Devalvasiya Qafqazın ən böyük alış-veriş mərkəzlərindən olan \”Binə\” və \”Sədərə\”yə də təsir edib.
Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsindən sonra dolların manat qarşısında bahalaşması Qafqazın ən böyük alış-veriş mərkəzlərindən olan Binə və Sədərəyə də təsir edib.
Bu təsir satışın başka sektorlarından, yəni ərzaq və meyvə-tərəvəz bazarından olduğu kimi kəskin qiymət artımı ilə deyil, daha çox alıcılıq qabiliyyətinin aşağı düşməsilə özünü göstərib.
“Cərgələr boşdur. Bir dənə də olsun alıcı yoxdur. Qiymətləri aşağı salmışıq, amma yenə də gəlib alış-veriş edən yoxdur”, – deyə satıcı bildirib.
Alıcılıq qabiliyyətinin aşağı düşməsi və manatın devalvasiyası sahibkarların borcunun artmasına, gəlirlərinin isə azalmasına səbəb olub.
Əsasən Türkiyə və Çindən gətirilən mallar dollarla alınıb manatla satıldığından, satışa qoyulan mallar isə alınmadığından sahibkarlar müflis olmaq həddinə çatıb.
Sahibkarlar zərərin miqyası artmasın deyə mağazaları təhvil vermək məcburiyyətində qalıblar. Mağazaların ard-arda bağlanması bazar rəhbərliyini icarə haqqları ilə bağlı bir sıra güzəştlər etməyə məcbur edib.
Sahibkarlarla söhbətimizdə onlar vəziyyətdən çıxış yolu kimi icarə haqqları ilə bağlı daha çox güzəştlər gözlədiklərini bildirdilər.
Bununla bağlı bazar rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, onlar müraciətimizə cavab vermədi.(anspress)
İnterpress.az