Yol polislərinin gizli fəaliyyəti birmənalı qarşılanmadıbackend

Yol polislərinin gizli fəaliyyəti birmənalı qarşılanmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə mətbuata Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Gizli Yol Patrul xidmətinin fəaliyyətə başladığı ərzilərdə yol-nəqliyyat hadisələri azalmaqdadır.

Gizli Yol Patrul xidmətinin effektivliyindən danışan K.Əliyev qeyd edib ki, Avropanın bir çox ölkəsində bu tətbiq olunur: “Bakıda bu il noyabr ayınınn 15-dən Gizli Yol Patrul xidmətinin tətbiqi yollarda qəzaların sayını xeyli azaldıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir”.

K.Əliyev qeyd edib ki, Gizli Yol Patrul xidmətini sürücülər hiss edə bilməz: “Çünki sözügedən xidmətin əməkdaşları dövlət yol polisinin istifadə etdiyi “BMW” markalı avtomobillərlə hərəkət etmirlər. Müxtəlif markalı avtomobillər var, hətta onların arasında mikroavtobus da var. Onlar heç bir avtomobili saxlamırlar. Yəni onların hansısa nəqliyyat vasitəsini saxlamaq səlahiyyəti yoxdur. Çünki onlar mülki avtomobillərdir”.

Kamran Əliyev açıqlama verərkən avtomobillərin mülkü olduğunu qeyd etsə də polislərin geyiminə toxunmayıb. Gizli Yol Patrul Xidmətinin əməkdaşlarının geyimləri necə, mülkü olacaq ya xidməti? Bu məsələ ilə bağlı saytımıza məlumat daxil olub və məlumatda deyilir ki, bu xidmətin əməkdaşlarının geyimləri də mülki olacaq. Bu məlumatın doğruluğunu yoxlamağa cəhd etsək də Kamran Əliyevdən açıqlama ala bilmədik.

Onsuz da yol polislərinin avtomobil yolunun kənarında gizli radar quraşdırması hər zaman vətəndaşların narazılığına səbəb olub. Hələ də ölkə ərazisindəki yolların bəzi hissələrində sürət ölçən cihazı gizlədən polislər mövcuddur.

Məsələ ilə bağlı İnterpress.az-a açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev bunun qanunazidd olduğunu iddia etdi: “Mülki geyimdə yalnız əməliyyatçı polislər ola bilər. Digər tərəfdən bu geyimdə yalnız məxfi əməliyyat xidmətinin əməkdaşlarının fəaliyyət göstərmək icazəsi var. Yol polisinə mülki paltar geyindirəndən sonra onun təhlükəsizlik kamerası olmayan ərazilərdə xidməti işini həyata keçirməsinin nə mənası var?”.

“Yol polislərinin belə bir səlahiyyətləri yoxdur”

Ekspert hesab edir ki, yol polisinin gizli fəaliyyətə keçməsi onların nüfuzdan düşməsi anlamına gələ bilər: “Belə çıxır ki, polislər vətəndaşların onların xidməti libasına, maşınına əhəmiyyət verməyəcəkləri qədər nüfuzdan düşüblər. Bu səbəbdən də bunlar gizli fəaliyyətə keçmək istəyirlər. Bunun özəl nə mənası var ki? Elə öz xidməti maşınında, ximdəti libasında fəaliyyət göstərsinlər də. Fikrimcə, hələ ki, şayiə kimi yayılan və yol polislərinə şamil edilən bu fəaliyyət həyata keçməyəcək. Çünki yol polislərinin belə bir səlahiyyətləri yoxdur ki, onlar gizli fəaliyyət göstərsinlər. Məncə, bu layihənin həyata keçməsinə DİN tərəfindən icazə verilməz”.

M.Hacıyev həmçinin yol kənarlarında quraşdırılan gizli radarlar haqqında da fikirlərini bölüşüb. Hüquqşünas qeyd edib ki, qanunsuzluğa qarşı qanunsuz mübarizənin özü cinayətdir: “Avtomobil yollarının kənarlarında gizli radarların quraşdırılması qanun pozuntusudur. Dövləti təmsil edən istənilən hakimiyyət nümayəndəsi qanunsuzluqla şəffaf mübarizə aparmalıdır. Axı qarşıda sürət ölçən cihazın yaxınlaşdığı xəbərini bildirmək üçün xüsusi yol nişanları var. Buna görə, gizlənərək yox, elə açıq-aşkarcasına sürücülər arasında maarifləndirmə işləri aparmaq lazımdır. Gizli radardan, gizli mülki geyimdən istifadə hüquqi-demokratik dövlət üçün zəruri deyil”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə interpress.az-a verdiyi açıqlamada mülki geyimli yol polis işçilərinə ehtiyac olduğunu bildirib. O, bunun hətta zəruri olduğunu da vurğulayıb. Ə.Hüseynov qeyd edib ki, bu layihə qanunda da öz əksini tapıb: “Mən bu hadisəni müsbət dəyərləndirirəm. Ona görə ki, gizli yol patrul xidməti qanunvcericilikdə nəzərdə tutulub. Burada qeyri-adi heçnə yoxdur. Sürücünün vəzifəsidir ki, avtomobilini qanuna uyğun olaraq idarə etsin. Əgər belə olarsa, bunun sürücülərə nə məfi, nə də müsbət təsiri ola bilməz. Yol patrul sahəsində qanunun tələblərinə əməl etməklə polis işçilərinin gizli fəaliyyət göstərməsi mümkündür”.

