qəbul edilmiş müvafiq qanunlar bir sıra aidiyyəti dövlət qurumları tərəfindən lazımsız kağız parçası kimi qəbul edilir.
Azərbaycan xalqı Sizdən cəmiyyətin mənafeyi naminə səmərəli qanunların qəbul edilməsi yolunda ciddi fəaliyyət gözləyir.