Azərbaycanda cinsi azlıqlar əsgər getməlidirmi?backend

Azərbaycanda cinsi azlıqlar əsgər getməlidirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin, Azərbaycanda sünnətdən sonra ikinci kişilik məktəbi hesab olunan əsgərlik məsələsi daha həssasdır. Cəmiyyət olaraq əsgərliklə bağlı mental dəyərlərimiz dəyişməzdir. “Hər kişi bu yolu keçməlidir” deyib, iş yerlərində belə, əsgərə getməyənləri dövlət işinə götürmürlər. Azərbaycanda tabulaşmış dəyərlərə görə cinsi azlıqlar nəinki tibb komissiyalarında, heç ailəsində belə cinsi azlıqlardan olduğunu etiraf edə bilmirlər. Deməli mental olaraq Azərbaycan cəmiyyətində cinsi azlıqlara yanaşma demək olar ki birmənalıdır. Yəni cəmiyyət cinsi azlıqları kor-koranə şəkildə kənara itələyir. Amma bütün hallarda Azərbaycanda cinsi azlıqlar var və onların problemləri də sayları kimi getdikcə artmaqdadır. Bu problemlərdən biri də hərbi xidmətdir. Hamımız yaxşı bilirik ki, cinsi azlıqlar hərbi xidmət zamanı zorlamalara və təhqirlərə məruz qalırlar. Elə buna görədir ki, qonşu Türkiyədə və İranda əsgərliyə getmək istəməyən cinsi azlıqlar tibbi arayış əsasında hərbi xidmətə aparılmır. Yəni çağrışçı özünün cinsi azlıqların nümayəndəsi olduğunu şəkillər və tibbi arayışla sübut edərsə, onu evinə geri qaytarırlar. Bu halı Türk Silahlı Qüvvələri “Psixosexual pozuqluq” adlandırsa da İnkişaf etmiş ölkələrin psixologiya elmi hələ 70-ci illərdə homoseksuallığı psixoloji xəstəliklər siyahısından çıxarıb.

Bəs Azərbaycanda bu problem necə həll edilir?

Ekspert Üzeyir Cəfərov deyir ki, çağırışçıların cinsi azlıq olduğunu hərbi xidmət prosesində müəyyən etmək mümkün olur: “Mən uzun illər hərbi xidmət keçmiş bir peşəkar şəxs kimi deyə bilərəm ki, əvvalal hərbi xidmətə çağırış zamanı heç kim kimin kim olmasını demək olar ki, bilmir və sizin qeyd etdiyiniz o cinsi azlıqları hərbi xidmət prosesində müəyyən etmək mümkün olur. Bu hal müşahidə edildikdə, sözsüz ki, komandanlıq zəruri olan tədbirləri görür və o, şəxslər dərhal şəxsi heyətdən kənarlaşdırılır”. Hərbi ekspert qeyd edir ki, sonradan hansısa ciddi fəsad və problemlərin yaşanmaması üçün onlar maksimum ciddi nəzarətə alınır və tibbi müalicə ocaqlarına göndərilir: “Əgər onlar sonradan xidmətlərini davam etdirmək iqtidarında olurlarsa, artıq əvvəlki hərbi hissələrinə deyil, tamam başqa xidmət yerlərinə yönəldilirlər. Ən əsası isə onların davranışlarına zabit və kiçik komandirlər tərəfindən lazım olan nəzarət həyata keçirirlir. Bildiyim qədər, həmin kateqoriyadan olan əsgərlərdən bəziləri sağalmış insanlar kimi öz əsgəri xidmətlərini keçir və ailələrinə qayıdırlar. Lakin, elələri də olur ki, onlar bu ağır bəladan qurtula bilmədiklərinə görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunurlar. Hesab edirəm ki, çoxdan qəbul olunması gözlənilən, lakin ölkəmizin müharibə şəraitində olması əsas gətirilərək qəbulu ləngiyən “alternativ xidmət” haqqında qanun tez bir zamanda nəhayət ki, qəbul edilməlidir və bu cür insanlar əsgəri xidmətlərini digər dövlət və hökumət strukturlarında keçməlidirlər”.

Beynəlxalq dərəcəli hüquqşünas Ataxan Əbilov isə deyir ki, bu çox dərin məsələdir: “Qoyduğunuz suala cavab vermək üçün problemin fəlsəfi, sosial, tibbi əsasları işlənib hazırlanmalıdır. Amma ümumi şəkildə qeyd etmək istərdim ki, problem kompleks şəkildə öyrənilməlidir. Ona elmi yanaşma olmalıdır. Bu kiminsə arzu və istəyi ilə həll olunan məsələ deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, əsgərlik xidməti ümumi olmalıdır, yəni bütün vətəndaşlara şamil edilməlidir. Müasir dövrdə bir sıra dövlətlərdə müdafiə nazirliyinə qadınlar rəhbərlik edirlər. Bu istiqamətdə xidmət şəraitinin fərdin vəziyyətinə və fiziki imkanlarına uyğunlaşdırılmasına diqqət yönəltmək lazımdır. Xalqımızın mentaliteti qoyduğunuz problemə müsbət cavab verə bilməz. Əksinə, düşünürəm ki, dediyinizin əksi olan proses baş verəcək. Hətta bu sahədə qusurlu olan insanlar belə qusurlarını gizlətməyə üstünlük verəcəklər”…

Mövzu ilə bağlı Müdafiə Nazirliyinin münasibətini öyrənmək istəsək də cavab ala bilmədik. Iki gün ərzində nazirliyə etdiyimiz zənglər cavabsız qaldı.

Abuzər

P.S: Bu mövzu ilə bağlı saytımızda sorğu da var. Sorğuda iştirak edə bilərsiniz