“Yol polis işçilərinin gizli fəaliyyət göstərməsi qanunauyğundur”

Ə.Hüseynov Mahmud Hacıyevdən fərqli olaraq, yol polis işçilərinin gizli fəaliyyət göstərməsini qanunauyğun olduğunu deyib. Ə.Hüseynovun sözlərinə görə, gizli fəaliyyət dövlətin bir sıra qurumlarına xas olan iş fəaliyyətidir:“Yol Patrul Xidməti haqqda təlimatda qeyd olunub ki, patrul işçiləri fəaliyyətlərini gizli həyata keçirə bilərlər. Gizli fəaliyyət cinayətlərin aradan qaldırılması üçün həyata keçirilən bir tədbirdir. Bu fəaliyyət isə təkcə polis sistemində deyil, ümumiyyətlə, gizli fəaliyyətlə gömrük, vergi, sərhəd ximdəti və təhlükəsizlik xidmətinin əməkdaşları da məşğul ola bilərlər. Çünki onların bu fəaliyyətində cinayətin aradan qaldırılması üçün gizli əməliyyat işi var”.

Mülki geyimli polis nəfərlərinin gizli fəaliyyəti növbəti pul tələsidir, yoxsa, həqiqətən də sürücülərin təhlükəsizliyinə yönələn ximdətdir?

Ekspert cərimələrdən toplanan vəasitlərin dövlət büdcəsinə axmasından da danışıb. O qeyd edib ki, YPX-nın əməkdaşlarının topladığı cərimələr elə YPX-nın özfəaliyyətinə sərf oluna bilər. Onun sözlərinə görə, bu cərimələr dövlət büdcəsinə o qədər də təsir etmir: “Azərbaycanda bütün qanun pozuntularına görə cərimələr yazılsa belə, büdcəyə yollanan vəsait çox kiçik həcmdə olacaq. Cərimələrdən toplanmış vəasitlər dövlət büdcəsində çox çüzi məbləğ təşkil edir. İl ərzində yol hərəkət qaydalarının pozulmasından yığılan cərimələrin məbləği 60-70 milyon manat arasında dəyişir. Bu məbləğ isə respublikanın bir rayonunun büdcəsi belə deyil”.
Qeyd edək ki, mülki geyimli polis işçilərinin gizli fəaliyyəti sürücülər tərəfindən də birmənalı qarşılanmayıb. Apardığımız müşahisələr əsasında məlum oldu ki, polisin gizli fəaliyyətindən narazı qalan sürücülər çoxluq təşkil edir. Sürücülər bunu heç də onların təhlükəsizliyinin təmin edilməsinə yönələn addım kimi dəyərləndirmirlər.
Şəhərdə taksi sürücüsü kimi fəaliyyət göstərən İsfəndiyar Ağayev bildirib ki, bu layihə məhz dövlət büdcəsində vəsait axınını təmin etmək üçündür: “Gizli yol polsilərinin fəaliyyəti fikrimcə, heç də biz sürücülərin təhlükəsizliyinə yönələn xidmət deyil. Onsuz şəhərdə və magistral yollarda kifayət qədər təhlükəsizlik kameraları var. Addımbaşı cərimələrlə üz-üzə dayanırıq. Bir sürücü kimi deyə bilərəm ki, mən əgər qanunauyğun olaraq avtomobilimi idarə edirəmsə, axı polisin gizli fəaliyyəti nəyə lazımdır?”

Sürücü Sübhan Ağayev isə hesab edir ki, qanuna riayət edən sürücü üçün bunun heç aidiyyəti yoxdur: “Mənim üçün polisin gizli fəaliyyət göstərməsinin heç bir fərqi yoxdur. Mən avtomobilimi düzgün idarə edirəm. Tələb olunan sürətlə hərəkət edirəmsə, bundan heç də nigaran deyiləm”.

Səid
İnterpress.az