Nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilməklə, ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə edilən ümumi hasilatın həcmindən 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməsi nəzərdə tutulur: “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərin ticarət dövriyyəsi 200.000 manatdan artıq olduqda onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcəkdir. Belə ki, sadələşdirilmiş vergini ödəyən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər ƏDV-nin, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər”.
Nazirlik rəsmisi deyib ki, qanunlaraı pozanlar maliyyə sanksiyaları ilə üzləşəcəklər: “Dövriyyəsi 200.000 manatdan artıq olan və ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edərkən, Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri təqvim ili ərzində birinci dəfə pozulduqda belə şəxslərə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Sözügedən iki sektorda çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslər, vergi hüquqpozmalarına yol verdikləri təqdirdə, əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası ilə üzləşəcəklər.
Maliyyə sanksiyalarının artırılması vergi ödəyicilərinin məsuliyyətinin artırılması istiqamətində atılmış addımdır. Burada məqsəd sahibkarı cərimələmək yox, vergidən yayınmanın qarşısını almaq, dövriyyəni artırmaq və vergi məsuliyyətini genişləndirməkdən ibarətdir. Bu isə öz növbəsində vergi hüquq normalarına əməletmə mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Vergi ödəyicisi öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələri əsasında fəaliyyət göstərməlidir. Dövlətin sözügedən kateqoriya vergi ödəyicilərinə sadələşdirlmiş rejimdə fəaliyyət göstərmək imkanı yaratması qarşılığında, sahibkarlar da vergidən yayınma hallarına yol verməməlidir”.(qafqazinfo)